Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Past” nəşri “Bağlı qapılar fonunda Avropa vədləri” başlıqlı məqaləsində yazıb.
Nəşrə görə, siyasi platformalarda irəliləyiş və Avropaya yaxınlaşma kimi təqdim olunan proses adi vətəndaş üçün növbələrə, qapalı sistemlərə və sonsuz qeyri-müəyyənlik dövrünə çevrilib.
“Bu gün bir sıra Avropa ölkələrinin səfirliklərində və viza mərkəzlərində növbəyə yazılmaq demək olar ki, mümkünsüzdür. Biz bu mövzuya hələ ötən il toxunmuşduq, lakin son 7-8 ay ərzində vəziyyət nəinki dəyişməyib, əksinə daha da mürəkkəbləşib. İnsanlar həftələrlə, bəzən aylarla qeydiyyatdan keçməyə, belə demək mümkündürsə, “vaxt götürməyə” çalışırlar, lakin nəticəsiz qalır. Ya günlərlə “vaxt açılmır”, ya da açılan kimi saniyələr ərzində tükənir. Vasitəçilər bazarı isə hər zamankı kimi “avanqarddadır” və prosesi əlavə yükə çevirir.
Belə bir vəziyyət yaranır ki, rəsmi səviyyədə vizaların liberallaşdırılmasından danışılır, lakin texniki və fiziki baxımdan vətəndaşın viza üçün müraciət etmək imkanı belə yoxdur. Bu, artıq sadəcə narahatlıq deyil, məhz həmin siyasətin adına təqdim olunduğu insanlara zərbə vuran sistemli problemdir”, - deyə nəşr bildirib.
“Past” redaksiyası vəziyyəti daxildən anlamağa çalışaraq hələ ötən yay və payız bir neçə dəfə müxtəlif səfirliklərdə və viza mərkəzlərində növbəyə yazılmağa cəhd edib.
“Tamamilə nəticəsiz olub. Eyni cəhd son günlərdə də edilib. Əlavə edək ki, bu müddətdə daha 1-2 səfirlik bu funksiyanı viza mərkəzlərinə həvalə edib. Nəticə isə yenə minlərlə vətəndaşın üzləşdiyi mənzərə olub, yenidən əlçatan “vaxtlar” yoxdur və ya o qədər qısa müddətə açılır ki, qeydiyyatdan keçmək demək olar mümkünsüz olur.
Eyni zamanda, məlumatımıza görə, eyni məsələ ilə parlament fraksiyalarından biri də məşğul olmağa çalışıb, müxtəlif platformalar vasitəsilə vəziyyəti aydınlaşdırmağa və hətta növbə təşkil etməyə cəhd edib. Lakin həmin səviyyədə belə nəticə ciddi şəkildə fərqlənməyib, sistem qapalı və həddindən artıq yüklənmiş olaraq qalır, proses isə demək olar ki, keçilməzdir.
Bu artıq ciddi sual yaradır: texniki əlçatanlıq belə yoxdursa, liberallaşdırmadan necə danışmaq olar? Əgər sistem mövcud tələbatı qarşılaya bilmirsə, səfirliklərin kifayət qədər resursu yoxdursa və proses giriş səviyyəsində dayanırsa, yüksək tribunalardan nə haqqında danışılır?
Üstəlik, bütün bunlar məhz bu günlərdə İrəvanın mühüm Avropa tədbirlərinə ev sahibliyi etdiyi bir vaxtda daha kəskin ziddiyyət yaradır. Cəmiyyətdə münasibətlərin yalnız siyasi deyil, praktiki səviyyədə də asanlaşacağına dair gözlənti formalaşır. Lakin reallıqda vətəndaş daha mürəkkəb, daha qapalı və daha keçilməz sistemlə üzləşir”, - deyə məqalədə vurğulanıb.
Nəşr bildirib ki, bu ziddiyyəti artıq görməzdən gəlmək mümkün deyil.
“Əgər vizaların liberallaşdırılması strateji istiqamət kimi təqdim olunursa, bu, bəyanatlardan deyil, real əlçatanlıqdan başlamalıdır. Əks halda Avropa ilə “yaxınlaşma” barədə söhbətlər bir çoxları üçün sözün əsl mənasında qapalı qapılar fonunda səslənən gözəl ifadələr olaraq qalacaq”, - deyə müəllif yazıb.
Alpər Mövludoğlu
Ordu.az