Erməni siyasi analitik: “Fransa 2027-ci il prezident seçkilərində artıq biabırçılığa çevrilmiş Makronla vidalaşacaq”

2026/05/1777953643.jpg
Oxunub: 550     18:59     06 May 2026    
“Gəlin səmimi olaq: səkkiz il əvvəl buraya heç kim gəlməzdi. Səkkiz il əvvəl bu ölkə danışıqlar masası arxasında Rusiyanın de-fakto peyki kimi qiymətləndirilirdi. Bu gün sizin ölkəyə bu qədər çox “ilk səfər” görməyimiz çox şey deyir”, - deyə Fransanın prezidenti Emmanuel Makron bildirib”.

Ordu.az xəbər verir ki, bunu erməni syasi analitik Hakob Badalyan bildirib.

“Əvvəla, ümid etmək lazımdır ki, Fransa kimi güclü bir ölkə və xalq tezliklə, 2027-ci il prezident seçkilərində artıq biabırçılığa çevrilmiş Makronla vidalaşacaq, onun prezidentliyi dövründə Fransa daha çox hörmət deyil, istehza obyektinə çevrilib.

Makronun bəyanatına qayıdaq. Əvvəla, səkkiz il əvvəl Ermənistanda Frankofoniya sammiti keçirilmişdi və həmin sammitdə məhz Makron bu təşkilatın bir çox yüksək səviyyəli nümayəndələri ilə birlikdə özü də iştirak etmişdi. Həmin sammitin keçirilməsi barədə qərar isə 2018-ci ildən əvvəl qəbul edilmişdi. 2018-ci ilin yayında Almaniyanın kansleri Angela Merkel Ermənistana səfər etmişdi və bu səfər barədə razılaşma da yenə 2018-ci ildən əvvəl əldə olunmuşdu”, - deyə o qeyd edib.

Badalyan vurğulayıb ki, 2018-ci ilə qədər Ermənistana dünyanın müxtəlif ölkələrindən, o cümlədən Avropa ölkələrindən bir çox dövlət rəhbərləri səfər etmişdilər.

“2018-ci ilə qədər ABŞ-ın dövlət katibi, ABŞ-ın müdafiə naziri Ermənistana gəlmişdi. Ermənistanda NATO təlimləri keçirilmiş, digər beynəlxalq toplantılar və tədbirlər baş tutmuşdu. Ermənistan beynəlxalq həyatın tamhüquqlu və geniş iştirakçılarından biri olmuşdu.

Fransanın prezidenti sadəcə olaraq sinik şəkildə yalan danışır ki, guya Ermənistana gəlmirdilər, çünki onu Rusiyanın peyki hesab edirdilər, indi isə gəlirlər, çünki onu müstəqil hesab edirlər. Sonra deyəcəyəm ki, niyə indi Ermənistana daha çox və daha “təmtəraqlı” səfərlərlə gəlirlər və niyə əvvəllər belə “təmtəraq” və tostvari entuziazm yox idi. Niyə indi daha “təmtəraqlı” səfərlərlə gəlirlər? Çünki indi artıq “Qarabağ” (ləğv edilmiş qondarma qurum-red.) yoxdur və Ermənistan haqqında deyilən o “təmtəraqlı” sözlər onların üzərinə Qarabağ məsələsi ilə bağlı heç bir, hətta mənəvi məsuliyyət də qoymur, bu isə onların Azərbaycanla münasibətlərində əlavə çətinliklər yaradardı.

Əlbəttə, Fransanın siyasəti həmişə müəyyən dərəcədə fərqli olub və bu, məhz Fransanın geosiyasi xüsusiyyətləri ilə, İrəvan istiqamətində həyati maraqları ilə bağlıdır. Amma bu halda da məhz buna görə 2018-ci ilə qədər Fransanın bütün prezidentləri, Jak Şirak, Nikola Sarkozi, Fransua Olland Ermənistana dövlət səfərləri həyata keçirmişdilər”, - deyə erməni siyasi analitik bildirib.

O qeyd edib ki, indi “Qarabağ” yoxdur və hamı sərbəst şəkildə, hətta “özünü unudaraq” Ermənistanı “tərifləyir”.

“Çünki “Qarabağ”ın olmaması ilə Orta Dəhliz uğrunda mübarizə üçün yol açılır və bu mübarizədə Ermənistanı “sevmək” lazımdır.

Mənzərə budur və məhz bu mənzərəyə görə deyirəm ki, Makronun bəyanatı sadəcə alçaq sinizmdir, başqa heç nə deyil. Çünki məsələ heç vaxt Ermənistanın Rusiyanın peyki olması ilə bağlı olmayıb”, - deyə o qeyd edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Badalyan  


Bizi "telegram"da izləyin