Ermənistanda müdafiə xərcləri azalır, proqramlar iflasa uğrayır

2026/05/1778052867.jpg
Oxunub: 367     16:33     06 May 2026    
“Nikol Paşinyan nadir hallarda həqiqəti deyir. Belə nadir hallarda deyilən həqiqətlərdən biri də odur ki, bu qədər il eyni sinifdə qalıblar. Buna büdcədə baş verənlərə baxaraq əmin olmaq çətin deyil”.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “168.am” nəşri “Müdafiə xərcləri azalır, proqramlar iflasa uğrayır” başlıqlı məqaləsində yazıb.

Nəşrə görə, hər il söz verirlər ki, növbəti il büdcənin icrası vəziyyətini düzəldəcəklər, amma heç nə dəyişmir.

“Səkkiz il sonra da görürük ki, hökumət iqtisadiyyatı sıxır, nəzərdə tutulan proqramları vaxtında həyata keçirmək əvəzinə pulu götürüb banklarda depozitə qoyur. Bunun əsas səbəblərindən biri isə xərclərin son dərəcə aşağı icra səviyyəsidir.

Büdcənin birinci rübündə xərclərin demək olar ki, 30 faizi icra olunmayıb. 857 milyard dramdan çox xərclərin həyata keçirilməsi planlaşdırılıb, amma 603 milyardı icra edilib. 254 milyard dram və ya təxminən 680 milyon dollar həcmində xərclər yerinə yetirilməyib”, - deyə nəşr bildirib.

Müəllif yazıb ki, bir çox mühüm xərclər yerinə yetirilməyib və həmişə olduğu kimi, xüsusilə kapital xərcləri, o cümlədən müdafiə üzrə planlaşdırılan kapital xərcləri icra olunmayıb.

“2026-cı ilin birinci rübündə dövlət büdcəsinin kapital xərcləri 23.3% səviyyəsində icra olunub ki, bu da əsasən “Ermənistanın müdafiəsinin təmin edilməsi” və “Ümumi təhsil və məktəbəqədər müəssisələrin yaradılması, tikintisi və yaxşılaşdırılması” proqramları çərçivəsində həyata keçirilən kapital xərclərinin icrası ilə bağlıdır.

Ötən ilin eyni dövrü ilə müqayisədə dövlət büdcəsinin kapital xərcləri 43.4% (32.6 milyard dram) azalıb ki, bu da “Ermənistanın müdafiəsinin təmin edilməsi” və “Yol şəbəkəsinin yaxşılaşdırılması” proqramları üzrə kapital xərclərinin müvafiq olaraq 63.8% (32.4 milyard dram) və 51.2% (3.5 milyard dram) azalması ilə əlaqədardır”, - deyə Ermənistan Maliyyə Nazirliyi büdcənin birinci rübünün icrasına dair hesabatında qeyd edib.

“168.am” qeyd edib ki, 182 milyard dramdan çox kapital xərclərinin həyata keçirilməsi planlaşdırılıb, lakin 42.6 milyardı icra edilib. İcra səviyyəsi cəmi 23.3 faiz təşkil edib.

“Utancverici dərəcədə aşağı icra səviyyəsi olub, yəni öhdəlik götürdüklərindən 4.3 dəfə az xərcləyiblər. Planlaşdırılan işlərin demək olar ki, 77 faizi yerinə yetirilməyib. Kapital xərcləri ötən ilin səviyyəsindən də xeyli aşağı olub. Ötən illə müqayisədə kapital xərcləri 43 faizdən çox azalıb. Ötən il 75 milyard dramdan çox kapital xərci icra edilmişdi. Bu il isə xərclər cəmi 42.6 milyard dram təşkil edib.

Bu, büdcə xərclərinin, xüsusilə də kapital xərclərinin vaxtında icrası ilə bağlı ilk belə vəziyyət deyil. Səkkiz ildir ki, “Vətəndaş Müqaviləsi” partiyası hakimiyyətdədir, hər il eyni mənzərə təkrarlanır. Səkkiz il ərzində vəziyyəti dəyişə bilməyiblər. Dəyişə bilməyiblər, çünki kompetent deyillər və öyrənmək də istəmirlər. Bunun nəticəsində ilk növbədə iqtisadiyyat zərər görür. Planlaşdırılan proqramlar geridə qalır, halbuki onlar təkcə iqtisadi deyil, həm də vətəndaşlar üçün sosial nəticələr verməli idi.

