53 milyon dram öhdəlik və 55 milyon dram depozit: Ermənistan müdafiə nazirinin müavini hansı əmlaka malikdir?

2026/05/1778133765.jpg
Oxunub: 283     09:59     07 May 2026    
“Yüksəkvəzifəli məmurların əmlak və gəlirlərini araşdırmağa davam edirik”.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Joğovurd” nəşri yazıb.

Nəşr bu dəfə Ermənistan müdafiə nazirinin müavini Karen Brutyanın əmlakı və bioqrafiyası barədə məlumat təqdim edib.

“Brutyan 2021-ci il avqustun 13-də müdafiə nazirinin müavini vəzifəsinə təyin olunub. O, 1976-cı ildə İrəvanda anadan olub və peşə fəaliyyətinə maliyyə sistemində başlayıb. Ermənistan Maliyyə və İqtisadiyyat Nazirliyində, daha sonra Maliyyə Nazirliyində çalışıb. İllər ərzində müxtəlif məsul vəzifələr tutub, idarə rəisi, Dövlət Gəlirləri Komitəsi sədrinin birinci müavini, daha sonra maliyyə nazirinin birinci müavini olub. İxtisasca iqtisadçıdır və iqtisad elmləri namizədi dərəcəsinə malikdir.

2024-cü il bəyannaməsinin məlumatları

3 daşınmaz əmlak

2024-cü il bəyannaməsinə əsasən Brutyan Kotayk vilayətinin Pyunik icmasında yerləşən fərdi yaşayış evini bəyan edib”, - deyə müəllif qeyd edib.

Nəşr bildirib ki, o, həmin evi 2012-ci ildə bağışlanma yolu ilə əldə edib.

“Bundan əlavə, onun İrəvanın Kanaker-Zeytun inzibati rayonunda yerləşən mənzilin 1/3 hissəsinə sahib olduğu qeyd olunur. Bu payı 2017-ci ildə miras yolu ilə əldə edib. Həmçinin Kotayk vilayətinin Crvej icmasında yerləşən tikilinin 1/2 hissəsini 2019-cu ildə satınalma yolu ilə əldə edib.

Brutyan heç bir nəqliyyat vasitəsi bəyan etməyib. Onun bank depozitləri 55 milyon 412 min 649 dram təşkil edib. Bank hesablarında 8 milyon 692 min 928 dram və 868 avro vəsait olub. Nağd vəsait kimi isə 40 min avro və 30 min ABŞ dolları bəyan edib.

Bəyannaməyə həmçinin borc öhdəlikləri də daxil edilib. Verilmiş və geri qaytarılmış borclar 50 milyon 981 min 390 dram və 35 milyon dram təşkil edib. Üçüncü şəxslər vasitəsilə verilmiş və idarə olunan məbləğ isə 7 milyon 400 min dram olub.

2024-cü il ərzində onun ümumi gəliri 27 milyon 864 min 706 dram təşkil edib. Bunun 15 milyon 93 min 275 dramı Ermənistan Müdafiə Nazirliyindən aldığı əməkhaqqı, 3 milyon 465 min dramı digər gəlirlər, 5 milyon 226 min 250 dramı bank faizləri, 4 milyon 80 min 181 dramı isə gəlir vergisinin geri qaytarılması olub”, - deyə müəllif vurğulayıb.

“Joğovurd” yazıb ki, ilin sonuna onun kredit və borc öhdəlikləri ümumilikdə 53 milyon 149 min 340 dram təşkil edib.

“Buraya 35 milyon dram borc, eləcə də 50 milyon 981 min 390 dram və 5 min avro kredit öhdəlikləri daxildir. İl ərzində o, kreditlərin bağlanması üçün 7 milyon 940 min 524 dram ödəyib.

Əvvəlki illərin bəyannamələri

2023-cü ilin bəyannaməsində Brutyanın əmlakında dəyişiklik olmadığı göstərilib. Həmin il verilmiş və geri qaytarılmış borclar 44 milyon 314 min dram, 35 milyon dram və 5 min avro təşkil edib. Bank depozitləri eyni səviyyədə, 55 milyon 412 min 649 dram olaraq qalıb. Bank hesablarında 2 milyon 43 min 186 dram və 1031 avro, nağd şəkildə isə 45 min avro və 35 min ABŞ dolları olub. İlin gəliri 27 milyon 822 min 768 dram təşkil edib.

2022-ci ilin bəyannaməsinə əsasən onun borcları 44 milyon 314 min dram, 35 milyon dram və 5 min avro olub. Bank hesablarında 856 min 788 dram vəsait olub. Nağd vəsaitlər isə əhəmiyyətli həcmdə olub: 50 min avro, 40 min ABŞ dolları və 55 milyon dram. İlin gəliri 19 milyon 283 min 7 dram təşkil edib. Həmin il onun kredit öhdəlikləri 48 milyon 286 min 300 dram və 35 milyon dram olub, kredit ödənişləri üçün isə 5 milyon 724 min 744 dram ödənilib”, - deyə məqalədə qeyd edilib.

Müəllif bildirib ki, 2021-ci ilin bəyannaməsində Brutyan 35 milyon dram və 48 milyon dram borc, həmçinin 5 min avro göstərib.

“Bank hesablarında 450 min dram, nağd şəkildə isə 50 min avro, 40 min ABŞ dolları və 55 milyon dram vəsait olub. Həmin ilin gəliri 24 milyon 594 min 192 dram təşkil edib.

“Joğovurd” qəzeti şəffaflığın artırılması və ictimai nəzarətin gücləndirilməsi məqsədilə məmurların əmlak vəziyyətini təqdim etməyə davam edəcək”, - deyə nəşr vurğulayıb.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Brutyan  


Bizi "telegram"da izləyin