Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “168.am” nəşri yazıb.
“2020-ci il müharibəsi və müharibədən sonrakı hadisələr barədə parlamentdə qapalı formatda müzakirə təşkil etməyi təklif edirəm. Müzakirəyə həmin dövrdə vəzifə tutmuş siyasi və hərbi əsas vəzifəli şəxsləri, eləcə də dövlət və xidməti sirr təşkil edən məlumatlara çıxış icazəsi olan siyasi və ictimai xadimləri, ölmüş və itkin düşmüş hərbçilərin yaxınlarını cəlb etmək lazımdır.
Reallıqla üzləşməyin və dövriyyədə olan bütün yalanları və əsassız manipulyasiyaları dağıtmağın vaxtıdır. Silahlı qüvvələrə aid hissə üzrə ətraflı və çoxşaxəli əsaslandırılmış təhlil təqdim etməyə hazıram”, - deyə generalın yaydığı bəyanatda qeyd olunur. Bu barədə “168.am” da yazıb”, - deyə nəşr bildirib.
Müəllifin sözlərinə görə, demək olar ki, eyni vaxtda Ermənistanın keçmiş müdafiə naziri Davit Tonoyan (əslində Onik Qasparyan da onu qapalı görüşə dəvət edirdi) “24News”a müsahibəsində Baş Qərargahın keçmiş rəisinin təklifinə toxunaraq bildirib:
“İstintaq komissiyasında mənə verilən suallara tam cavablar vermişəm. Eyni dırmığa yenidən basmaq istəmirəm. Əlavə edəcək sözüm yoxdur, əgər daha peşəkar suallar olmasa. Və düşünmürəm ki, seçki mərhələsində belə müzakirələr məqsədəuyğundur, çünki istər qapalı, istər açıq olsun, bu, qeyri-peşəkar və qeyri-kompetent manipulyasiyalara səbəb olacaq”.
Nəşr qeyd edib ki, aprelin 18-dən 19-na keçən gecə yayılan bəyanat-təklifdən sonra Ermənistan parlamentinin müdafiə və təhlükəsizlik komissiyasının sədri Andranik Köçəryan “Azadlıq” radiosu vasitəsilə qapalı görüş təşkil etmək təklifinə cavab olaraq bildirib: “Onik Qasparyan istintaq komissiyasında iki gün suallara cavab verib və bu, hesabatda əks olunub. Bütün izahları verib, öz qeydlərini də təqdim edib. İndi nə istəyir?”.
“Lakin aprelin 30-da “24News”a müsahibəsində “Vətəndaş Müqaviləsi” fraksiyasının deputatı Qaqik Melkonyan (44 günlük müharibə üzrə istintaq komissiyasının işində iştirak edib) bildirib ki, o, Andranik Köçəryana Baş Qərargahın keçmiş rəisi Onik Qasparyanla komissiya üzvləri arasında qapalı görüş təşkil etməyi təklif edib və guya Köçəryan bu təklifi qəbul edib. Yəni fikrini dəyişib?
“Tezliklə bu sualın cavabını biləcəksiniz. Mümkündür ki, komissiya üzvləri ilə Onik Qasparyanın qapalı görüşü təşkil olunsun. Əlbəttə, biz iki gün birlikdə sual-cavabda iştirak etmişik, yəqin ki, nəsə xatırlayıb və ya demək üçün yeni nəsə var. Əgər iki günlük işdən sonra əlavə nəsə yaranıbsa, mən şad olaram ki, gəlib desin, hansı suallar qalıb. Bir çox məsələlərdən danışıb, hər şeyi deyib. Bütün suallara dolğun cavab verib, problem görməmişik. İndi isə şad olarıq ki, gəlib həmin əlavə hissəni açıqlasın… Təkrar edirəm, mən Andranik Köçəryana müraciət etmişəm, o da bu məsələyə müsbət yanaşır və düşünürəm ki, çox tezliklə görüş təşkil olunacaq”, - deyə hakim partiyadan olan general davam edib.
