Erməni ekspert: “Cevdet Yılmaz Ankaranın Azərbaycanla münasibətlərinə cavabdeh əsas fiqurlardan biridir ”

2026/05/1777953583.jpg
Oxunub: 266     19:58     06 May 2026    
“Mayın 4-də Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz Ermənistana gəlib və İrəvanda Avropa Siyasi Birliyinin 8-ci sammitində iştirak edib”.

Ordu.az xəbər verir ki, bunu erməni türkşünas Varujan Geğamyan yazıb.

Onun sözlərinə görə, Türkiyənin rəsmi mediası, eləcə də bəzi nüfuzlu KİV-lər Yılmazın səfərini bu səviyyədə ilk səfər kimi təqdim edirlər.

“Bu ifadə türk siyasətçinin səfərinə müəyyən tarixilik verir və onu erməni-türk dialoqu çərçivəsində mühüm və yeni mərhələnin başlanğıcını qoyan addım kimi təqdim edir. Xatırladaq ki, Türkiyə mediası yaxın vaxtlara qədər bildirirdi ki, əgər prezident Rəcəb Tayyib Ərdoğan İrəvan sammitində iştirak etməsə, Türkiyə başqa səviyyədə təmsil olunmayacaq, çünki qaydalar yalnız dövlət başçılarının iştirakına imkan verir.

Türkiyədə vitse-prezident vəzifəsi 2018-ci ildə, ölkə idarəetmədə parlament sistemindən prezident üsul-idarəsinə tam keçid etdikdən sonra yaradılıb. Buna görə də faktiki baxımdan Yılmazın səfəri bu vəzifə çərçivəsində ilkdir. Lakin o, heç də 1991-ci ildən etibarən Ermənistana gəlmiş ən yüksək vəzifəli türk rəsmisi deyil. Xatırlamaq yetərlidir ki, 2013-cü ilin dekabrında Türkiyənin xarici işlər naziri, nüfuzlu siyasətçi Əhməd Davudoğlu Ermənistana səfər etmişdi və o, bundan bir il sonra Türkiyənin baş naziri olmuşdu, daha əvvəl isə 2008-ci ilin sentyabrında Türkiyə prezidenti Abdullah Gül işgüzar səfərlə İrəvanda olmuşdu. Gülün səfəri həqiqətən də təkcə formal olaraq prezident olması səbəbilə deyil, həm də onun türk siyasi sistemindəki real çəkisi və həmin dövrdə davam edən erməni-türk “futbol diplomatiyası”nın miqyası baxımından tarixi idi”, - deyə Geğamyan qeyd edib.

Geğamyan bildirib ki, bu mənada Yılmazın İrəvana səfərini nə tarixi, nə də dönüş nöqtəsi kimi qiymətləndirmək çətindir.

“Qeyd etmək yerinə düşər ki, təkcə son bir il ərzində Ermənistan Türkiyəyə daha yüksək səviyyədə səfərlər edib (baş nazir Nikol Paşinyan 2025-ci ilin iyununda, parlament sədri Alen Simonyan isə 2026-cı ilin aprelində işgüzar səfərlə İstanbulda olublar), buna cavab olaraq Türkiyə tərəfinin səfərini bərabər səviyyəli hesab etmək mümkün deyil. Bu baxımdan xatırlatmaq yerinə düşər ki, baş nazir Nikol Paşinyan şəxsən prezident Ərdoğanı İrəvana dəvət etmişdi: “İlk dəfə işgüzar səfərlə Türkiyədə olmuşam və səfəri çox uğurlu hesab edirəm. Görüş zamanı prezident Ərdoğanı 2026-cı ilin mayında İrəvanda keçiriləcək sammitdə iştirak etməyə dəvət etmişəm. Ümid edirəm ki, bu dəvət qəbul olunacaq”. Həm Ərdoğan, həm də Azərbaycan Prezidenti İlham Əliyev bu dəvəti rədd ediblər və bununla da son onilliklərin ənənəsini qoruyublar.

