Ordu.az xəbər verir ki, bu barədə erməni siyasi şərhçi Hayk Xalatyan “Facebook” səhifəsində İrəvanda Avropa liderlərinin iştirakı ilə keçirilmiş sammitin nəticələrini şərh edərkən yazıb.
Onun sözlərinə görə, Ermənistan ilə Avropa İttifaqı arasında münasibətlərin inkişafı xarici siyasətin mühüm istiqamətlərindən biridir.
“Çünki Avropa İttifaqı ölkənin əsas ticarət-iqtisadi tərəfdaşlarından biri olaraq qalır. Lakin Avropa ilə əməkdaşlığın dərinləşdirilməsi digər strateji əhəmiyyətli tərəfdaşlarla, ilk növbədə Ermənistanın ən böyük iqtisadi tərəfdaşı, enerji daşıyıcılarının təchizatçısı və rəsmi müttəfiqi olan Rusiya ilə münasibətlər hesabına baş verməməlidir”, - deyə Xalatyan qeyd edib.
Erməni siyasi şərhçi vurğulayıb ki, Baş nazir Nikol Paşinyanın həyata keçirdiyi hazırkı diversifikasiya siyasəti onun fikrincə özünəməxsus formada, yəni tərəfdaşlar dairəsinin genişləndirilməsi hesabına deyil, qeyri-dost ölkələrin sayının artırılması hesabına aparılır.
“İrəvan sammiti zamanı Avropa liderləri anti-Rusiya bəyanatlarla çıxış ediblər və Ermənistan hakimiyyəti də faktiki olaraq bu bəyanatlara qoşulub”, - deyə o qeyd edib.
Bu kontekstdə Xalatyan Ukrayna Prezidenti Volodimir Zelenskinin mövqeyini də xatırladaraq onun sərt açıqlamalarına diqqət çəkib.
“Avropa liderlərinin Rusiyanı açıq şəkildə rəqib adlandırması və hərbi qarşıdurma ehtimalını müzakirə etməsi fonunda Ermənistan hakimiyyətinin addımları, o cümlədən Avrointeqrasiya prosesinin başlanması haqqında qanunun qəbul edilməsi və ictimai anti-Rusiya bəyanatları potensial geosiyasi münaqişədə müəyyən tərəfin seçilməsi anlamına gələ bilər. Bu cür addımlar Ermənistan üçün mümkün nəticələr lazımi şəkildə qiymətləndirilmədən atılır”, - deyə erməni siyasi şərhçi qeyd edib.
O, həmçinin hakimiyyətin ziddiyyətli yanaşmasına diqqət çəkib. Xalatyan bildirib ki, bir tərəfdən Ermənistan hakimiyyəti Azərbaycan və Türkiyə qarşısında güzəştlərə gedir və bunu eskalasiyadan yayınmaq zərurəti ilə izah edir, digər tərəfdən isə Rusiya ilə münasibətlərdə, iqtisadi və təhlükəsizlik risklərinə baxmayaraq, eyni ehtiyatlı yanaşmanı nümayiş etdirmir.
“Azərbaycan 2028-ci ildə Avropa Siyasi Birliyinin sammitini keçirməyi planlaşdırır və ehtimal edirəm ki, həmin vaxta qədər Ukraynadakı müharibə başa çatacaq, bu cür tədbirlər isə bu qədər açıq anti-Rusiya xarakter daşımayacaq”, - deyə erməni siyasi şərhçi bildirib.
Fransa Prezidenti Emmanuel Makronun bəyanatlarını şərh edən Xalatyan həddindən artıq nikbinliyə qapılmamağa çağırıb. O, Fransadakı daxili siyasi vəziyyəti və Makronun səlahiyyət müddətinin məhdud olduğunu xatırladıb.
Nümunə kimi isə Xalatyan Ukrayna ilə bağlı vəziyyəti göstərib, Böyük Britaniyanın keçmiş Baş naziri Boris Consonun və ABŞ Prezidenti Co Bayden administrasiyasının münaqişənin başlanğıcındakı rolunu xatırladıb.
Onun sözlərinə görə, vəd edilən dəstək sonradan Ukrayna üçün ciddi borc öhdəliklərinə çevrilib, NATO və Avropa İttifaqına üzvlük məsələləri isə hələ də qeyri-müəyyən olaraq qalır.
Xalatyan vurğulayıb ki, onun fikrincə, Ukraynanın təcrübəsi Ermənistan üçün mövcud geosiyasi prosesləri qiymətləndirərkən mühüm dərs olmalıdır.
“Ölkə vətəndaşları sammitin nəticələrini və iyunun 7-nə təyin edilmiş seçkilər ərəfəsində bütün bu amilləri nəzərə almalıdırlar”, - deyə o bildirib.
Alpər Mövludoğlu
Ordu.az