“Siz Onik Qasparyanın hərəkətlərində cinayət tərkibi görmüsünüzmü?” sualına Qaqik Melkonyan cavab verib: “Mən nə müstəntiqəm, nə də hakim”, - deyə məqalədə vurğunıb.
Nəşrin xatırlatdığına görə, bu, elə həmin Qaqik Melkonyandır ki, 2021-ci ilin martında, artıq Baş Qərargah Nikol Paşinyanın istefasını tələb etdiyi vaxt, belə demişdi: “Onik Qasparyan istefa verməlidir, müharibəni o uduzub”.
“Bundan əlavə, 2022-ci ilin iyulunda da demişdi ki, Onik Qasparyanın məhkəmə qarşısında cavab verəcəyi gün çox yaxındır. “İsgəndər” raketlərinin tətbiqi ilə bağlı qalmaqallı plan kontekstində isə Qaqik Melkonyan belə açıqlamalar vermişdi ki, “məsələn, 25-35 kilometr məsafədə vurulmalı hədəflər var idi və bu hədəfləri vurmalı olan “İsgəndər” yox, başqa bir raket idi və belə planlaşdırma şəraitində, əlbəttə, biz məğlub olmalı idik”.
Kifayət qədər uzun və qarışıq bir tarixçə yaranır ki, bununla bağlı, yəqin ki, Onik Qasparyanın izahlarını dinlədikdən sonra Qaqik Melkonyan fikrini dəyişib, bəlkə də başqa səbəblər də var. Nəticədə nə olacağını, yəni seçki dövründə Baş Qərargahın keçmiş rəisinin istədiyi qapalı görüşün təşkil olunub-olunmayacağını, həm də bu sahədə kimin hansı oyunu oynadığını zaman göstərəcək. Bir şey aydındır ki, hakim partiya nümayəndələri qarşısında 44 günlük müharibə zamanı əsas fiqurlardan birinin növbəti görüşü heç nəyi yerinə qoymayacaq. Hər halda, hadisələrin inkişafını gözləyək”, - deyə nəşr bildirib.
Müəllif qeyd edib ki, bu arada isə Baş Qərargahın keçmiş rəisinin yaxın çevrəsi onu müdafiə etmək adı altında əslində Nikol Paşinyanı “təmizləməklə” məşğuldur.
“Maraqlıdır ki, müharibədən 6 il sonra birdən-birə Onik Qasparyanın müşaviri kimi təqdim olunan şəxs xatırlayır ki, 44 günlük müharibə zamanı Ermənistanda hərbi vəziyyət elan olunmuşdu və Nikol Paşinyan özünü ali baş komandan kimi təqdim edə bilməzdi, Baş Qərargah rəisi də ona birbaşa tabe olmamalı idi. Bu barədə 6 ildir müəyyən mənada məsuliyyəti Müdafiə Nazirliyinə yönəldərək yazırıq. Bu halda isə Onik Qasparyanın deməyə və sübut etməyə daha çox sözü var və necə ki, yaxın vaxtlarda Baş Qərargah rəisinin keçmiş birinci müavini Tiran Xaçatryan bizimlə söhbətində qeyd etmişdi: “Əgər hərbi vəziyyət zamanı Paşinyan ali baş komandan ola bilməzdisə, niyə hər şeyi ona məruzə edirdilər və qərarları o verirdi?”.
Açıq faktlar var ki, Nikol Paşinyan özü hərbi qərar qəbul etdiyini etiraf edib, başqa məsələ isə bunun nə dərəcədə reallığa uyğun olmasıdır.
Bu silsiləni, o cümlədən Şuşa ilə bağlı davam etdirmək olar. Lakin bu da hamısı deyil. Onik Qasparyanın müşaviri kimi təqdim olunan şəxs yaxın günlərdə “hədələyərək” bildirib: “Onik Qasparyan danışmağa başlasa, 90-cı illərin sonlarından başlayacaq, Ermənistan hansı yolla gedib, ordu üçün nə yaradılıb, müharibə başlayanda ordu nəyə malik idi, hava hücumundan müdafiə vasitələri alınıbmı, silah-sursat istehsal edilibmi, raketlər alınıbmı, ordu üçün nə alınıb… Partladacaq, amma bilin ki, bu, yalnız Nikol Paşinyanla bağlı olmayacaq, bütün prezidentlər zərər görəcək”.
