Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Past” nəşri “İrəvanın ikili oyunu: Paşinyan sözlərlə Moskvaya qarşı çıxır, ətrafı isə Rusiya ilə əlaqələrdən faydalanır” başlıqlı məqaləsində yazıb.
Nəşrə görə, Paşinyanın rəhbərliyi altında Ermənistanın siyasi kursu ziddiyyətli xarakter daşıyır.
“Bir tərəfdən, Rusiyanın təsirinin “zəhərli” olduğu barədə bəyanatlar səsləndirilir, Avropa İttifaqına inteqrasiya çağırışları edilir, Türkiyə və Azərbaycan ilə dialoq təşəbbüsləri irəli sürülür. Digər tərəfdən isə onun yaxın ətrafının biznes fəaliyyəti Rusiya hüquq məkanına və dövlət müqavilələrinə bağlı olaraq qalır. Sözlərlə əməllər arasındakı bu uyğunsuzluq hakimiyyətin əsas xüsusiyyətinə çevrilib”, - deyə müəllif bildirib.
Nəşr qeyd edib ki, Paşinyanın qardaşının Rusiya ilə əlaqələri də diqqətə çatdırılır.
“Onun qardaşı Armen Paşinyan 1990-cı illərdə Rusiyaya köçüb, Rusiya vətəndaşlığı alıb və “Rosselxoznadzor” və “Kargo-Yuq” kimi qurumlarda çalışıb.
2026-cı ildə Paşinyan ilə Anna Hakobyanın boşanması barədə məlumat yayılsa da, bu, maliyyə əlaqələrinə təsir etməyib və Hakobyan “Mənim addımım” fonduna rəhbərlik etməyə davam edir. Fond maliyyə şəffaflığı ilə bağlı tənqidlərə məruz qalıb və iri donorlar arasında Rusiya iş adamlarının adı çəkilib”, - deyə məqalədə bildirilib.
Materialda 2020-ci ildə baş vermiş tütün qalmaqalına da toxunulur.
“Həmin vaxt Rusiya tərəfi onlarla ton tütünün daşınmasını dayandırmışdı və bu məhsul “Armenian Tobacco Company” ilə əlaqələndirilmişdi. Bəzi mənbələrə görə, bu prosesdə deputat Hraçya Hakobyanın adı hallanıb, lakin o, ittihamları rədd edib.
2025-ci ildə isə iş adamı Xaçatur Sukiasyan “Alrosa” şirkətindən almazların mümkün mənimsənilməsi işi ilə bağlı araşdırmaya cəlb olunub. Bu işdə “ADM Diamonds” şirkətinin adı mümkün benefisiar kimi çəkilib.
Bundan əlavə, mediada Narek Nalbandyan və Manvel Qazaryanın adları da çəkilərək onların qaçaqmalçılıq və vergidən yayınma işləri ilə əlaqəli olduğu iddia edilib.
Ümumilikdə materialda belə bir nəticə çıxarılır ki, rəsmi siyasət ilə şəxsi biznes maraqları arasında ciddi ziddiyyət mövcuddur və hakimiyyətin yaxın çevrəsi Rusiya bazarının qaydaları ilə fəaliyyət göstərməkdə davam edir”, - deyə müəllif yazıb.
Alpər Mövludoğlu
Ordu.az