Erməni siyasi xadim: “Paşinyanın Avropaya “yaxşı qiymətə sata bildiyi” bir məhsulu var, bu, anti-Rusiya xəttidir”

2026/05/1777953688.jpg
Oxunub: 326     14:08     06 May 2026    
“Nikol Paşinyan mayın 4-5-də İrəvanda keçirilən Avropa Siyasi Birliyinin (ASB) 8-ci sammiti və Ermənistan-Avropa İttifaqı 1-ci sammitinin tədbirlərini öz seçki kampaniyasının bir hissəsinə çevirməyə çalışır və aydındır ki, Avropa liderlərinin bu dəstəyi qarşılığında o, Ermənistanı geosiyasi toqquşmaların teatrına çevirir”.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistan parlamentinin “Şərəfim Var” fraksiyasının rəhbəri, Ermənistan Respublikaçılar Partiyasının icra orqanının üzvü Hayk Mamicanyan bildirib.

Onun sözlərinə görə, aksiyaların məqsədi Paşinyanın danışmadığı bütün problemləri səsləndirmək idi.

“Təbii ki, o, özünün həyata keçirdiyi anti-demokratik proseslərdən, siyasi məhbuslardan, repressiyalardan danışmır. Bizim məqsədimiz bütün bu reallıqları Avropadakı tərəfdaşlarımıza çatdırmaq idi. Bəziləri deyə bilər ki, onlar bunu bilirlər. Bəli, əlbəttə bilirlər. Aydındır ki, onların geosiyasi maraqları buna görə susmağı tələb edir, lakin bu o demək deyil ki, biz bunu bir daha səsləndirməməliyik. Məhz buna görə Respublikaçılar Partiyası və bir sıra digər siyasi qüvvələr bu çağırışa qoşularaq müxtəlif aksiyalar keçirdilər”, - deyə erməni deputat izah edib.

Parlament Assambleyasında Ermənistan nümayəndə heyətinin üzvü olan Mamicanyan xatırladır ki, Avropanın əsas dəyərlərindən biri xristian-demokratik dəyərlərdir, halbuki Paşinyan faktiki olaraq həm xristianlığa, həm də demokratiyaya zidd addımlar atır.

Lakin Mamicanyanın sözlərinə görə, Avropa liderləri hazırda bu barədə danışmırlar, çünki Paşinyanın Avropaya “yaxşı qiymətə sata bildiyi” bir məhsulu var, bu, anti-Rusiya xəttidir.

“Onlar bu barədə danışmırlar, çünki Paşinyanın Avropaya yaxşı qiymətə sata bildiyi bir məhsulu var, bu, anti-Rusiya xəttidir. Bunun sonu isə çox pis olacaq. Çox pis olacaq. Bu, bir tərəfin güclü, digər tərəfin zəif olmasına görə deyil. Mən bundan danışmıram. Mən ondan danışıram ki, hansı lider öz ölkəsini geosiyasi toqquşmaların teatrına çevirməyə cəsarət edibsə, bu, ölkə üçün çox pis nəticələrlə bitib. İki fil bir yerdə döyüşəndə heç vaxt bilmirsən hansı qalib gələcək, amma döyüş meydanı mütləq viran qalır. Mən Ermənistanın həmin yer olmasına qarşıyam. Paşinyan isə yenidən seçilmək üçün buna hazırdır”, - deyə erməni deputat qeyd edib.

Mamicanyan bildirib ki, Nikol Paşinyan Azərbaycan və Türkiyəyə xidmət edir.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Mamicanyan   Ermənistan  


Bizi "telegram"da izləyin