Keçmiş hakimiyyətlərin dövründə orduda boşluqların olması və bir çox məsələlərin, o cümlədən silahlanma ilə bağlı problemlərin daha əvvəl həll edilməli olduğu heç kim tərəfindən inkar edilmir. Lakin müharibədə məğlubiyyətə görə Qasparyanın yaxın çevrəsinin keçmiş prezidentləri günahlandırmağa başlaması, hər halda, o qədər də etik deyil”, - deyə məqalədə vurğulanıb.
Müəllif yazıb ki, nəticə etibarilə, Onik Qasparyan ordunu daxildən yaxşı tanıyırdı, ən azı Baş Qərargah rəisi vəzifəsinin məsuliyyətini üzərinə götürməyə bilərdi.
“Yeri gəlmişkən, 2023-cü ildə ətraflı izah etmişdik ki, niyə Onik Qasparyan 2018-ci ildə Baş Qərargah rəisi təyin olunmadı, halbuki həmin vaxt Paşinyanın ailə qəzetində bu barədə məlumat yayılmışdı. Əlavə edək ki, o, 2016-cı ilin Aprel döyüşlərindən sonra Silahlı Qüvvələrin 7 illik inkişaf proqramının hazırlanmasında iştirak edib və xüsusən zaman-zaman bununla bağlı suallar yarananda, açıq şəkildə deyə bilər ki, bu proqram nədən ibarət idi. Bu, birincisi.
İkincisi, əgər Onik Qasparyan öz yaxın çevrəsinin və müşavirlərinin iddialarını bölüşürsə, niyə Nikol Paşinyana “xidmət edirdi”, eyni zamanda isə Ermənistanın 3-cü prezidenti Serj Sarkisyan ilə görüşərək deyirdi: “Görünür, biz təslim etdiyimizdən daha çoxunu təslim etməliyik?”. Bunu həm Serj Sarkisyan, həm də hətta Nikol Paşinyan təsdiqləyib”, - deyə məqalədə qeyd edilib.
Nəşr bildirib ki, daha sonra, 2021-ci ilin parlament seçkiləri zamanı Onik Qasparyan Ermənistanın ikinci prezidenti Robert Köçəryana dəstəyini ifadə etmişdi.
“Əgər indi Onik Qasparyanın narazı olduğu məsələlər varsa, bu, onun öz hərbi bioqrafiyasını təhlükə altına atması üçün əsas deyil. Halbuki Onik Qasparyan birinci müharibədən keçmiş, orduda ciddi töhfələri olan, Tavus istiqamətində üstün mövqe formalaşdırılmasında iştirak etmiş, savadlı və korrupsiyaya bulaşmamış zabit kimi tanınıb.
44 günlük müharibə kontekstində isə qeyd edilməlidir ki, 2020-ci ilin sentyabrın 25-dən etibarən o, Baş Qərargahda qalmışdı və müharibə zamanı COVID-19-a yoluxsa da, vəziyyəti kifayət qədər ağır olsa da, əldə etdiyimiz məlumata görə, xəstəxana şəraitində müalicə olunmamışdı.
General Qasparyanın müsbət fəaliyyətləri barədə biz müharibədən sonra da bu 6 il ərzində yazmışıq, düşünmüşük ki, bəlkə də bilmədiyimiz məqamlar var, bu hakimiyyət onun məsuliyyətə cəlb edilməli olduğu instansiya deyil, qeyri-hakimiyyət dairələrindən olan fərarilər onun nüfuzuna xələl gətirməməlidir. Lakin onun ətrafının davranışını, qeyri-korrekt münasibətini, şübhəsiz ki, onun məlumatı ilə baş verdiyini gördükdən sonra, Serj Sarkisyanın sözləri ilə desək, qısa demək istəyirik: Onik Qasparyan, “general rütbələrini ləkələmə”, - deyə müəllif bildirib.
Alpər Mövludoğlu
Ordu.az