Ordu.az xəbər verir ki, “Mach 25” sürətə çata bilən raket qlobal miqyasda strateji çəkindirmə təmin edəcək.
2026-cı il mayın 5-də keçirilən təqdimatda bildirilib ki, YILDIRIMHAN Türkiyənin müdafiə texnologiyalarında çatdığı səviyyəni nümayiş etdirir.
Türkiyə Milli Müdafiə Nazirliyinin AR-GE Mərkəzi tərəfindən hazırlanmış sistem barədə texniki detallar məhdud şəkildə açıqlansa da, raketin strateji təsiri diqqət çəkir.
Türkiyənin müdafiə naziri Yaşar Gülər bildirib ki, YILDIRIMHAN ölkənin indiyədək hazırladığı ən uzun mənzilli ballistik raketdir.
“YILDIRIMHAN-ı istifadə etməli olsaq, tərəddüd etmədən istifadə edərik”, - deyə o qeyd edib.

Açıqlanan 6000 kilometrlik mənzil raketin yalnız regional deyil, qitələrarası təsir dairəsinə yaxın imkanlara malik olduğunu göstərir.
Türkiyə mərkəz götürüldükdə bu məsafə Avropanın tamamını, Yaxın Şərqi, Şimali Afrikanı və Rusiyanın böyük hissəsini əhatə edir.
Eyni zamanda Mərkəzi Asiya, Hindistan yarımadası və Çinin qərb bölgələri də bu radius daxilində qalır.
Daha geniş baxdıqda isə Böyük Britaniyadan Hindistana, Skandinaviyadan Mərkəzi Afrikaya qədər uzanan geniş coğrafiya bu raketin təsir zonasına daxildir.
Bu isə sistemin yalnız yaxın region üçün deyil, daha geniş strateji məkan üçün nəzərdə tutulduğunu göstərir.
Məlumata görə, YILDIRIMHAN-ın sürəti “Mach 9” ilə terminal mərhələdə “Mach 25” arasında dəyişir və bu, onu hipersəs sinfinə daxil edir.
Hipersəs sürətlər mövcud hava hücumundan müdafiə sistemlərinin reaksiya müddətini ciddi şəkildə azaltdığı üçün müasir döyüş konsepsiyalarında mühüm üstünlük hesab olunur.
Raketin maye “Nitrogen Tetroxide” (N₂O₄) yanacaqdan istifadə etdiyi və dörd raket mühərriki ilə təchiz olunduğu bildirilib.
Ballistik raketlər yüksək sürətlə atmosferdən kənara çıxaraq müəyyən edilmiş hədəfə ballistik trayektoriya üzrə çatan sistemlərdir.
Bu tip sistemlər uzun mənzil və yüksək sürət xüsusiyyətlərinə görə erkən xəbərdarlıq və hava hücumundan müdafiə sistemləri üçün ən çətin hədəflərdən biri hesab olunur.
Bu sistemlərin əhəmiyyəti yalnız texniki imkanları ilə məhdudlaşmır.
Onlar eyni zamanda ölkələrin müdafiə doktrinasında əsas çəkindirmə elementi kimi çıxış edir.
Uzun mənzilli ballistik raket imkanları potensial təhlükələrə qarşı balans yaradır və hərbi strategiyalarda mühüm rol oynayır.
Sevinc Əliyeva
Ordu.az