Ordu.az xəbər verir ki, bunu mayın 6-da jurnalistlərlə söhbəti zamanı Ermənistan parlamentinin sədri Alen Simonyan bildirib.
İrəvanda keçirilən Avropa Siyasi Birliyi sammiti fonunda Ermənistan-Rusiya münasibətlərinin mümkün pisləşməsi ilə bağlı suala cavab verən Simonyan əks sual verib.
“Ermənistan öz maraqlarını təmin edərkən daim geri dönüb Rusiyanın inciyib-incimədiyinə baxmalıdırmı? Bu nə dərəcədə düzgündür? Düşünürəm ki, bu yanlışdır”, - deyə Simonyan bildirib və əlavə edib ki, Rusiya öz maraqlarını güdərkən Ermənistanın maraqlarını düşünmür.
Onun sözlərinə görə, Ermənistan sadəcə öz maraqlarını və təhlükəsizliyini təmin edir.
“Biz keçmişdə Azərbaycanla müharibə vəziyyətində olduğumuz zaman Rusiya həm Azərbaycana silah satırdı, həm müttəfiqlik münasibətlərində idi, həm də deyirdi ki, biz müstəqil dövlətik və hamı ilə münasibətlərimiz var. Ermənistan əsirmi olmalıdır, ona deməlidirlər ki, bununla yaxşı ol, onunla yaxşı olma?”, - deyə Simonyan qeyd edib.
Ermənistanın Rusiyadan iqtisadi asılılığının güclənməsi ilə bağlı suala cavab verən Simonyan deyib ki, o, kəskin danışmaq istəmir, lakin asılılığın nə olduğunu başa düşmək lazımdır: “Ya biz diz çökərək istər Rusiyanın, Fransanın, istərsə də başqa bir ölkənin dabanı altında yaşayırıq, azad seçkilər keçirmirik və azad media qurumlarımız yoxdur, ya da müharibəsiz və düşmənçilik olmadan, siyasi və ya başqa hücumlar olmadan kiçik ölkəmizi qorumağa çalışırıq.
Problem bir “böyük qardaş”ı digəri ilə əvəzləmək deyil, öz azadlıqlarından imtina etməməkdir və bu seçim məsələsidir”.
O bir daha vurğulayıb ki, keçmişdə Ermənistan diz çökmüş vəziyyətdə olub, çünki prezident seçkiləri saxtalaşdırmalarla keçirilib və buna Moskvanın təbrikləri sübutdur.
Simonyanın sözlərinə görə, Rusiya burada canişin təyin edirdi, rəhbərlərin böyük hissəsinin təyinatı həmin ölkə ilə razılaşdırılırdı, bütün siyasi konfiqurasiya onlarla uzlaşdırılırdı, Ermənistanın səfirləri isə onların səfirləri ilə əməkdaşlıq edirdi.
“Bu, siyasi müstəqillikdirmi? 2018-ci ilə qədər müstəqillik olmayıb. 2020-ci ildən sonra, baş verənləri nəzərə alsaq... Xalq gördü ki, bizim müttəfiqimiz ən azı bizi tək qoydu”, - deyə erməni spiker vurğulayıb və “ən azı” ifadəsini bir neçə dəfə təkrarlayıb.
Alpər Mövludoğlu
Ordu.az