Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “168.am” nəşri “Əvvəllər yerin təkinin “dağıdılıb-satılması” olmazdı, indi artıq olar” başlıqlı məqlaəsində yazıb.
Nəşr qeyd edib ki, artımlar, əlbəttə, olur, lakin onlar hiss olunacaq səviyyədə deyil.
“Əgər məlum xarici amillər də olmasaydı, bu bir neçə faizlik artımlar belə olmayacaqdı. Bu ilin əvvəlində xarici amillər bir növ zəifləyib, bunun əvəzində isə təəccüblü şəkildə sənaye artımı kəskin şəkildə aktivləşib. Belə təəssürat yaranır ki, sənaye yüksək aktivlik mərhələsinə daxil olub. Lakin bu aktivlik inkişaf demək deyil.
Sənaye artımında yerin təkinin istismarının rolu əhəmiyyətli dərəcədə artıb, halbuki Nikol Paşinyan indi yerin təkinin “dağıdılıb-satılması”ndan danışmır.
İlin əvvəlində yerin təkinin istismarı sahəsində kəskin artımlar qeydə alınıb. Uzun müddət davam edən azalmadan sonra ixrac da artıb. Ötən illə müqayisədə ilin ilk 2 ayında xarici bazarlara tədarük 130 milyon dollar artıb”, - deyə məqalədə vurğulanıb.
Nəşrin yazdığına görə, belə görünür ki, ixrac da iqtisadiyyatın müxtəlif sahələri hesabına yaxşı başlanğıc götürüb.
“Lakin ixracın strukturuna dərindən baxdıqda görürük ki, bu artım yalnız və ya əsasən yerin təki hesabına baş verib. Xarici bazarlara Ermənistandan tədarüklər 130 milyon dollar artdığı halda, yalnız mədən xammalı məhsullarının ixracı 145 milyon dollar artıb. Yəni ümumi ixrac artımından belə 15 milyon dollar çox…
Mədən xammalı məhsullarının ixracı 273 milyon dollar təşkil edib ki, bu da ötən ilin göstəricisini iki dəfədən çox üstələyir. Mədən xammalı məhsullarının ixracı istehsal həcmlərinin artması ilə paralel şəkildə yüksəlib. Rəsmi məlumatlara görə, ilin ilk 2 ayında mədən sənayesi və açıq mədənlərin istismarı sahəsində istehsal həcmləri demək olar ki, 43 faiz artıb. Fevralda isə artım hətta 67 faizə çatıb”, - deyə müəllif bildirib.
“168.am” vurğulayıb ki, düzdür, bu artımlar ötən ilin təxminən 20 faizlik azalmasından sonra qeydə alınıb, lakin ötən ilin azalması bu ilin artımından xeyli az olub.
“Bu isə müəyyən suallar yaradır və həmin suallar Nikol Paşinyanın baş nazir vəzifəsini tutduqdan sonra verdiyi bəyanatlardan qaynaqlanır. O zaman o, geniş şəkildə bəyan edirdi ki, əvvəlkilər yerin təkinin “dağıdılıb-satılması” ilə iqtisadi artım göstəriblər və bundan sonra iqtisadi artım yerin təkinin “dağıdılıb-satılması”, mədənlərin istismarı və xammalın ixracı ilə bağlı olmayacaq.
“Biz uzun illər ərzində iqtisadi artımı yerin təkinin dağıdılması, mədənlərin istismarı və həmin xammalın ixracı ilə əlaqələndirdiyimiz modelə malik olmuşuq. Demişik ki, ixracımız var, iqtisadi artımımız var. Lakin bu, davamlı inkişaf modeli deyil. Ermənistanın iqtisadi inkişafı artıq yerin təkinin dağıdılıb-satılmasına əsaslana bilməz. Biz bilik, texnologiya və yaradıcı əməyə əsaslanan iqtisadiyyata keçməliyik ki, burada dəyər insanın düşüncəsi ilə yaradılsın, torpağın altından çıxarılan resurslarla yox”, - deyə vaxtilə əvvəlki hakimiyyəti tez-tez və əsassız ittiham etmək meyli ilə çıxış edən Nikol Paşinyan bildirirdi.
