Ordu.az xəbər verir ki, bu barədə “Euobserver” nəşri “Geosiyasi qeyri-sabitlik fonunda Ermənistan Avropa İttifaqına üzvlük növbəsində yerini tutmağa çalışır” başlıqlı məqaləsində yazıb.
Nəşr bildirib ki, mayın 5-də İrəvanda keçirilən ilk tarixi Avropa İttifaqı-Ermənistan sammiti zamanı Ermənistan Baş naziri Nikol Paşinyan hərbi orkestrin müşayiəti ilə Avropa Şurasının Prezidenti Antonio Koşta və Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayeni təntənəli şəkildə qarşılayıb.
“Tərəflər altı səhifəlik bəyannamə də imzalayaraq bunu ikitərəfli münasibətlərdə “tarixi mərhələ” adlandırıblar. Sənəddə Ermənistanın günəş energetikası, nəqliyyat infrastrukturu, eləcə də süni zəka və rəqəmsal texnologiyalar sahəsində Avropa İttifaqının investisiya proqramları nəzərdə tutulub.
“Global Gateway” strategiyası çərçivəsində Avropa İttifaqının Ermənistandakı investisiyalarının 2,5 milyard avroya çatacağı gözlənilir”, - deyə sənəddə qeyd olunub.
Çərşənbə axşamı keçirilən sammit son üç il ərzində Ermənistanın Rusiyanın təsir zonasından tədricən uzaqlaşmasının ən mühüm göstəricisinə çevrilib”, - deyə nəşr bildirib.
Müəllifin sözlərinə görə, Paşinyan bildirib ki, Avropa İttifaqının investisiya proqramı, həmçinin hüquqi və sənaye sahələrində yaxınlaşma ölkənin gələcəkdə birliyə üzvlüyünə yaxınlaşmasına kömək edəcək.
“Əgər Avropa İttifaqı bir gün bizi qəbul etsə, biz buna çox sevinəcəyik və böyük coşqu ilə qarşılayacağıq”, - deyə o qeyd edib.
Məqaləyə görə, Fon der Lyayen isə deyib: “Sizin 2018-ci il dinc məxməri inqilabınız ölkənin Avropanın əsas dəyərlərinə, demokratiya, qanunun aliliyi və fundamental azadlıqlara sadiqliyini göstərdi”.
Nəşr yazıb ki, o, həmçinin Avropa İttifaqı ilə vizasız rejim istiqamətində əldə olunan irəliləyişi xatırladıb və iyunda Ermənistanda keçiriləcək parlament seçkiləri zamanı Paşinyana Rusiya dezinformasiyasına qarşı mübarizədə kömək edəcəyinə söz verib.
“Əziz Nikol, siz ölkənizdə demokratik şəraiti kökündən dəyişmisiniz. Mən demokratik, sabit və çiçəklənən Ermənistanla bağlı baxışınızı vurğulamaq istəyirəm”, - deyə Koşta əlavə edib.
“Avropa İttifaqının genişlənməsinə yeni təkan
İrəvan sammiti Avropa İttifaqının genişlənməsinə yeni təkan fonunda keçirilib. Kiçik və ideya baxımından yaxın ölkələr Avropada davam edən Rusiya aqressiyasına və Prezident Donald Tramp dövründə ABŞ-nin qeyri-sabit siyasətinə cavab olaraq birləşirlər.
Ukrayna və Moldova artıq bu il Avropa İttifaqına üzvlük danışıqlarında irəliləyiş əldə etməyi gözləyirlər. Bu, may ayında Macarıstanda Baş nazir Peter Macarın yeni hökumətinin hakimiyyətə gəlməsindən sonra baş verib. Gözlənilir ki, yeni hökumət Ukraynanın üzvlüyünə qarşı əvvəlki Macarıstan vetosunu aradan qaldıracaq.
Avropanın şimalında yerləşən İslandiya avqustun 29-da Avropa İttifaqına üzvlüklə bağlı danışıqların bərpası məsələsi üzrə referendum keçirəcək”, - deyə məqalədə qeyd edilib.
Müəllif vurğulayıb ki, Qərbi Balkanlarda Albaniya və Monteneqro danışıqlarda xeyli irəliləyiblər və 2028-2029-cu illərdə üzv olmağa ümid edirlər.
“Bununla yanaşı Bosniya və Herseqovina, Kosovo, Şimali Makedoniya və Serbiya daxili və ikitərəfli mübahisələrlə üzləşirlər. Türkiyə və Gürcüstanla üzvlük danışıqları demokratik idarəetmə problemləri səbəbindən faktiki olaraq dondurulub.
Bununla belə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Kiprlə fikir ayrılıqlarını aradan qaldırmaq və üzvlük prosesini yenidən başlatmaq üçün maraq göstərib. “Kipr məsələsindəki fikir ayrılıqları bizim Avropa İttifaqına gedən yolumuzun qarşısını bağlayıb. Məsələ Ankaranın harada olması deyil, Brüsselin gələcək dünya düzənində hansı yeri tutmaq istəməsidir”, - deyə o, çərşənbə axşamı bildirib.
Serbiya və Gürcüstanda Rusiyapərəst hökumətlər mövcuddur, lakin həmin ölkələrdə hətta kütləvi Avropapərəst etiraz aksiyaları müşahidə olunur ki, bu da həmin rejimlərin qeyri-sabitliyini göstərir.
Eyni zamanda geosiyasi qeyri-sabitlik Kanada, Norveç, İsveçrə və Böyük Britaniyada da Avropa İttifaqı ilə daha sıx iqtisadi və müdafiə əlaqələri qurmağa marağı artırıb.
Ən optimist genişlənmə ssenarisinə əsasən Avropa İttifaqı artıq 2028-ci ildə Albaniya, İslandiya və Monteneqronu qəbul edə bilər, Ukrayna isə onlara 2029-cu ildə qoşula bilər.
Avropa İttifaqının uzunmüddətli yanaşması
Bununla yanaşı Ermənistan hələ də Rusiya Prezidenti Vladimir Putinin rəhbərlik etdiyi Avrasiya İqtisadi Birliyinin üzvüdür və Avropa İttifaqına qoşulmaq üçün bu birlikdən çıxmalı olacaq”, - deyə nəşr qeyd edib.
Məqalədə vurğulanıb ki, lakin ölkə artıq Putin barədə hərbi cinayətlərə görə həbs orderi çıxarmış Beynəlxalq Cinayət Məhkəməsinə qoşulub və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından çıxıb (əslində iştirakını dondurub-red.).
“Fon der Lyayen İrəvanda bildirib: “Biz Avropa şirkətlərini burada investisiya qoymağa fəal şəkildə təşviq edirik”. Koşta isə Avropanın Ermənistanın rifahı məsələsində nə qədər qətiyyətli olduğunu vurğulayıb. O, 2013-cü ildə Putin tərəfindən Paşinyanın sələfi Serj Sarkisyanın Avropa İttifaqı ilə Assosiasiya Sazişindən imtina etməyə məcbur edildiyi məşhur görüşdən sonra gələn çətin illəri xatırladıb. Koşta bildirib: “Avropa İttifaqı Ermənistan və bütün region üçün mühüm və uzunmüddətli tərəfdaşdır... Ermənistan bu transformasiya yolunda Avropa İttifaqına arxalana bilər”, - deyə müəllif yazıb.
Alpər Mövludoğlu
Ordu.az