Erməni siyasi xadim: “Bizi qlobal münaqişənin episentrinə çevirirlər”

2026/05/1778133370.jpg
Oxunub: 436     09:56     07 May 2026    
“Ermənistanda əsas məqsədi yeni anti-Rusiya, anti-İran, anti-Çin və hətta anti-Ermənistan mərkəzi formalaşdırmaq olan tədbir keçirilib”.

Ordu.az xəbər verir ki, bu barədə “Çiçəklənən Ermənistan” Partiyasının seçki siyahısında yer alan Arman Abovyan bildirib.

Abovyan qeyd edib ki, Ermənistanı qlobal münaqişənin episentrinə çevirirlər.

“Avropalılardan eşitdiyimiz o “şirin sözlər” əslində Ermənistanın qlobal münaqişə zonasına daxil edilməsi demək idi. Yəni biz Şərq və Qərb arasında qlobal oyunçuların qarşıdurmasında döyüş nöqtələrindən birinə çevrilirik. Avropanın məqsədi Rusiyaya təzyiq zonalarını genişləndirməkdir, həmin zonaların taleyinin necə olacağı isə onları qətiyyən maraqlandırmır.

Bizi xoşbəxt təbəssümlər və vədlər altında təzyiqə məruz qalacaq nöqtəyə çevirdilər”, - deyə o bildirib.

Abovyanın sözlərinə görə, Ermənistan-Avropa İttifaqı sənədində tərəflər güclü sanksiya siyasəti aparacaqlarını təsdiqləyirlər.

“AİB-ə qarşı sanksiyalar tətbiq edəcəksinizsə, biz burada nə edəcəyik?”, - deyə Abovyan qeyd edib.

O, hakimiyyətə müraciət edərək deyib: “Siz nə baş verdiyini görmürsünüz? Nəticələrin nə olacağını anlamırsınız? Yoxsa yenə iranlıları, rusları, çinliləri günahlandırmağa başlayacaqsınız ki, baxın, bizə qarşı addımlar atırlar? Siz ölkəni hansısa qarşıdurma mərkəzinə çevirirsiniz.

Siz qaçıb öz Parisinizə, Brüsselinizə gedəcəksiniz, bəs ölkə nə olacaq? İnsanlara necə cavab verəcəksiniz? Gürcüstan nümunəsi gözümüzün önündədir. Avropa onlara ən böyük imtiyazları verdi, amma gürcülər başa düşdülər ki, aldadılıblar və indi Gürcüstan gürcüstanyönümlü siyasəti aparmağa çalışır. Siz də erməniyönümlü siyasəti aparın.

Təəssüf ki, bu hakimiyyət konfliktogendir, onlar həm cəmiyyət daxilində, həm də xarici cəbhədə daim münaqişələr yaradırlar. Amma zərər çəkən onlar yox, bizik, Ermənistan və adi vətəndaşlardır”.

Xatırladaq ki, son iki gündə Ermənistanda Avropa Siyasi Birliyinin sammiti, daha sonra Ermənistan-Avropa İttifaqı sammiti, eləcə də Fransa Prezidenti Emmanuel Makronun dövlət səfəri baş tutub.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Avropa   Ermənistan   Böhran  


Bizi "telegram"da izləyin