Erməni politoloq: “Avropa Siyasi Birliyinin sammiti Ermənistanı Aİ-Rusiya “proksi” müharibə zonasına çevirib”

2026/05/1778053091.jpg
Oxunub: 341     12:09     06 May 2026    
“Avropa liderləri İrəvanda Nikol Paşinyanın hakimiyyətinin yenidən seçilməsinə dəstək vermək məqsədilə toplaşmışdılar”.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Demokratik Alternativ” partiyasının sədri, erməni politoloq Suren Surenyants bildirib.

Erməni politoloq vurğulayıb ki, mayın 4-5-də İrəvanda keçirilən bu tədbirlər bir-biri ilə əlaqəlidir və əslində vahid siyasi kontekstə malikdir, yəni müəyyən geosiyasi hesablamalara əsaslanaraq Nikol Paşinyana seçkiqabağı dəstək göstərmək məqsədi daşıyır.

“O vaxt bu sammitlərin tarixləri müəyyən ediləndə bu, açıq şəkildə Nikol Paşinyanın xahişinin təmin olunması idi və birmənalı şəkildə seçkiqabağı kontekstlə bağlıdır. Başqa mərhələdə bu sammitlər başqa məna kəsb edərdi, amma indi açıq şəkildə və ilk növbədə Nikol Paşinyanın elektorat, seçki maraqlarına xidmət edir”, - deyə erməni politoloq bildirib.

Suren Surenyants bu tədbirlərin rəsmi təntənəsi, Avropa təbəssümləri və qucaqlaşmaları, gözəl və bəyannamə xarakterli mətnlərin arxasında Ermənistan üçün daha çox risklər görür və qeyd edir ki, Avropa Siyasi Birliyinin sammiti Ermənistanı Avropa İttifaqı-Rusiya “proksi” müharibə zonasına çevirib.

Bu baxımdan Surenyants ilk növbədə Fransa prezidenti Emmanuel Makronun Avropa Siyasi Birliyinin sammitinin panel müzakirəsi zamanı səsləndirdiyi qalmaqallı açıqlamanı xatırladır. Makron demişdi: “8 il əvvəl heç kim Ermənistana gəlməzdi, çünki bu ölkə masa arxasında oturan bir çox dövlətlər tərəfindən Rusiyanın de-fakto peyki kimi qəbul olunurdu və biz kömək edəcəyik ki, rus qoşunları buradan çıxsın”.

Makron, həmçinin bildirib: “Ermənistan ərazisində hələ də 4000 rus hərbçi və 1000-dən çox sərhədçi var. Buna görə Avropa bu ölkəyə öz sərhədlərinin təhlükəsizliyini daha müstəqil şəkildə təmin etməkdə kömək etməlidir”. Fransa prezidenti əlavə edib ki, “indiki dünyada Rusiyaya həddindən artıq arxalanmamaq daha yaxşıdır”.

Erməni politoloq Emmanuel Makronun bu bəyanatını “riyakar” və “reallığı təhrif edən” kimi qiymətləndirir.

“Makron istəmədən Ermənistanın suverenliyinin acınacaqlı vəziyyətini ifşa edir, çünki üçüncü bir ölkənin prezidenti erməni-rus münasibətlərinin gedişinə qərar verir və ya özünə belə açıqlamalar vermək hüququ tanıyır. Makronun bəyanatları həm reallığı təhrif etməsi, həm də vurğular baxımından sinik idi.

Məsələn, maraqlıdır ki, əgər 8 il əvvəl biz həm də onun formalaşdırdığı arxitekturanın nəticəsi olaraq, yəni Makronun da əsas rol oynadığı 2022-ci il oktyabrın 6-dan sonra Rusiyanın peyki idiksə, onda Ermənistan indi kimin peykidir? Aydındır ki, Avropa İttifaqının yox”, - deyə Surenyants bildirib.

İkili sammitlər və Ermənistan-Avropa İttifaqı sammitinin nəticəsi olaraq qəbul edilən birgə bəyannamənin məzmununa toxunan Surenyants qeyd edib ki, bunlar əslində nə Ermənistanın Avropa İttifaqına yaxınlaşmasına, nə də ölkənin avrointeqrasiyasına töhfə verib, həmçinin daha “demokratik Ermənistan”ın formalaşmasına da xidmət etməyəcək.

“Dediyimiz kimi, sammitlərin vaxtı və Nikol Paşinyana ünvanlanan təriflər göstərir ki, bu insanlar Ermənistanın demokratik inkişafına deyil, Nikol Paşinyanın hakimiyyətinin yenidən seçilməsinə dəstək vermək üçün toplaşıblar”, - deyə o qeyd edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Surenyants   Ermənistan  


Bizi "telegram"da izləyin