Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “168.am” nəşri “İqtisadiyyatda əsas rolu kimlər oynayır” başlıqlı məqlaəsində yazıb.
Nəşrə görə, erməni nazir təbii ki, Ermənistan iqtisadiyyatının bu nəticəyə hansı səbəblərlə nail olduğunu açıqlamır.
“Üstəlik, o gizlədir ki, söhbət iqtisadi inkişafdan yox, iqtisadi artımdan gedir və bunlar tamamilə fərqli anlayışlardır. İqtisadi artım ola bilər, lakin bu, inkişaf demək deyil. Ermənistan iqtisadiyyatında da müşahidə olunan məhz budur.
Son illərdə rəsmi statistikada yüksək iqtisadi artım qeydə alınsa da, bu, iqtisadiyyatın inkişaf etdiyini göstərmir. Dövlət Gəlirləri Komitəsinin açıqladığı cari ilin ilk rübü üzrə iri vergiödəyicilərin siyahısı bir daha göstərir ki, iqtisadiyyatın vəziyyəti zəifdir.
İri vergiödəyicilər arasında əsas rolu ticarətlə məşğul olan şirkətlər, qumar biznesi və maliyyə sektoru, xüsusilə banklar oynayır. Banklar son illərdə həm xarici maliyyə axınlarını idarə etməklə, həm də kredit faizlərini və xidmət haqlarını yüksək səviyyədə saxlayaraq böyük gəlirlər əldə edirlər. Bunun əksinə olaraq, uzunmüddətli iqtisadi inkişafın və büdcə gəlirlərinin dayanıqlığının əsasını təşkil edən real sektor getdikcə öz əhəmiyyətini itirir”, - deyə məqalədə qeyd edilib.
Müəllifin sözlrəinə görə, artıq adi hala çevrilib ki, iri vergiödəyicilər siyahısına Ermənistana malları bir ölkədən idxal edib başqa ölkəyə ixrac edən şirkətlər başçılıq edir.
“Bu şirkətlərdən biri telefon və məişət texnikası satışı ilə məşğul olan “Mobile Centre Art” şirkətidir. Bu şirkət Rusiyaya qarşı beynəlxalq sanksiyalar tətbiq olunduqdan sonra daha çox tanınmağa başlayıb. Ermənistanda telefon və məişət texnikası istehsal olunmur, lakin bu məhsullar böyük həcmdə ixrac edilir. Əsas ixrac istiqaməti Rusiya bazarıdır və ixracı həyata keçirən şirkət “Mobile Centre Art”dır ki, bu da iş adamı Samvel Aleksanyana məxsusdur.
Şirkət cari ilin ilk rübündə təxminən 21,3 milyard dram vergi ödəyib. Bunun 95%-i əlavə dəyər vergisidir (20,3 milyard dram). Bu məbləğ idxal zamanı ödənilir, lakin təkrar ixrac zamanı geri qaytarılır. Nəticədə büdcə üçün real fayda demək olar ki, yoxdur, çünki vəsait bir tərəfdən daxil olub digər tərəfdən geri çıxır”, - deyə nəşr bildirib.
Nəşrin yazdığına görə, büdcənin real gəliri təxminən 1 milyard dram təşkil edir ki, bu da digər vergilər, o cümlədən mənfəət və gəlir vergiləri hesabına formalaşır.
“Mobile Centre Art”ın nə qədər müddət iri vergiödəyicilər siyahısında lider qalacağı isə zaman məsələsidir. Son illərdə Ermənistan üzərindən Rusiya bazarına təkrar ixracla məşğul olan digər şirkətlər də olub, lakin onlar tədricən sıradan çıxır. Məsələn, “Pretty Way” şirkətinin ödədiyi vergilər bu il xeyli azalıb: ötən ilin ilk rübündə 6,5 milyard dram olduğu halda, bu il cəmi 1,3 milyard dram olub.
İri vergiödəyicilər arasında ticarət fəaliyyəti ilə məşğul olan digər şirkət, “Wildberries” platforması da ön sıralardadır. Bu şirkət əsasən xaricdən malların idxalı ilə məşğuldur və ödədiyi vergilərə görə 6-cı yerdədir. Qeyd edək ki, bu platforma 2026-cı il aprelin 20-dən etibarən Rusiyada gömrük qaydalarının dəyişməsi səbəbindən erməni şirkətlərinin satışlarını dayandırıb”, - deyə məqalədə bildirilib.
Müəllif yazıb ki, 1000 iri vergiödəyici arasında ticarətlə məşğul olanların payı təxminən 38% təşkil edir.
“Yalnız ilk 20-liyə daxil olanların arasında 7-8 belə şirkət var. Bunlara tütün satışı ilə məşğul olan “Philip Morris Armenia”, yanacaq sektorunda fəaliyyət göstərən “CPS Energy Group” və “Max Oil” kimi şirkətlər daxildir. Həmçinin “City” və “Alex Holding” də ilk 20-likdə yer alır.
İri vergiödəyicilər siyahısında qumar biznesi də mühüm yer tutur. Son illərdə bu sahənin sürətlə genişlənməsi nəticəsində bir çox insanlar üçün sosial problemlər yaransa da, bu sektor böyük gəlirlər əldə edir.
Ən iri 15 vergiödəyicidən 3-ü, yəni 20%-i məhz qumar biznesinə aiddir. “Soft Construct” bu siyahıda 5-ci yerdədir, “Digitain” 7-ci, “Cobarkon” isə 15-ci yeri tutur. Bu şirkətlərin ödədiyi vergilər ötən illə müqayisədə demək olar ki, iki dəfə artıb.
“Soft Construct” ötən il 4 milyard dram vergi ödədiyi halda, bu il 8 milyard ödəyib. “Digitain”in ödənişləri 3,2 milyard dramdan 6,7 milyard drama yüksəlib. “Cobarkon” isə 2,2 milyard dramdan təxminən 4,5 milyard drama qədər artım göstərib”, - deyə müəllif qeyd edib.
Nəşr bildirib ki, bundan sonra bank sektoru gəlir.
“İri vergiödəyicilər arasında bir çox banklar yer alır və onlar son illərdə rekord mənfəət əldə etdiklərinə görə yüksək məbləğdə vergilər ödəyirlər.
Cari ilin ilk rübündə “Ameriabank” 4,8 milyard dramdan çox vergi ödəyərək lider olub. “Ardshinbank” 4 milyarddan çox, “ACBA Bank” təxminən 3,8 milyard, “Evocabank” isə 2,3 milyard dramdan çox vergi ödəyib. İlk 25 iri vergiödəyici arasında 4 bank yer alır və digər bankların da vergi ödənişləri kifayət qədər yüksəkdir.
Beləliklə, iri vergiödəyicilər arasında əsas rolu ticarət, qumar biznesi və maliyyə sektoru oynayır. Bunun əksinə olaraq, istehsal sahəsində fəaliyyət göstərən şirkətlərin mövqeləri zəifləyir. Bir vaxtlar ən böyük vergiödəyicisi olan “Zəngəzur mis-molibden kombinatı” hazırda 3-cü yerdədir, “Grand Tobacco” isə 4-cü yeri tutur. Yeri gəlmişkən, sonuncunun ödədiyi vergilər bu il azalıb”, - deyə nəşr bildirib.
Alpər Mövludoğlu
Ordu.az