Ordu.az xəbər verir ki, bunu erməni siyasi xadim Arman Abovyan yazıb.
Onun sözlərinə görə, yenidən guya Rusiyanın Ermənistanı “quberniya”ya çevirmək istədiyi barədə iddialar gündəmə gətirilib.
“Bu iddiaların nə üçün lazım olduğu izah olunmur, lakin məqsəd tamamilə başqadır. Hakimiyyət hesab edir ki, anti-Rusiya ritorikası iki üstünlük verəcək: bir tərəfdən Qərbin, yəni Avropa və ABŞ-nin dəstəyini təmin edəcək, digər tərəfdən isə hakimiyyət ətrafında müəyyən seçici kütləsini birləşdirməyə imkan yaradacaq.
Əslində, rusofobiya Ermənistanda anti-milli narrativlərin təşviqi üçün əsas alətlərdən birinə çevrilib. Digər ölkələrin təcrübəsi göstərir ki, belə siyasət çox vaxt “Rusiya təhlükəsi” bəhanəsi ilə suverenlikdən könüllü imtina ilə müşayiət olunur. Buna nümunə kimi Moldovanı göstərmək olar. Orada rusofobiya fonunda hakimiyyətə Maya Sandunun rəhbərlik etdiyi radikal siyasi qüvvə gəlib və ölkənin müstəqillikdən imtina edərək Rumıniya ilə birləşməsi ideyasını irəli sürür”, - deyə Abovyan qeyd edib.
Abovyanın qiymətləndirməsinə görə, bu vəziyyətin paradoksu ondadır ki, bir tərəfdən Moldovanın müstəqilliyini qorumaq şüarları səsləndirilir, digər tərəfdən isə həmin müstəqillikdən imtina ideyası təşviq olunur.
“Ermənistana qayıdaraq dərk etmək lazımdır: kim Ermənistanın “quberniyalaşdırılması” kimi uydurma təhlükədən danışırsa, əslində ölkənin müstəqilliyini itirməsi və Türkiyə-Azərbaycan tandeminə tam tabe olması ideyasını təşviq edir.
Yəni “quberniyalaşdırma”dan danışanlar əslində Ermənistanın “vilayətləşdirilməsi” prosesini irəli aparırlar. Bunu nə qədər inkar etməyə çalışsalar da, bu, dəyişməyən reallıqdır”, - deyə o bildirib.
Alpər Mövludoğlu
Ordu.az