Ordu.az xəbər verir ki, bu barədə “Ermənistan ehtiyatda olan hərbçilərin təşəbbüsü”nün bəyanatında qeyd edilib.
Bildirilib ki, bu məsələ diqqətdən yayınmayıb, çünki təşəbbüs uzun illərdir hüquq firmaları ilə əməkdaşlıq edərək məhkəmələrdə hərbçilərin hüquqlarının müdafiəsi ilə məşğuldur və həmin problemlərlə bağlı çoxsaylı uğurlar əldə edib.
“Bu dəfə hökumət iclasında dörd mərhələli proqramın tətbiqi təklif olunub. Proqram Müdafiə Nazirliyinin tabeliyində xidmət etmiş və digər kateqoriyaya aid olan vətəndaşların, habelə problemləri hələ 2000-ci illərdən qaynaqlanan şəxslərin mənzil məsələsinin həllinə imkan verəcək. Məqsəd uzun illər gözləyən vətəndaşların mənzil problemini effektiv şəkildə həll etməkdir.
Proqrama əsasən, maliyyə dəstəyi ipoteka kreditləşməsi vasitəsilə həyata keçiriləcək. Maliyyələşmənin 90 faizi hökumət tərəfindən banklar vasitəsilə təmin ediləcək, 10 faizi isə Müdafiə Nazirliyinin illik büdcəsi hesabına qarşılanacaq.
Proqram 4 il ərzində mərhələli şəkildə icra olunacaq: 2027-ci ildə 735 nəfərə, 2028-ci ildə 812 nəfərə, 2029-cu ildə 719 nəfərə, 2030-cu ildə isə 584 nəfərə mənzil verilməsi nəzərdə tutulur. Bu proses növbə siyahısına uyğun aparılacaq və siyahıda olan əlilliyi olan şəxslərin üstünlük hüququ nəzərə alınmayacaq.
Həmin gün müdafiə naziri Suren Papikyan öz kabinetindən yaydığı açıqlamada qərarın qəbul edildiyini bildirərək bütün benefisiarları təbrik edib.
Qeyd olunub ki, proqram Müdafiə Nazirliyi sistemində mənzil şəraitinin yaxşılaşdırılması üçün qeydiyyata alınmış 2850 benefisiarı əhatə edir. Bunlara keçmiş və hazırkı zabitlər, müharibədə həlak olmuş və ya vəfat etmiş hərbçilərin ailə üzvləri, eləcə də döyüş əməliyyatları zamanı yaralanmış şəxslər daxildir. Bildirilib ki, bu problem onilliklərdir mövcuddur və yaxın dörd il ərzində tam həll olunacaq”, - deyə bəyanatda vurğulanıb.
Papikyanın açıqlamasına münasibət bildirərkən qeyd olunur ki, ehtiyatda olan zabitlər haqqında danışarkən “keçmiş zabitlər” ifadəsinin işlədilməsi təəssüf doğurur.
“Uzun müddət müdafiə naziri vəzifəsində çalışmasına baxmayaraq, Papikyan hələ də bilmir ki, zabit rütbəsi ömürlük verilir və “keçmiş zabit” anlayışı mövcud deyil. Eyni zamanda qeyd edilir ki, bu faktdan nazirin çoxsaylı müşavirləri, köməkçiləri, eləcə də nazirliyin mətbuat xidməti də xəbərsiz görünür, əks halda onu düzəldərdilər.
Bu qərarın populist və təbliğat xarakterli olması digər oxşar qərarla da təsdiqlənir. Söhbət müqaviləli hərbi xidmətdən tərxis olunmuş və istifadə edilməmiş məzuniyyət günlərinə görə kompensasiya almayan və ya qismən alan şəxslərin ödənişlərinin hesablanması qaydalarının müəyyənləşdirilməsindən gedir. Bu məsələ 2023-cü il iyulun 17-də Müdafiə Nazirliyinin 983-L nömrəli əmri və 2023-cü il mayın 25-də baş nazirin S 558-A nömrəli qərarı ilə tənzimlənir, lakin bu sənədlərin tələbləri yerinə yetirilmir və ehtiyatda olan hərbçilər hüquqlarını məhkəmə yolu ilə təmin etməyə məcbur qalırlar.
Cəmiyyətdə bu hakimiyyət tez-tez kapitulyasiya hakimiyyəti kimi qiymətləndirilir. Bu baxımdan, seçkilər ərəfəsində onların məzuniyyət ödənişləri ilə bağlı yaranmış fərqlərə görə kompensasiyaların verilməsi öhdəliyini də qəbul edib-etməyəcəyi sual doğurur”, - deyə bəyanatda bildirilib.
Alpər Mövludoğlu
Ordu.az