Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Past” nəşri yazıb.
Nəşr xatırladıb ki, prezident Rəcəb Tayyib Ərdoğan İrəvana gəlməkdən imtina etmiş və sammitin reqlamentini pozaraq öz yerinə müavinini göndərmişdi.
“Əvvəlcədən Ermənistan və Türkiyənin bu sammit çərçivəsində Ermənistan-Türkiyə sərhədinin üçüncü ölkələrin vətəndaşları və diplomatik pasport sahibləri üçün açılması istiqamətində müəyyən razılaşmalar əldə edəcəyi ilə bağlı proqnozlar var idi. Lakin İrəvanda imzalanan yeganə sənəd Ani tarixi körpüsünün birgə bərpasına dair protokol olub. Bu, Ankara ilə İrəvan arasında 2009-cu il Ermənistan-Türkiyə protokollarından sonra imzalanan ilk sənəddir. Türkiyə isə həmin protokolları indiyədək ratifikasiya etməyib.
Faktiki olaraq, Paşinyan hakimiyyəti Türkiyənin vitse-prezidentinin Ermənistana səfərini və bu protokolun imzalanmasını diplomatik uğur kimi təqdim etməyə çalışsa da, əslində Ermənistan-Türkiyə istiqamətində heç bir irəliləyiş yoxdur. Tarixi körpünün tikinti işləri də xüsusi əhəmiyyət daşımır. Bu, sadəcə texniki məsələdir və bunun üçün hətta protokol imzalanmasına da ehtiyac yox idi”, - deyə nəşr bildirib.
Müəllif yazıb ki, Türkiyə Ermənistan-Türkiyə münasibətlərinin normallaşdırılmasını daim Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılması ilə əlaqələndirir.
“Türkiyə bu addımı ilə də növbəti dəfə sübut edir ki, Paşinyana dəstək göstərməyə ehtiyac duymur. Ermənistan hakimiyyəti də bu reallığı anlayır, lakin hələlik Türkiyə-Azərbaycan tandeminin diktə etdiyi qaydalarla oynamağa məcburdur”, - deyə nəşr qeyd edib.
Alpər Mövludoğlu
Ordu.az