Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” nəşri yazıb.
Nəşr qeyd edib ki, Ermənistan Ədliyyə Nazirliyinin məlumatına görə, son iclas aprelin 1-də ədliyyə naziri Srbuhi Qalyanın rəhbərliyi ilə keçirilib.
“İclasda icra hakimiyyətinə aid tənzimləmələr, eləcə də konstitusiyanın qəbul qaydasının dəyişdirilməsi və referendumla bağlı məsələlər müzakirə olunub.
İclasdan təxminən 10 gün əvvəl isə Qalyan bəyan etmişdi ki, mətn artıq hazırdır və “Vətəndaş Müqaviləsi” partiyasının idarə heyətinin müzakirəsinə göndəriləcək. Hakim partiyanın Ermənistan konstitusiyası layihəsi ilə nə əlaqəsi olduğu aydın deyil, lakin bizə məlum olub ki, “Vətəndaş Müqaviləsi” idarə heyətində konstitusiya mətnini nə müzakirə ediblər, nə də görüblər.
Mövzu ilə bağlı yalnız səthi söhbət aparılıb və Paşinyan bildirib ki, bunun vaxtı deyil, seçkilərdən sonra bu məsələyə qayıdılacaq. Hətta Konstitusiya İslahatları Şurası da hər hansı hazır konstitusiya mətnini görməyib”, - deyə nəşr bildirib.
Müəllif qeyd edib ki, bundan əlavə, şura artıq təxminən bir aydır iclas keçirmir.
“Bunun səbəbi ilə bağlı şura üzvü Daniel İoannisyan dünən bizə bildirib ki, ehtimal ki, seçkiöncəsi yüklənmə səbəbindən iclaslar keçirilmir. Halbuki əvvəllər həftədə bir dəfə iclas keçirilirdi və seçkilərə qədər konstitusiya mətninin yayımlanacağı elan olunmuşdu.
Prosesin niyə dayandığına gəlincə, “Vətəndaş Müqaviləsi”ndəki mənbələrimiz gizlətmirlər ki, onlar seçkilərin nəticələrini gözləyirlər. Çünki referendum keçirməyin mümkün olub-olmayacağı həmin nəticələrdən asılı olacaq.
Məsələ ondadır ki, konstitusiya mətnini referenduma çıxarmaq üçün “Vətəndaş Müqaviləsi”nə konstitusion çoxluq və ya koalisiya tərəfdaşları, həmfikirlər lazımdır. Buna görə də onların və nəticə etibarilə referendumun taleyi məlum olmadığı halda vaxt itirməyə dəyməz”, - deyə nəşr bildirib.
Alpər Mövludoğlu
Ordu.az