Vaxtında xərclənməyən hər bir dramın və həyata keçirilməyən hər bir proqramın nəticəsində iqtisadiyyatın və vətəndaşların nə qədər zərər gördüyünü hökumət nə hesablayıb, nə də bununla bağlı hesabat təqdim edib. Amma şübhə yoxdur ki, bu zərərlər milyardlarla dramla ölçülür və buna görə indiyədək heç kim məsuliyyət daşımayıb.

Təəssüf ki, yalnız kapital xərcləri yerinə yetirilməyib. Məqsədli kredit proqramlarının icrası baxımından vəziyyət daha da acınacaqlıdır”, - deyə məqalədə qeyd edilib.

Nəşr bildirib ki, məqsədli kredit proqramlarının icra səviyyəsi sıfıra yaxındır. Onlar cəmi 3.2 faiz icra olunub. 96.8 faizi isə yerinə yetirilməyib.

“Birinci rübdə məqsədli kredit vəsaitləri hesabına 14.5 milyard dramlıq proqramların həyata keçirilməsi planlaşdırılmışdı. Bu məbləğin 14 milyardı beynəlxalq maliyyə təşkilatlarından cəlb edilmiş kreditlərdir və konkret proqramların icrası üçün ayrılıb. Lakin bu proqramlar belə aşağı icra səviyyəsi səbəbindən daim gecikir. Bu da təəccüblü deyil, çünki 14.5 milyarddan 3 ay ərzində cəmi 500 milyon dramlıq proqram həyata keçirilib. Qalan 14 milyardlıq proqramlar isə havada qalıb və istifadə olunmamış kredit vəsaitlərinə görə ehtimal ki, minlərlə dollar cərimə və sanksiyalar ödənilib.

Kredit vəsaitləri hesabına nəzərdə tutulan məqsədli proqramların icra vəziyyəti elədir ki, onlar illərlə təxirə salınır. Vaxtında tamamlanan və cəriməsiz icra edilən bir proqram belə yoxdur.

Təkcə kapital xərcləri və məqsədli kredit proqramları deyil, həm də müavinətlər və pensiyalar üzrə xərclər də tam icra olunmayıb. Elə görünə bilərdi ki, burada kənarlaşma olmamalıdır, amma yenə də olub.

Xərclərin icra səviyyəsi 87.7 faiz təşkil edib ki, bu da ilk növbədə yığım pensiya sisteminin iştirakçılarının hesablarına daha az vəsait ayrılması ilə bağlıdır. Bunun səbəbi nə olub, Maliyyə Nazirliyi açıqlamayıb. Amma daha narahatedici məqam odur ki, bu xərclərin az icra olunmasının digər səbəbi Qarabağdan (könüllü-red.) köç etmiş soydaşlarımıza göstərilən sosial yardım proqramlarının son dərəcə aşağı icra səviyyəsidir. Bir çoxlarının bu yardıma ciddi ehtiyacı olmasına baxmayaraq, icra səviyyəsi cəmi 40.9 faiz olub. Hətta planlaşdırılanın yarısı belə yerinə yetirilməyib.

Eyni vəziyyət bir çox digər xərclərin icrasında da müşahidə olunur. Nəticədə büdcənin icra olunmayan hissəsi 30 faizə çatır. Bu 30 faizin içində yüz milyonlarla dollar həcmində iqtisadi və sosial proqramlar var idi ki, onlar təkcə iqtisadiyyata stimul yaratmalı deyil, həm də vətəndaşların sosial vəziyyətinin yaxşılaşmasına töhfə verməli idi. Lakin çox vaxt hökumətin bacarıqsızlığı və ləngliyi səbəbindən bu proqramlar gecikir və onların icrasından gözlənilən faydalar da təxirə düşür”, - deyə nəşr bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Müdafiə   Xərc  


Bizi "telegram"da izləyin