Onun həmin bəyanatından illər keçməsinə baxmayaraq, gördüyümüz kimi, çox şey dəyişməyib. Yenə də yerin təkinin “dağıdılıb-satılması” həm sənaye və ixrac artımında, həm də ümumilikdə iqtisadi artımda mühüm rol oynayır. Lakin indi Nikol Paşinyan bu barədə danışmır. O, bunu əvvəlkiləri qaralamaq və ittiham etmək lazım olanda deyirdi”, - deyə məqalədə qeyd edilib.
Nəşr bildirib ki, yerin təkinin istismarı, əlbəttə, cinayət deyil.
“Bu, ölkənin sərvətidir və ölkənin problemlərinin həllinə xidmət etməlidir. Başqa məsələ isə odur ki, bu sərvət hər zaman düzgün istifadə olunmur. İllər keçməsinə baxmayaraq, tez-tez hazır məhsul əvəzinə xammal ixrac olunduğunu görürük.
Uzun müddətdir Ermənistanda misəritmə zavodunun tikilməsi barədə danışılır ki, bu da yerin təkinin istismarının səmərəliliyini xeyli artırar və iqtisadiyyatın keyfiyyətini yaxşılaşdırardı. Lakin gördüyümüz kimi, illər keçməsinə baxmayaraq, heç bir irəliləyiş yoxdur.
Bilik əsaslı və texnoloji cəhətdən inkişaf etmiş iqtisadiyyatın yaradılması istiqamətində də irəliləyiş yoxdur. Əvvəlkiləri ittiham edən Nikol Paşinyan və onun hökumətləri danışmaqdan başqa iqtisadiyyatın keyfiyyətini dəyişməyə və davamlı inkişaf modelini formalaşdırmağa nail ola bilməyiblər. Son illərdə Ermənistan iqtisadiyyatında yüksək artımlar qeydə alınsa da, bu artımlar keyfiyyət yaratmır. Onlar əsasən təsadüfi və müvəqqəti amillərə, iqtisadiyyatın əsas olmayan sahələrinə əsaslanan artımlardır və iqtisadi inkişaflara demək olar ki, heç nə əlavə etmir.
Məhz buna görə Ermənistan iqtisadiyyatının strukturu yaxşılaşmır. Texnoloji inkişaf vəd edən hakimiyyət iqtisadiyyatın aparıcı sahəsinə ticarəti və müəyyən istisnalarla xidmət sahələrini çevirib ki, burada demək olar ki, dəyər yaradılmır. Halbuki iqtisadiyyatın real sektoru kölgədə qalıb.
Azalmalardan sonra baş verən bərpa prosesləri bəzən irəliləyiş təəssüratı yaradır, lakin onların içində perspektivli inkişaf yoxdur. Məsələnin mahiyyətini anlamaq üçün bir nümunə göstərək”, - deyə nəşr vurğulayıb.
Müəllif yazıb ki, rəsmi məlumatlara görə, bu il zərgərlik məmulatlarının istehsalı 55 faizdən çox artıb.
“Belə görünür ki, zərgərlik sahəsində sürətli inkişaf baş verir. Lakin bu nə inkişafla, nə də real aktivliklə bağlıdır. Bu, sadəcə ötən ilin kəskin azalması ilə əlaqədardır. Ötən ilin eyni dövründə zərgərlik sahəsində 70 faizlik azalma qeydə alınmışdı. Bu il artım olsa da, hələ əvvəlki səviyyəyə belə çatmayıb.
İllər əvvəl Ermənistanda zərgərlik məhsullarının istehsal həcmi indikindən xeyli çox idi, baxmayaraq ki, zahirdə yüksək artım göstəriciləri müşahidə olunur. Bu isə yalnız zərgərlik sahəsinə aid deyil. Elə buna görə də, bəzən yüksək artım göstəricilərinə baxmayaraq, iqtisadiyyatda keyfiyyət dəyişiklikləri baş vermir”, - deyə müəllif bildirib.
Alpər Mövludoğlu
Ordu.az