Ermənistanın Baş prokuroru “1 Mart” işi barədə: “Həmin şəxslər köhnəlmə müddətinin tətbiqi əsasında məsuliyyətdən azad oluna bilməzlər”

2026/05/1778149887.jpg
Oxunub: 399     14:30     07 May 2026    
Ermənistan Baş Prokurorluğunun 2025-ci il fəaliyyəti ilə bağlı parlamentdə keçirilən hesabat çıxışı zamanı Ermənistanın Baş prokuroru Anna Vardapetyan səsləndirilən sual və müraciətlərə qısa şəkildə toxunub.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistan KİV-ləri məlumat yayıb.

Müxalif erməni deputat Artur Xaçatryanın “1 Mart” hadisələri ilə bağlı sualını cavablandıran Vardapetyan bildirib ki, ona elə gəlirdi artıq bu məsələ ilə bağlı onunla danışmayacaq, lakin bu, parlament tribunasında Dövlət-Hüquq Məsələləri Komissiyasının iclasında dediklərini bir daha təsdiqləmək üçün imkandır.

Məhkəmə qərarlarını oxuyan Vardapetyan qeyd edib ki, məhkəmə Miasnikyan heykəlinin yaxınlığında toplaşan insanların aksiyasının spontan və təşkil olunmamış hadisələrin inkişafı nəticəsində baş verdiyini təsbit edib.

“Halbuki daha əvvəl Azadlıq meydanından nümayişçilərin dağıdılması – xatırladım ki, bu hissə ilə bağlı artıq məhkəməyə göndərilmiş ittihamlarımız var və yaxın vaxtlarda yeniləri də, o cümlədən bunun kobud xarakteri, həmçinin həmin gün baş verən bir sıra digər oxşar və nəzarətsiz hadisələr olacaq – əvvəlcədən planlaşdırılmış və təşkil edilmiş iğtişaş və ya çevriliş cəhdindən fərqli olaraq, zorakılığın sonrakı eskalasiyasında rol oynamış ola bilər.

Hökumətin iddialarını təsdiqləyən, ərazidə zorakılıq törədən nümayişçilərin əl istehsalı əşyalarla deyil, odlu silahlarla silahlandıqlarına dair, həmçinin ölümlərin nümayişçilərin qəsdən və ya hətta ehtiyatsızlıq nəticəsində törətdikləri hərəkətlər səbəbindən baş verdiyini sübut edən heç bir inandırıcı dəlil olmayıb...

Məhkəmə belə nəticəyə gəlib ki, gözyaşardıcı qaz və qumbaraların istifadəsi ilə bağlı aydın, detallı və məcburi təlimatların olmaması, uyğun hazırlıq və nəzarət boşluğu, həmçinin gözyaşardıcı qaz və qumbaraların vəziyyəti və tətbiqi ilə bağlı qeyd olunan problem müəyyən dərəcədə kütlənin idarə olunması üçün nəzərdə tutulmuş silahların – söhbət “Çeryomuxa”lardan gedir – təhlükəsizlik qaydalarına uyğun olmayan şəkildə istifadəsinə səbəb olub və nəticədə 3 nəfərin ölümünə gətirib çıxarıb.

Həmin qərarın 227-ci bəndində məhkəmə şübhədən kənar hesab edib ki, odlu silahla öldürülən digər 5 nəfərin ölümü dövlətin məsuliyyətinə aiddir”, - deyə Ermənistanın Baş prokuroru bildirib.

Onun sözlərinə görə, Avropa Məhkəməsinin yalnız “1 Mart” işi ilə bağlı bir sıra qərarları var.

“Farmanyan və digərləri Ermənistana qarşı”, ondan əvvəl isə “Muşeğ Sağatelyan Ermənistana qarşı”, “Miasnik Malxasyan Ermənistana qarşı”, “Dareskizb” MMC Ermənistana qarşı”, “Virabyan Ermənistana qarşı” işləri üzrə qəbul edilən qərarlarda məhkəmə sabit mövqe formalaşdırıb ki, bu cinayətlər vəzifəli şəxslərin zorakılıqla müşayiət olunan səlahiyyət həddini aşması ilə bağlıdır və bu halda köhnəlmə müddətinin tətbiqinə qanunvericilik qadağası mövcuddur.

Bunu daha sadə dillə desək, bu o deməkdir ki, həmin cinayətlərdə ittiham olunan şəxslər köhnəlmə müddətinin tətbiqi əsasında cinayət məsuliyyətindən azad oluna bilməzlər”, - deyə Ermənistanın Baş prokuroru bildirib.

“Vətəndaş Müqaviləsi” fraksiyasının deputatı Andranik Köçəryanın ordu korpusları ilə bağlı epizodların kölgədə qaldığı barədə bəyanatına cavab verən Vardapetyan vurğulayıb ki, onlar kölgədə qalmayıb.

“Ordu korpusları ilə bağlı istintaq hazırda kifayət qədər aktiv mərhələdədir və bildiyiniz kimi, “müdafiə ordusu” (ləğv edilmiş qanunsuz “hərbi birləşmə”-red.) da ordu korpuslarından biri idi və həmin statusa malik idi”, - deyə o qeyd edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Vardapetyan   Ermənistan  


Bizi "telegram"da izləyin