Erməni ekspert: “Ermənistan qəbul edir, təşkil edir, müşayiət edir, amma gündəmi formalaşdırmır”

2026/05/1777953260.jpg
Oxunub: 323     12:33     06 May 2026    
“Bu günlərdə İrəvan elə bir məkana çevrilib ki, burada xarici mənalar özünkündən daha yüksək səslənir. Buraya liderlər gəlib, gündəmlər gətirilib, gələcəyin hazır izahları təqdim olunur. Və demək olar ki, nəzərə çarpmadan əsas sual arxa plana keçir: bu gələcəkdə Ermənistanın yeri haradadır?”.

Ordu.az xəbər verir ki, bunu erməni ekspert Vahe Davtyan öz “Facebook” səhifəsində yazıb.

Onun sözlərinə görə, Ermənistan hakimiyyəti, görünür, ən rahat yolu seçib: formalaşdırmaq yox, qoşulmaq.

“Xətt yaratmaq yox, xətlər arasında hərəkət etmək… Ümid edirlər ki, hərəkətin özü artıq strategiyadır. Halbuki bu, sadəcə driftdir. Ermənistan Avrasiya İqtisadi Birliyinin üzvü olaraq qalır, onun ərazisində Rusiyanın hərbi mövcudluğu saxlanılır və eyni zamanda İrəvanda Avropa Siyasi Birliyi toplaşır, təhlükəsizlik arxitekturasını müzakirə edir, burada əvvəlki ittifaqlara getdikcə daha az yer qalır.

Hakimiyyət bunu çeviklik adlandırır. Əslində isə bu, çoxvektorluluq pərdəsi altında seçimdən yayınmaq deməkdir. Bəli, siyasətdə seçimdən imtina da seçimdir. Amma adətən qaydaları müəyyən edən qüvvənin xeyrinə.

Ermənistan qəbul edir, təşkil edir, müşayiət edir, amma gündəmi formalaşdırmır. Bu, subyektin deyil, administratorun davranışıdır. Servis siyasətidir.

Beləliklə, dövlət mənanın mənbəyi olmaq qabiliyyətini itirir və xarici məna konstruksiyalarının daşıyıcısına çevrilir. O, artıq özü üçün nəyin dəyər olduğunu müstəqil müəyyən etmir və hətta qiymətləndirmə meyarlarını da borc almağa başlayır”, - deyə o qeyd edib.

Davtyanın qiymətləndirməsinə görə, görünür, hakimiyyət belə bir fərziyyədən çıxış edir ki, xarici diqqət nə qədər böyükdürsə, beynəlxalq subyektlik də bir o qədər yüksəkdir.

“Halbuki diqqət tanınma deyil. Bu, yalnız lazım olduğu müddətdə istifadə olunan resursdur. Sonra isə unudulur. Tarix dəfələrlə göstərib ki, kiçik dövlətlər əlaqələrin sayına görə deyil, aydın mövqelərinə görə yaşaya bilirlər. Mövqe bulanıq olduqda, ölkə körpü yox, keçid həyətinə çevrilir.

Və ən təhlükəlisi odur ki, guya eyni anda bir neçə bir-birinə uyğun olmayan sistemdə olmaq və bunun üçün heç bir bədəl ödəməmək mümkündür. Bədəl isə həmişə olur. Sadəcə o, heç vaxt əvvəlcədən elan edilmir”, - deyə erməni ekspert bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan  


Bizi "telegram"da izləyin