Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Past” nəşri “Atəşkəsin müddəti: Sülh sammitinə müharibə necə daxil oldu?” başlıqlı məqaləsində yazıb.
Nəşrə görə, Zelenskinin İrəvana səfəri özü-özlüyündə sadəcə siqnal deyil, həm də Ermənistanın uzunmüddətli müttəfiqi olan Rusiyaya qarşı düşmən addımdır.
“Zelenski Rusiya üçün düşməndir və açıq hərbi qarşıdurmada olduğu ölkəyə rəhbərlik edir. Ukrayna liderinin İrəvanda bütün ehtiramla qarşılanması Moskvanın diqqətindən yayınmaya bilməz.
Eyni zamanda Zelenski heç vaxt Ermənistanın müttəfiqi olmayıb. Qarabağda baş vermiş 44 günlük müharibə zamanı məhz Ukrayna Bakıya sursatlar tədarük edirdi. Lakin həm Nikol Paşinyan, həm də silah tədarükləri ilə bağlı jurnalistlərin suallarını cavablandırmaqdan imtina edən Zelenski bu faktı görməzdən gəlməyə qərar veriblər.
Ermənistan Baş naziri həmçinin Zelenskinin Ermənistana gəlməzdən əvvəl Azərbaycana səfər etməsi və İlham Əliyevlə danışıqlar aparması faktına da göz yumur”, - deyə nəşr qeyd edib.
Müəllif bildirib ki, danışıqların nəticəsi müdafiə və təhlükəsizlik, energetika, ticarət və humanitar yardım sahələrində əməkdaşlıq sazişləri paketi olub. Azərbaycan öz hərbi-sənaye kompleksini gücləndirdiyi halda, Ermənistan ordu xərclərini azaldır.
“Lakin Ermənistan müharibəyə hazırlaşmırsa, bu, müharibənin olmayacağı anlamına gəlirmi? Bundan əlavə, İlham Əliyev sülh prosesinin tənzimlənməsində Avropa Parlamentinin rolu barədə sərt fikirlər səsləndirib:
“İndi isə Avropa Parlamentini götürək. Bu qurum sülh prosesinə dəstək vermək əvəzinə, ona qarşı sabotajla məşğul olur. İkinci Qarabağ müharibəsi bitdikdən cəmi altı ay sonra - 2021-ci ilin mayından 2026-cı ilin aprelin 30-na qədər Avropa Parlamenti Azərbaycanla bağlı təhqir və yalanlarla dolu 14 qətnamə qəbul edib. Sadəcə, təsəvvür edin: beş il ərzində 14 qətnamə aludəçilikdir”.
Bundan sonra parlamentin Avropa İttifaqı-Azərbaycan parlament əməkdaşlığı komitəsində iştirakının dayandırılması və “Euronest” Parlament Assambleyasında üzvlüyün dayandırılması prosesinə başlanılması barədə qərar qəbul olunub. Atəşkəs müvəqqəti vasitədir və yalnız daha güclü hərbi-sənaye kompleksinə malik tərəfin maraqlarına uyğun olduqda qüvvədə qalır. Hazırda isə bu tərəf obyektiv olaraq Azərbaycandır”, - deyə “Past” vurğulayıb.
Müəllif yazıb ki, Azərbaycan və Ermənistan arasında münaqişə yenidən kəskinləşərsə, Avropa İttifaqının sülhməramlı rol oynaya bilməsi çətin görünür.
“Üstəlik, qurumun öz maraqları da var. Erməni siyasi analitik Tiqran Koçaryanın qeyd etdiyi kimi: “Avropalı siyasətçilər üçün Paşinyan “öz adamlarıdır”, çünki o, onların əsas şərtini yerinə yetirib, Qarabağı Azərbaycanın bir hissəsi kimi tanıyaraq təhvil verib”.
Avropa İttifaqı üçün Ermənistanın növbəti addımı Rusiya ilə dostluqdan imtina etmək olmalıdır. Fransa Prezidenti Emmanuel Makron bunu birbaşa ifadə edərək bildirib ki, 8 il əvvəl heç kim Ermənistana gəlmirdi və bunun səbəbi “Ermənistanın de-fakto Rusiyanın peyki olması idi”.
Eyni zamanda Makron Fransa ilə Ermənistan arasında sabit münasibətlərin bütün uğurunu məhz Paşinyanın adına yazmağa çalışır və diasporun uzun illər ərzində gördüyü işi görməməzlikdən gəlir. 2018-ci ilə qədər Fransanın bütün prezidentləri Ermənistana dövlət səfərləri həyata keçiriblər.
Lakin bu gün seçkilər ərəfəsində Paşinyanın Avropa ilə münasibətləri normallaşdırdığı barədə danışmaq ona siyasi xal qazandırmaq üçün əlverişlidir. Məhz buna görə sammit seçkilərdən əvvəl keçirilir ki, Avropa ilə dostluq barədə gözəl sözlərlə Ermənistanın real vəziyyəti gizlədilsin.
Lakin sammitin vədləri artıq bir ay sonra unudulacaq, demokratik proseslərin olmaması, repressiyalar, küçələrdə insanların saxlanılması, müxalifətə qarşı hücumlar isə Avropa liderləri regionu tərk etdikdən sonra da qalacaq”, - deyə nəşr bildirib.
Alpər Mövludoğlu
Ordu.az