Ordu.az xəbər verir ki, “SAHA İstanbul” tərəfindən İstanbul Sərgi Mərkəzində təşkil olunan SAHA 2026 Beynəlxalq Müdafiə, Aviasiya və Kosmos Sənayesi Sərgisi davam edir.
Bayraktar qeyd edib ki, Türkiyə ordusu və müdafiə sənayesi pilotsuz uçuş aparatları ilə dünyada ilk dəfə müharibə qazanan güc kimi tarixə düşüb və bu sahədə paradiqma dəyişdirərək mühüm nailiyyətlər əldə edib.
O bildirib ki, bu gün də yeni texnologiyalarla gələcəyə istiqamət verəcək yeni yanaşma ilə ictimaiyyət qarşısına çıxırlar və “Baykar” tərəfindən hazırlanan K2 kamikadze pilotsuz uçuş aparatı, “Mızrak” və “Sivrisinek” kamikadze pilotsuz uçuş aparatlarını təqdim ediblər.
Bayraktar bu məhsulların süni zəka ilə təchiz edilmiş sürü avtonomiyası ilə fəaliyyət göstərən, bir-biri ilə koordinasiya olunaraq qlobal mövqe müəyyən etmə sistemlərindən asılı olmadan hədəfi tapıb məhv edə bilən müxtəlif qabiliyyətlərə malik kamikadze pilotsuz uçuş aparatları olduğunu qeyd edib.
O bildirib ki, bu sistemlər “gəzən sursat” kimi də tanınır.
“Gəzən sursat” adlandırılmasının səbəbi odur ki, hədəfə doğru hərəkət edərkən onu tapa bilmədikdə istifadəçiyə yenidən qərar vermək imkanı yaradır və ya uyğun vaxtı gözləyərək hücum rejiminə keçə bilir. K2 850 kiloqram qalxış çəkisinə malikdir və kamikadze pilotsuz uçuş aparatlarının ən ağır sinfinə məxsusdur. O, MKE tərəfindən istehsal olunan 200 kiloqramlıq döyüş başlıqlarından istifadə edir. 2000 kilometrdən çox mənzilə malikdir və qlobal mövqe müəyyən etmə sistemlərindən tam müstəqil şəkildə fəaliyyət göstərə bilir. Bu isə o deməkdir ki, müasir döyüş şəraitində pilotsuz uçuş aparatlarını dayandırmaq üçün istifadə olunan radioelektron mübarizə vasitələrinə qarşı dayanıqlıdır. Üzərindəki kameralar vasitəsilə gecə və gündüz yer səthini tanıyaraq mövqeyini müəyyən edə bilir. Bu xüsusiyyət “Mızrak” və “Sivrisinek” sistemlərində də mövcuddur”, - deyə o bildirib.
Bayraktar vurğulayıb ki, yeni nəsil süni zəka dəstəkli kamikadze sürü texnologiyasının əsas üstünlüyü sürü sinerjisidir.
Onun sözlərinə görə, sistemlərin sayının çox olması həm döyüşün davamlılığı, həm də hücumun effektivliyi baxımından böyük üstünlük yaradır və buna görə də onların aşağı maliyyətli və asan istehsal oluna bilən olması vacibdir.
“Kamikadze sistemlərdən ən öndə “Sivrisinek” yerləşir, onun arxasınca “Mızrak” və ən sonda K2 gəlir. Məsələn, ön xəttdə 1000 ədəd “Sivrisinek”, arxasında 500-600 ədəd “Mızrak” və daha arxada 300-400 ədəd K2-dən ibarət hücum paketi yerləşə bilər. Bu, yeni nəsil döyüş paradiqmasının əsasını təşkil edir”, - deyə o qeyd edib.
Bayraktar əlavə edib ki, bu sistemlər AKINCI, “Bayraktar” TB2 və “Bayraktar” TB3 kimi pilotsuz uçuş aparatları tərəfindən idarə olunur və operator daha çox strateji qərar verən rolunda çıxış edir.
O qeyd edib ki, bu sistemlərin əsas üstünlüklərindən biri onların yenidən istifadə oluna bilməsidir.
“Bu sistemlər qısa uçuş zolaqlarından və hazırlıqsız ərazilərdən qalxa bilir. Onlar yalnız birdəfəlik istifadə üçün nəzərdə tutulmayıb. Əgər belə olsaydı, hər sınaqda yüzlərlə aparat itirilərdi. Bu səbəbdən onların geri qayıdaraq yenidən istifadə olunması nəzərdə tutulub. Lakin zəruri hallarda birdəfəlik istifadə üçün eniş qurğuları çıxarıla bilər”, - deyə o bildirib.
Bayraktar qeyd edib ki, bu sistemlərin bütün komponentləri Türkiyədə hazırlanır.
“Mızrak” sistemində radar axtarıcı başlıq, elektrooptik kameralar və gecə-gündüz işləyən sistemlər mövcuddur və bunlar “Baykar” və ASELSAN tərəfindən hazırlanıb.
Onun sözlərinə görə, “Mızrak”ın qalxış çəkisi 200 kiloqram, döyüş başlığı isə 40 kiloqramdır.
“Sivrisinek”in 20 kiloqram döyüş başlığı, K2-nin isə 200 kiloqram döyüş başlığı var. “Mızrak”ın mənzili təxminən 2000 kilometr, “Sivrisinek”in isə 1000 kilometrdən çoxdur. K2 də 2000 kilometrdən çox mənzilə malikdir. Bu sistemlər süni zəka əsaslı koordinasiya ilə fəaliyyət göstərir və “Mesh Network” adlı şəbəkə üzərindən əlaqə saxlayır. Bu əlaqə pilotsuz uçuş aparatları vasitəsilə mərkəzə ötürülür və radio səssizliyi şəraitində də fəaliyyət göstərə bilir”, - deyə Bayraktar vurğulayıb.
O bildirib ki, bu sistemlər süni zəka vasitəsilə xəritə və kamera məlumatlarını müqayisə edərək hədəfi avtomatik tapa bilir və bu, insan faktorunu daha təhlükəsiz məsafəyə çıxarmağa imkan verir.
Bayraktar əlavə edib ki, bu texnologiyalar döyüşdə yeni inqilabi dəyişikliklər yaradacaq.
O, həmçinin kamikadze olmayan pilotsuz uçuş aparatları ailəsinin ən kiçik üzvü olan “Kalkan” sistemini də təqdim edib.
Bayraktar qeyd edib ki, “Kalkan” 80 kiloqram çəkidədir və şaquli qalxış qabiliyyətinə malikdir.
“Kalkan” yaxın zamanda “Efes” təlimində ilk dəfə olaraq TCG “Burgazada” gəmisindən qalxaraq FPV pilotsuz uçuş aparatı ilə birlikdə hədəfə hücum edib və daha sonra avtomatik şəkildə gəmiyə geri enib”, - deyə o bildirib.
Sevinc Əliyeva
Ordu.az