Ordu.az xəbər verir ki, bu barədə “Ana Ermənistan” partiyasının sədri Andranik Tevanyan “Facebook” səhifəsində yazıb.
Tevanyanın sözlərinə görə, o zaman Qarabağ Azərbaycana təhvil verilib.
“İndi isə eyni şey Ermənistanla edilir. Yenə də 2022-ci ildə olduğu kimi, erməniləri Qərb-Rusiya qarşıdurmasının xırda puluna çevirməyin himayədarı Fransanın məşhur prezidenti Makrondur. Həmin Makron ki, Fransada onu hakimiyyətdən qovmağa hazırlaşırlar.
Nikol Paşinyan kreslosunu qorumaq və özünü xilas etmək naminə Ermənistanı geosiyasi qarşıdurmaların səhnəsinə çevirməyə razılaşıb və anti-Rusiya koalisiyasına qoşulub”, - deyə o qeyd edib.
Tevanyan bildirib ki, avropalılar ona dəstək vermək üçün gəliblər, lakin qiyməti artırıblar.
“Qarabağdan Rusiya qoşunlarını uzaqlaşdırdıqları kimi, indi də onları Ermənistandan çıxarmaq istəyirlər və Ermənistandan Moldova və Ukrayna rəhbərləri kimi öz ölkəsinin suverenliyini anti-Rusiya mübarizəsi naminə qurban verməsini tələb edirlər.
Nikol buna razılaşıb və bu bizim vəziyyətimizdə Türkiyə və Azərbaycanın gündəmini dəstəkləmək deməkdir. Çünki regionumuzda Qərbin anti-Rusiya gündəminin əsas moderatoru Türkiyə, əsas faydalananı isə Azərbaycandır.
Ermənistan bu günlərdə sözün əsl mənasında qarşıdurmaların səhnəsinə çevrilib. Bu səhnədə iki kukla, Paşinyan və Zelenski oynayır. Hər ikisi öz ölkələrini və xalqlarını xarici qüvvələrin maraqları naminə qurbanlıq kürsüsünə qoyublar.
Suverenlikdən, hibrid müharibələrin yolverilməzliyindən, sülhdən danışan Paşinyan hakimiyyəti Ermənistanın suverenliyini tarixi minimum səviyyəsinə endirib, Makronlar vasitəsilə ölkəmizə qarşı hibrid müharibə aparır və yeni müharibə ilə məğlubiyyətə şərait yaradır”, - deyə o bildirib.
Erməni partiya sədri vurğulayıb ki, təhlükəsizlik üçün sıfır təminat verən Makron Ermənistanda Rusiya hərbi bazasının çıxarılması lehinə çıxış edir.
“Makronlar Paşinyan və Zelenskidən Rusiyaya qarşı istifadə edirlər. Onları maraqlandırmır ki, nəticədə Ukrayna xarabalığa çevrilib, Ermənistan isə qurbanlıq quzu vəziyyətinə düşüb.
Əgər həmin ölkələrin rəhbərlərini öz xalqlarının taleyi maraqlandırmırsa, niyə Makronları maraqlandırsın? Ermənistanda Avropa adı altında günahsız tədbirlər keçirilmir, ölkəmizin hesabına anti-Rusiya hibrid müharibəsi aparılır. Biz bundan yalnız zərər görəcəyik.
Gürcüstan Saakaşvilini qovduqdan sonra bu roldan imtina etdi. Ermənistan isə Paşinyanı “saakaşvililəşdirməklə” belə bir imkan əldə edə bilər.
“Praqa-2”yə imkan verməmək üçün iyunun 7-də mütləq seçki məntəqələrinə getmək və bu hakimiyyəti rədd etmək lazımdır. Əks halda “Qarabağ”ın (ləğv edilmiş qondarma qurum-red.) taleyi Ermənistan üçün daha pis formada təkrarlanacaq.
Birləş ki, dəyişək”, - deyə Tevanyan bildirib.
Alpər Mövludoğlu
Ordu.az