Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Past” nəşri “Paşinyan uğursuzluqlarının məsuliyyətini müxalifətin üzərinə atır” başlıqlı məqaləsində yazıb.
Nəşrə görə, ötən günlərdə məlum olub ki, Rusiyanın “Vayldberis” və “Ozon” ticarət platformaları minlərlə erməni şirkətinin səhifəsini silib və onların məhsullarının Rusiya bazarında satışından imtina edib.
“Bu addımın siyasi təzyiq elementi daşıdığını inkar etmək mümkün deyil, çünki indiyədək bununla bağlı heç bir aydın izah verilməyib. Eyni zamanda, aydındır ki, baş verənlər Paşinyan hakimiyyətinin uğursuz siyasətinin nəticəsidir. Rusiya şirkətlərindən biri açıqlama verərək bildirib ki, problem Rusiyada idxal və gömrük rüsumları ilə bağlı yeni qaydalarla əlaqədardır.
Buna baxmayaraq, məsələni rus tərəfdaşlarla həll etmək əvəzinə, Ermənistanın hazırkı hakimiyyəti məsuliyyəti müxalifətin üzərinə qoyur. İqtisadiyyat naziri Gevorq Papoyan bəyan edib ki, Vayldberis ilə bağlı son hadisələrin arxasında Ermənistandakı iki müxalif qüvvə dayanır.
“Bu problemdən xüsusilə həmin qüvvələri dəstəkləyən revanşistlər sevinir və hətta bunu açıq şəkildə nümayiş etdirirlər. Onlar onlarla insanla birlikdə sevinirlər ki, erməni istehsalçılar üçün problemlər yaranıb. Bu məsələni də həll edəcəyik. Siz aylarla başqa ölkələrin məmurlarına Ermənistan barədə şikayətlər göndərməklə bu vəziyyətə nail oldunuz, biz isə yaxın zamanda problemi həll edəcəyik. Xarici ölkələrdə Ermənistan və erməni istehsalçıları haqqında yalan məlumat yayanların ölkənin siyasi həyatında yeri yoxdur”, - deyə o bildirib.
Papoyan konkret hansı qüvvələrdən söhbət getdiyini açıqlamayıb, çünki bununla bağlı heç bir fakt təqdim etmir”, - deyə müəllif vurğulayıb.
Nəşr bildirib ki, bunun əvəzinə, o, dolayı ittihamlarla müxalifətə qarşı ictimai rəy formalaşdırmağa çalışır.
“Halbuki fakt ondan ibarətdir ki, Ermənistanın hazırkı hakimiyyətinin siyasəti ölkənin həm daxili və xarici vəziyyətini, həm də iqtisadi durumunu ciddi şəkildə risk altına salır”, - deyə müəllif qeyd edib.
Alpər Mövludoğlu
Ordu.az