Erməni politoloq: “Rusiya qətiyyən regiondan çəkilməyib, sadəcə, müharibə baxımından vəziyyəti kifayət qədər mürəkkəbdir”

2026/05/1778052966.jpg
Oxunub: 397     12:55     07 May 2026    
“Avropa perspektivinə hətta bir çox avropalılar da inanmır”.

Ordu.az xəbər verir ki, bunu erməni politoloq, analitik Stepan Danielyan deyib.

“Burada yəqin ki, “erməni xalqının sevimlisi” Makronun sözlərini xatırlatmaq lazımdır. O, bir neçə ay əvvəl demişdi ki, 5 ildən sonra Avropa İttifaqının ümumiyyətlə mövcud olub-olmayacağına əmin deyil. Yəni əsas ölkələrdən birinin prezidenti belə düşünürsə, bizim barədə danışmağa dəyməz”, - deyə Danielyan bildirib.

Sammitin “real” məqsədləri ilə bağlı fikirlərini bölüşən erməni analitik həm daxili, həm də geosiyasi aspektləri vurğulayıb.

“Bu tədbirin əsas məqsədi mövcud hakimiyyətə seçkiqabağı dəstək göstərmək idi. Bunun həm də geosiyasi əhəmiyyəti var idi. Onlar göstərirlər ki, Rusiyanın formal təsir zonasına daxil olublar. Bu, Rusiya prezidentinə bir nümayiş idi ki, burada artıq geosiyasi dəyişikliklər baş verə bilər. Digər tərəfdən, Avropa İttifaqı ilə ABŞ arasında da dünyanın müxtəlif regionlarında, o cümlədən Cənubi Qafqazda rəqabət mövcuddur və bu regionun nəqliyyat baxımından rolu getdikcə artır”, - deyə o izah edib.

“Rusiya əslində regiondan çəkilibmi?” sualına Danielyan belə cavab verib: “Rusiya qətiyyən regiondan çəkilməyib. Sadəcə, müharibə baxımından vəziyyəti kifayət qədər mürəkkəbdir və Rusiya maksimum dərəcədə yeni düşmənlər və ya yeni problemlər əldə etməməyə çalışır, onlardan yayınır. Amma bu, yalnız vəziyyət onun üçün qəbuledilməz olana qədər davam edəcək.

Mən hesab edirəm ki, hələlik formal baxımdan Ermənistan həmin “qırmızı xətlər”i keçməyib. Çünki mövcud baş nazir üçün əsas məsələ seçkiqabağı dividendlər əldə etmək və bu cür tədbirlərdən siyasi xal toplamaqdır. Amma Rusiyaya qarşı real, konkret addımlar hələ atılmayıb, nə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından çıxılıb, nə Avrasiya İqtisadi Birliyindən çıxılıb, nə də rus qoşunlarının Ermənistandan çıxarılması tələb edilib. Bunlar Rusiya üçün əsas və həssas məqamlardır və mövcud hakimiyyət hələ onları keçməyib”.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Danielyan   Ermənistan  


Bizi "telegram"da izləyin