Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “168.am” nəşri “İran qarşıdurmasının izi Ermənistan iqtisadiyyatında hiss olunur” başlıqlı məqaləsində yazıb.
Nəşrə görə, Ermənistanda iqtisadi fəallıq getdikcə zəifləyir.
“Qarşıdurma başlamazdan əvvəl də aktivlik zəifləməyə başlamışdı, lakin münaqişədən sonra bu prosesin tempi daha da sürətlənib. Mart ayında iqtisadi aktivliyin artım tempi əvvəlki ayla müqayisədə 0,6 faiz bəndi zəifləyərək 6,6 faizə enib.
Bundan əvvəl göstərici 7 faizi üstələyirdi, yanvarda isə hətta 7,6 faizə çatmışdı. Rübün nəticələrinə görə, iqtisadi aktivlik 7,1 faizə düşüb. Artım tempinin xüsusilə sənaye sahəsində ciddi şəkildə azaldığı vurğulanır. İlin ilk iki ayında sənayedə “misli görünməmiş artım” dövrünün başladığı təəssüratı yaranmışdı və fevralda artım demək olar ki, 24 faizə çatmışdı.
Lakin mart ayında sənaye artımı əvvəlki ilin eyni dövrü ilə müqayisədə 7 faizə qədər geriləyib, əvvəlki ayla müqayisədə isə hətta azalma qeydə alınıb”, - deyə müəllif bildirib.
Nəşr yazıb ki, bu kəskin dəyişimin hansı sahələr hesabına baş verdiyini iqtisadi göstəricilərin detalları dərc olunandan sonra dəqiq söyləmək mümkün olacaq.
“Hələlik bunun ilk növbədə mədən sənayesində azalma və erməni istehsalı adı altında həyata keçirilən bəzi malların reeksportunun aşağı düşməsi ilə bağlı olduğu ehtimal edilir. Rüb üzrə göstəricilərə əsasən, əvvəlki dövrdəki yüksək artım hesabına sənayedə yenə də 13,4 faizlik artım qeydə alınıb.
Bu göstərici ilk baxışdan pis görünməsə də, ötən ilin eyni dövründə sahədə 18,5 faizlik enişin yaşandığı nəzərə alınanda mənzərə tam aydınlaşır. Belə kəskin geriləmədən sonra bu cür artımın böyük uğur sayılmadığı və hətta əvvəlki ilin itkilərinin də tam bərpa olunmadığı vurğulanır”, - deyə “168.am” bildirib.
Nəşr kənd təsərrüfatındakı vəziyyəti isə xüsusilə acınacaqlı adlandırıb.
Qeyd edilir ki, ötən il uzunmüddətli geriləmədən sonra kənd təsərrüfatında müəyyən artım qeydə alınanda bu, geniş şəkildə təqdim olunmuş və hökumət bunu öz proqramlarının nəticəsi kimi göstərmişdi.
“İndi isə həmin proqramların hansı nəticəni verdiyi görünür. Bu ilin birinci rübündə kənd təsərrüfatı məhsullarının istehsalı 5,2 faiz azalıb. Büdcə hesabına milyardlarla vəsait müxtəlif proqramlara yönəldilir, subsidiyalar verilir, kredit faizləri dövlət hesabına ödənilir, lakin nəticə göz önündə deyil.
Bu vəziyyətin kənd təsərrüfatında həyata keçirilən proqramların səmərəsiz olduğunu bir daha göstərdiyi vurğulanır. Bir il sahədə cüzi artım qeydə alınsa da, bu il yenidən geriləmə müşahidə olunur.
Fevral ayında, xüsusilə dağ-mədən xammalı məhsullarının ixracının aktivləşməsi fonunda müəyyən artım əldə edildikdən sonra martda xarici ticarət yenidən azalma ilə üzləşib. Həm ixracın, həm də idxalın həcmləri azalıb. Bu azalma həm əvvəlki ilin eyni dövrü, həm də əvvəlki ayla müqayisədə qeydə alınıb. Ötən ilin eyni dövrü ilə müqayisədə ixrac təxminən 13 faiz azalıb, idxal isə 3,2 faiz geriləyib”, - deyə məqalədə qeyd edilib.
Nəşr xatırladır ki, bu azalmalar ötən ilin ciddi enişindən sonra baş verib.
“Belə ki, ötən ilin martında ixracdakı azalma 65 faizi, idxaldakı azalma isə 51 faizi aşmışdı. Belə kəskin geriləmələrdən sonra bu ilin martında da həm ixrac, həm də idxalın azalmaqda davam etdiyi qeyd olunur. Daxili ticarət dövriyyəsinin artım tempi də əhəmiyyətli dərəcədə zəifləyib. Rüb üzrə bu göstərici cəmi 2,1 faiz təşkil edib, mart ayında isə demək olar ki, sıfıra bərabər olub və cəmi 0,2 faiz artıb.
Daxili ticarətin, xüsusən də pərakəndə satışın dövriyyəsi vətəndaşların həm istehlak tələbi, həm də alıcılıq qabiliyyəti ilə birbaşa bağlıdır. Belə cüzi artımlar əhalinin ödəmə qabiliyyətli tələbatında demək olar ki, irəliləyiş olmadığını göstərir. Bu isə təsadüfi sayılmır, çünki son dövrdə inflyasiyanın, xüsusilə ərzaq qiymətlərinin artım tempinin nəzərəçarpacaq dərəcədə sürətləndiyi bildirilir.
Mart ayında ərzaq inflyasiyası təxminən 8 faizə çatıb. Ərzaq məhsulları isə vətəndaşların böyük hissəsinin istehlak səbətində əsas yer tutan məhsul qrupudur”, - deyə “168.am” vurğulayıb.
Nəşr bildirib ki, əvvəlki illərdə olduğu kimi, bu il də Ermənistan iqtisadiyyatının və iqtisadi artımının əsas ümidi tikinti sahəsidir.
“Tikintidə yüksək artım qeydə alınsa da, bu artımın nə sistemli, nə də dayanıqlı olduğu qeyd edilir. Bundan əlavə, həmin artımın ciddi əlavə dəyər yaratmadığı bildirilir. Belə artım fonunda iqtisadi inkişafdan və cəmiyyətin sosial durumunun yaxşılaşmasından danışmağın mənasız olduğu vurğulanır. Xidmət sektoru da iqtisadi artımın əsas istiqamətlərindən biri olaraq qalır.
Bu sahədə artım çox vaxt maliyyə sistemi, qumar biznesi və müəyyən qədər də informasiya texnologiyaları hesabına formalaşır. Bu üç sahə arasında ən vacib istiqamətin İT olduğu qeyd edilsə də, xidmətlər sektorunda onun payının böyük olmadığı bildirilir. İT-nin xidmətlərdə payı cəmi 7-8 faiz səviyyəsindədir və demək olar ki, maliyyə sektorundan iki dəfə geri qalır.
İlin əvvəlində Ermənistan iqtisadiyyatında fəallığın mənzərəsi belə olub. Onun strukturu və sahəvi bölgüsü bir daha göstərir ki, iqtisadiyyat yenə də problemli əsaslar üzərində qurulub və perspektivli hesab olunmayan sahələrə söykənməkdə davam edir”, - deyə müəllif qeyd edib.
Alpər Mövludoğlu
Ordu.az