Ümumi iclasdan əlavə, İrəvandakı səfər çərçivəsində Yılmazın Norveçin baş naziri, Rumıniyanın prezidenti və Gürcüstanın baş naziri ilə ikitərəfli görüşləri və danışıqları keçirilib. Ermənistanın baş naziri Nikol Paşinyanla da ikitərəfli görüş keçirilib. Görüşün gündəliyi barədə heç nə məlum deyil, lakin nəzərə alsaq ki, sammitin əsas mövzularından biri kommunikasiya (connectivity) məsələsidir və Yılmaz tez-tez Zəngəzur dəhlizi layihəsindən danışır, istisna deyil ki, onun gündəmində bu məsələnin Türkiyə baxışı da yer alsın.

Qeyd etmək lazımdır ki, Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz 2023-cü ilin iyununda bu vəzifəyə təyin olunandan etibarən Ankaranın Azərbaycanla münasibətlərinə cavabdeh əsas fiqurlardan biridir və onun ritorikası iki ölkə arasında formalaşmış rəsmi təbliğat xətti üzərində qurulub”, - deyə erməni ekspert bildirib.

O qeyd edib ki, bunun əsas elementlərindən biri Zəngəzur dəhlizi layihəsidir və Yılmaz bu barədə danışarkən onu tez-tez Türk dünyası ilə əlaqələndirir.

“Məsələn, o, 2024-cü il oktyabrın 31-də Türkiyə parlamentində 2025-ci il büdcə layihəsinin müzakirəsi zamanı bildirib ki, Zəngəzur dəhlizi Qafqaz və türk respublikaları ilə əlaqə baxımından çox dəyərlidir. Türkiyənin kommunikasiya imkanları üçün son dərəcə əhəmiyyətlidir, çünki uzun müddətdir istifadə olunmayan böyük potensial mövcuddur. 2025-ci ilin sentyabrında Bişkekdə Türk Dövlətləri Təşkilatına üzv ölkələrin hökumət başçıları və vitse-prezidentlərinin görüşündə Yılmaz bəyan etmişdi ki, Zəngəzur dəhlizinin açılması ilə Cənubi Qafqazda yaranacaq yeni logistika şəbəkələri təkcə türk dünyasını regional ticarət mərkəzinə çevirməyəcək, həm də onun enerji təhlükəsizliyi baxımından strateji rolunu artıracaq. Həmin ilin dekabrında isə parlamentdə çıxışı zamanı Zəngəzur dəhlizini türk dövlətləri ilə birbaşa əlaqə təmin edən layihə kimi xarakterizə etmişdi. Bu tip bəyanatlar çoxdur və onların hamısında dəhlizin ümumtürk əhəmiyyətinə xüsusi vurğu edilir.

Görünür, vitse-prezident Yılmaz Ermənistan əleyhinə yönəlmiş başqa bir genişmiqyaslı layihədə, Qərbi Azərbaycan təşəbbüsünün irəli sürülməsində də iştirak edir. Buna, məsələn, təxminən bir il əvvəl, 2025-ci il mayın 20-də Yılmazın Ankarada, Türkiyə prezidentinin iqamətgahında Ədalət Vəliyevin rəhbərlik etdiyi Azərbaycan dövlət nümayəndə heyəti ilə görüşməsi sübut kimi göstərilir. Vəliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Qərbi Azərbaycan sakinlərini təmsil edirdi. Türkiyədə Azərbaycanın səfirliyinin sosial şəbəkə məlumatına görə, həmin görüşdə vitse-prezidentə Qərbi Azərbaycan İcmasının fəaliyyəti, eləcə də zorla köçürülmüş qərbi azərbaycanlıların geri qayıtmaq hüququ istiqamətində görülən işlər təqdim olunub”, - deyə Geğamyan bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Geğamyan   Ermənistan  


Bizi "telegram"da izləyin