Ermənistanın sabiq XİN rəhbəri: “Bu hakimiyyət üçün yeganə “Avropa” davranışı anti-rusluqdur, bunun qiymətini isə sıravi vətəndaş ödəyəcək”

2026/05/1777953297.jpg
Oxunub: 454     12:54     06 May 2026    
“Bu hakimiyyət üçün yeganə “Avropa” davranışı anti-rusluqdur, bunun qiymətini isə sıravi vətəndaş ödəyəcək, bu, Ermənistana nə məzmun baxımından, nə də dəyər baxımından bir millimetr də olsa, Avropaya yaxınlıq gətirmir”.

Ordu.az xəbər verir ki, bunu Ermənistanın keçmiş xarici işlər naziri Vardan Oskanyan yazıb.

“Nikol Paşinyan 2018-ci ildə baş nazirliyinə İrəvanda keçirilən Frankofon dövlətlər rəhbərlərinin yüksək səviyyəli sammiti ilə başladı və mümkündür ki, onu Avropa Siyasi Birliyinin sammiti ilə də başa vursun. Daxili siyasi təkan üçün nəzərdə tutulan bu addım strateji səhvə çevrilə bilər.

Paşinyan üçün xarici siyasət heç vaxt ölkənin maraqlarını müdafiə edən vasitə olmayıb. Xarici siyasətdə ehtiyatsız, kəskin və məzmunsuz manifestlər yalnız daxili auditoriyada divident qazanmaq məqsədi daşıyıb. Bunun nəticəsində Ermənistan kimi həssas mövqedə olan ölkədə balanslı və düşünülmüş siyasət aparmaq əvəzinə, Paşinyan özünü “Ermənistanı Avropaya aparan” şəxs elan edib”, - deyə o qeyd edib.

Oskanyan bildirib ki, əgər bir neçə il əvvəl bu səthi “proqrama” inananlar var idisə, bu gün artıq aydındır ki, Ermənistan Avropaya nə bir addım da yaxınlaşmayıb, əksinə, geosiyasi qarşıdurma meydanına çevrilib.

“Bu “mübarizədə” Ermənistanın qazanacağı heç nə yoxdur. Qazanan yalnız hakimiyyətdir, hakimiyyət anti-rus gündəminə qarşı avropalıların onun anti-demokratik addımlarına susmasına ümid edir.

Lakin vətəndaş son səkkiz il ərzində artıq anlayıb ki, bu siyasət nəticəsində Ermənistan öz təhlükəsizlik sistemini itirib, böyük itkilər verib və bunun müqabilində heç nə almayıb. Bu hakimiyyət hətta məişət məsələsində, vizaların liberallaşdırılması məsələsində belə Avropa məmurlarından heç bir nəticə əldə edə bilməyib.

Ermənistan, bəli, Avropa İttifaqı ilə sıx əlaqələrə malik olmalıdır. Lakin bu hakimiyyət sübut edib ki, bu istiqamətdə də heç bir irəliləyiş əldə etməyib. Onlar üçün yeganə “Avropa” davranışı anti-rusluqdur, bunun qiymətini isə sıravi vətəndaş ödəyəcək, bu, Ermənistana nə məzmun baxımından, nə də dəyər baxımından bir millimetr də olsa, Avropaya yaxınlıq gətirir”, - deyə sabiq erməni XİN rəhbəri vurğulayıb.

O qeyd edib ki, bu kontekstdə Avropa Siyasi Birliyinin sammiti, onun gündəliyi, qəbul ediləcək bəyanatlar və Volodimir Zelenski kimi fiqurların iştirakı Ermənistanın tarazsız xarici siyasətini daha da qabarda bilər, belə kursun iqtisadi və təhlükəsizlik baxımından mənfi nəticələri ilə bağlı narahatlıqları dərinləşdirə bilər.

“Ona görə də Ermənistanın hər bir seçicisi üçün daha aydın olur ki, sammitdən bir ay sonra Paşinyana veriləcək hər bir səs Ermənistanın təhlükəsizliyinə və iqtisadi dayanıqlığına ziyan vura bilər”, - deyə Oskanyan bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Oskanyan  


Bizi "telegram"da izləyin