Erməni iqtisadçı: “Azərbaycan son illərdə aktiv şəkildə araşdırır ki, Ermənistan Gürcüstana və Rusiyaya nə ixrac edir, bunu əvəzləsin”

2026/05/1777700896.jpg
Oxunub: 432     10:31     07 May 2026    
Ağörəndəki (Ağverən) otellərdən birində Azərbaycanın baş nazirinin müavini Şahin Mustafayevin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşdə erməni iş adamları da iştirak ediblər.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “168.am” nəşri yazıb.

Nəşrə görə, iş adamlarının adları açıqlanmasa da, bildirilir ki, iştirak edənlər arasında uzun illər Ermənistan hakimiyyətinə yaxın iş adamı Samvel Aleksanyan və hakim “Vətəndaş Müqaviləsi” fraksiyasının deputatı Xaçatur Sukiasyanın ailəsinə məxsus şirkətdən şəxslər də olub.

“168.am” erməni iqtisadçı Hrant Mikayelyandan soruşub ki, bu, Ermənistanın iqtisadi icmasına Rusiya ilə mümkün dalğalanmalar halında təklif edilən alternativ kimi qiymətləndirilə bilərmi, yəni alternativ hazırlanırmı?

“Birmənalı olaraq, əlbəttə. Hakimiyyətin bütün açıqlamaları ondan ibarətdir ki, Azərbaycan-Türkiyə siyasi xəttinə inteqrasiya olunmaq lazımdır. Nümunə olaraq energetika sistemlərinin birləşdirilməsini göstərmək olar, bu isə Ermənistanın maraqlarına ziddir, amma bu barədə artıq bəyan edilib.

Üstəlik, digər tərəfdən bu cür açıqlamalar yoxdur, sadəcə bəzi proseslərlə bağlı formal bəyanatlarla kifayətlənirlər. Bu, Ermənistanın Şərq-Qərb dəhlizinə inteqrasiyasıdır”, - deyə o bildirib.

Ermənistanın nə ixrac edə biləcəyi ilə bağlı suala erməni ekspert əvvəlcə bunun hansı formatda həyata keçiriləcəyinə diqqət çəkib.

“İqtisadi baxımdan isə çox vacibdir ki, bu münasibətlər hansı formatda qurulur, bərabər, yoxsa yox? Yəni bizdə onların malik olduğu imkanlar varmı, Azərbaycanın istənilən ərazisinə daxil olmaq, ticarət etmək, hərəkət etmək imkanı varmı, təhlükəsizlik təmin olunubmu? Hansı münasibətlər çərçivəsi formalaşdırılıb? Əks halda bir məhsulun ora-bura daşınması ikinci dərəcəli məsələdir”, - deyə Mikayelyan izah edib.

Mikayelyan başqa bir məqama da diqqət çəkib ki, Azərbaycan son illərdə aktiv şəkildə araşdırma aparır.

“Azərbaycan son illərdə aktiv şəkildə araşdırır ki, Ermənistan Gürcüstana və Rusiyaya nə ixrac edir, bunu əvəzləsin, alternativ yaratsın və erməni istehsalçılarını bazardan çıxarsın. Amma hər halda, əgər azad iqtisadi münasibətlər qurularsa, bu, birmənalı olaraq ticarət aparmaq və ixrac etmək üçün müəyyən imkanlar yaradacaq, təxminən 200-300 milyon dollar həcmində məhsul Azərbaycan istiqamətində ixrac oluna bilər. Başqa məsələ isə odur ki, Azərbaycan idxal edəcəkmi, etməyəcəkmi və nə dərəcədə bərabər şərait yaradılacaq”, - deyə o qeyd edib.

Mikayelyanın sözlərinə görə, Rusiya regiondan müəyyən qədər uzaqlaşıb, amma Ermənistan düşünməməlidir ki, bir ölkə və ya blokla münasibətlər hesabına bütün xarici istiqaməti təmin edə bilər.

“Anlamaq lazımdır ki, çoxvektorlu siyasət lazımdır və bu, ilk növbədə təkcə Rusiya və Qərbi yox, həm də Asiya, hətta Afrika ölkələrini, xüsusilə Hindistanı, Çini, İranı, ərəb ölkələrini əhatə etməlidir. Orada çox böyük potensial var, Qərblə müqayisədə xeyli yüksəkdir”, - deyə o əlavə edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Mikayelyan  


Bizi "telegram"da izləyin