Ordu.az xəbər verir ki, bu barədə Ermənistan KİV-ləri məlumat yayıb.
Xaçaturyan qeyd edib ki, Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması regionun qarşılıqlı əlaqəsini real iqtisadi imkanlara və nəticələrə çevirəcək əsas amilə çevrilə bilər.
“Ermənistan 2023-cü ilin oktyabrında “Sülh kəsişməsi” (Zəngəzur dəhlizi-red.) təşəbbüsü ilə çıxış edərkən əsas ideya Cənubi Qafqaz və Avrasiyanın geniş regionlarını avtomobil yolları və dəmir yolları, enerji kommunikasiyaları, yəni qaz kəmərləri, kabellər və elektrik ötürmə xətləri vasitəsilə birləşdirmək idi.
Layihənin həyata keçirilməsi halında Qara dənizlə Fars körfəzi arasında İran, Ermənistan və Gürcüstan ərazilərindən keçən ən qısa marşrut (Şimal-Cənub istiqaməti), həmçinin Xəzər və Mərmərə dənizləri arasında Azərbaycan, Ermənistan və Türkiyə ərazilərindən keçən ən qısa marşrut (Şərq-Qərb istiqaməti) işə düşəcək.
Layihənin təqdimatı ilə eyni vaxtda ekspert dairələrində onun əsas iqtisadi komponentləri, yəni gəlirliliyi və effektivliyi ilə bağlı müzakirələr başladı.
Lakin qəbul etmək lazımdır ki, dəqiq və hətta təxmini hesablamalar aparmaq kifayət qədər problemlidir. Çünki söhbət hələ qiymətləndirilməli olan nəqliyyat vasitələri, yüklər, sərnişinlər, boru kəmərləri, kabel marşrutları, elektrik ötürmə xətləri və onlarla paralel tikilən infrastrukturların həcmlərindən gedir.
Bununla belə, bir şey aydındır: kommunikasiya xətlərinin açılması iqtisadi azadlığa, bu isə öz növbəsində açıq bazar münasibətlərinə, birbaşa investisiyalara və sairə gətirib çıxarır”, - deyə o qeyd edib.
Ermənistan prezidenti bildirib ki, Ermənistan ilə Azərbaycan arasında sülh, Ermənistan-Türkiyə münasibətlərinin normallaşması, “TRIPP marşrutu” (Zəngəzur dəhlizi-red.) layihəsi, Ermənistan və Azərbaycanın Gürcüstan və İranla mehriban qonşuluq münasibətləri, Avropa İttifaqı ilə strateji tərəfdaşlığın dərinləşdirilməsi, Rusiya ilə konstruktiv dialoq həqiqətən də Cənubi Qafqazı ən cəlbedici regionlardan və Şimal-Cənub, Şərq-Qərb marşrutlarının tranzit dəhlizlərindən birinə çevirə bilər.
Alpər Mövludoğlu
Ordu.az