Ordu.az xəbər verir ki, “Le Figaro” üçün yazılmış məqalədə “Human Rights Watch” təşkilatının keçmiş direktoru Kennet Rot və Beynəlxalq İnsan Hüquqları Federasiyasının keçmiş baş katibi Filip Kalfayan belə nəticəyə gəliblər.
Erkənistanın “Past” nəşri yazır ki, Ermənistanda Demokratiyanın Beynəlxalq Monitorinqi təşkilatının rəhbərliyində təmsil olunan müəlliflər yaxın zamanda 2026-cı il iyunun 7-də keçiriləcək parlament seçkiləri öncəsi qiymətləndirmə missiyası ilə Ermənistana səfər ediblər.
“Onların qiymətləndirməsi kifayət qədər aydındır: Avropa paytaxtları Rusiyanın təsirinə qarşı mübarizə bəhanəsi ilə daxili narahatlıq siqnallarını, yəni müxalifətə təzyiqləri, kilsə ilə qarşıdurmaları, inzibati resurslardan istifadəni və məhkəmə müstəqilliyi ilə bağlı problemləri görməzdən gəlirlər.
Eyni zamanda, seçkiqabağı vəziyyət hakimiyyət üçün çətin olaraq qalır və nəticə hələ də açıqdır. Müəlliflərin fikrincə, bu fonda xarici təhdidlər mövzusu siyasi taktikanın rahat və fəal istifadə olunan elementinə çevrilir”, - deyə nəşr bildirib.
“Past” qeyd edib ki, xüsusi vurğu 2026-cı il mayın 4-də İrəvanda keçirilən Avropa Siyasi Birliyi sammitinə və Emmanuel Makronun səfərinə edilir.
“Müəlliflər hesab edirlər ki, seçkilər ərəfəsində belə tədbirlər mövcud hakimiyyətə dəstək siqnalı kimi qəbul oluna bilər. Avropa İttifaqının hibrid təhdidlərə qarşı mübarizə məqsədilə Ermənistana missiya göndərmək qərarı da tənqid olunur. Onların fikrincə, xarici risklərə fokuslanmaq daxili demokratik çağırışlara eyni səviyyədə diqqət yetirilməsi ilə uzlaşmır.
Müəlliflərin nəticəsi demək olar ki, narahatedici dərəcədə məntiqlidir: əgər Avropa geosiyasət naminə demokratik prinsipləri qurban verməyə başlayarsa, bu, başqalarına da “doğru” kontekst mövcud olduqda qaydaların gözardı edilə biləcəyi barədə siqnal göndərəcək”, - deyə Ermənistan nəşri bildirib.
Alpər Mövludoğlu
Ordu.az