Ordu.az xəbər verir ki, bunu mayın 6-da “İrəvan Dialoqu-2026” beynəlxalq forumu zamanı Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan bildirib.
“Biz əvvəllər həmişə düşünürdük ki, müstəqilliyimizin və mövcudluğumuzun daim şübhə altına alındığı çox mürəkkəb və təhlükəli bölgədə yaşayırıq. Bu, qismən və ya tamamilə doğrudur, amma məsələ həmişə bu təhlükəni üstünlüyə necə çevirmək olub. Hazırda Ermənistanda məhz bunu etməyə çalışırıq. Məsələ maneəyə deyil, körpüyə çevrilməkdir. Biz anladıq ki, Avropanı Mərkəzi Asiya, Hindistan və Çinlə birləşdirə bilərik və bu da öz növbəsində yalnız mövcudluğumuzu və suverenliyimizi qorumaq vasitəsi deyil, həm də gələcək dinc rifah üçün əlavə təminata çevrilə bilər”, - deyə o qeyd edib.
Mirzoyan bildirib ki, eyni zamanda, sülhü təkbaşına qurmaq mümkün deyil.
“Buna görə də məsələ elə vəziyyət yaratmaqdır ki, bütün qonşular, bölgədə və ondan kənarda olan hər kəs sülhdə maraqlı olsun. Şimalda daim dost münasibətlərimiz olan Gürcüstan yerləşir. Cənubda isə yenə də həmişə dost münasibətlərimiz və əməkdaşlığımız olan İran var. Qərbdə və şərqdə Türkiyə və Azərbaycan yerləşir və biz onilliklər ərzində Azərbaycanla münaqişə yaşamışıq. Qərbdə və şərqdə sərhədlərimiz bağlıdır.
Buna baxmayaraq, biz dialoqa başlamışıq, Azərbaycanla sülh müqaviləsini paraflamışıq. Müqavilə hələ imzalanmayıb və ratifikasiya edilməyib, lakin sülh artıq gəlib. Bizim itkilərimiz yoxdur, Azərbaycan öz ərazisindən Ermənistana və Ermənistandan malların daşınmasına qoyulan qadağanı aradan qaldırıb, biz Azərbaycanla ikitərəfli ticarətə başlamışıq. Azərbaycandan neft məhsulları alırıq və bəzi məhsulları Azərbaycan şirkətlərinə satacağıq.
Eyni zamanda, mən heç nəyi şişirtmək istəmirəm və bütün məsələlərin həll olunduğunu deyə bilmərəm. Biz qanlı münaqişə yaşamışıq. Yaralar hələ də çox təzədir və hər iki ölkənin cəmiyyətlərinə real barışıq lazımdır”, - deyə Mirzoyan vurğulayıb.
Alpər Mövludoğlu
Ordu.az