Erməni politoloq: “Makron İrəvanda Ermənistanın daxili həyatı ilə bağlı növbəti riyakar bəyanatla çıxış edib”

2026/05/1778138621.jpg
Oxunub: 473     14:32     08 May 2026    
“Fransa Prezidenti Emmanuel Makron İrəvanda Ermənistanın daxili həyatı ilə bağlı növbəti riyakar bəyanatla çıxış edib”.

Ordu.az xəbər verir ki, bu barədə erməni politoloq Suren Surenyants yazıb.

Onun sözlərinə görə, Makron “Mən Paşinyanı dəstəkləmək öhdəliyini üzərimə götürmüşəm” deyə bəyan edib və eyni kontekstdə Moldova Prezidenti Maya Sandunun da adını çəkib.

“Böyük dövlətin rəhbəri seçkilərə cəmi bir ay qalmış açıq şəkildə fəaliyyət göstərən baş naziri dəstəklədiyini bəyan edirsə, bu, həmin ölkənin daxili işlərinə açıq müdaxilədir.

Lakin daha diqqətçəkən məqam Makronun bu dəstəyi “demokratiyanın müdafiəsi” kimi təqdim etməyə çalışmasıdır.

Fransa Prezidenti xarici təsirin “icazəli” və “yolverilməz” formalarını ayırmağa çalışıb. Əgər Qərb dəstək verirsə, bu “demokratiyada iştirak” sayılır, əgər Rusiya təsir göstərməyə çalışırsa, bu “demokratiyanın saxtalaşdırılması” adlandırılır”, - deyə Surenyants qeyd edib.

Surenyants bildirib ki, məhz burada siyasi sinizm başlayır.

“Xarici aktorun suveren dövlətin daxili siyasi həyatına açıq dəstəyi “dəyərlərin müdafiəsi” və ya “demokratiyaya dəstək” adı ilə təqdim olunduğu üçün müdaxilə olmaqdan çıxmır.

Yəni məsələ xarici təsirin özü deyil, bu təsiri kimin həyata keçirməsi və kimin xeyrinə etməsidir. Beynəlxalq münasibətlər heç vaxt dəyərlər üzərində qurulmayıb. Böyük dövlətlər ilk növbədə öz maraqları əsasında hərəkət edirlər, onların addımlarının hansı mənəvi və ideoloji ifadələrlə təqdim edilməsindən asılı olmayaraq.

Fransa Ermənistanda abstrakt “demokratik missiya” həyata keçirmir. Parisin burada konkret geosiyasi maraqları var: Cənubi Qafqazda təsirini genişləndirmək, Rusiyanın mövqelərini zəiflətmək və Avropa siyasi iştirakını dərinləşdirmək.

Bu kontekstdə Paşinyan hakimiyyəti həmin siyasi xəttin tərəfdaşı və daşıyıcısı kimi qiymətləndirilir. Buna görə də Makronun dəstəyi konkret siyasi hakimiyyətə yönəlib”, - deyə erməni politoloq vurğulayıb.

Surenyants qeyd edib ki, Rusiyanın mümkün təsiri təhlükə kimi təqdim olunarkən Fransanın açıq dəstəyi “demokratiyada iştirak” kimi göstərilirsə, bu, demokratik institutların etibarlılığına zərbə vuran ikili standartlar sistemidir.

“Ermənistanda seçkilər tədricən geosiyasi rəqabət meydanına çevrilir və burada müxtəlif güc mərkəzləri artıq açıq şəkildə öz seçdikləri tərəfləri dəstəkləyirlər.

“Dəstək” harada bitir və “müdaxilə” harada başlayır? Bu, heç də ritorik sual deyil.

Makron əslində bu suala cavab vermədi. O sadəcə Qərb təsirinin “başqa xarakter” daşıdığını əsaslandırmağa çalışdı. Halbuki beynəlxalq münasibətlərdə bu “müstəsnalıq” tezisi həmişə ikili standartlara, siyasi sinizmə və kiçik dövlətlərin suverenliyinin dəyərsizləşdirilməsinə gətirib çıxarıb.

Paşinyanın “demokratiyası” müstəqil dövlət sistemi deyil, xarici təsirlərin mübarizə alətinə çevrilib. Seçkilər Parisin, Moskvanın və ya Brüsselin deyil, erməni xalqının qərarı olacaq. Bu, bizim seçki komandamızın qəti mövqeyidir”, - deyə Surenyants qeyd edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Surenyants   Ermənistan  


Bizi "telegram"da izləyin