Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “168.am” nəşri “Artırmaqdan imtina edirlər: Seçiləcəyi halda “Vətəndaş Müqaviləsi” partiyası qarşıdakı 5 ildə pensiyaların indeksasiyası ilə kifayətlənəcək, özü də hər il yox” başlıqlı məqaləsində yazıb.
Nəşrə görə, əvvəlki seçkilərin seçkiqabağı proqramında konkret rəqəmlər yazmışdılar, orta pensiya məbləğini 43 500 dramdan ən azı 61 000 drama, minimum pensiyanı isə 26 500 dramdan 37 000 drama çatdırmağı öhdələrinə götürmüşdülər.
“Son vaxtlara qədər “Vətəndaş Müqaviləsi” partiyası bu vədi yerinə yetirməmişdi. Pensiyalar vəd etdiklərindən müqayisəolunmaz dərəcədə aşağı idi. Yalnız bunun səbəbindən pensiyaçıların səslərinin böyük hissəsini itirə biləcəklərini başa düşdükdən sonra, seçkilərə cəmi 2 ay qalmış, tələsik şəkildə pensiyaları 10 min dram artırmaq qərarına gəldilər.
Görünür, keçmişin acı təcrübəsini nəzərə alaraq, bu dəfə seçkiqabağı proqramda pensiyaların nominal artırılmasını nəzərdə tutmayıblar.
Pensiyaların artırılması əvəzinə yalnız indeksasiya ilə kifayətlənəcəklər.
Əlbəttə, indeksasiya pensiyaların müəyyən qədər artmasını nəzərdə tutur, lakin bu, real artım deyil, çünki o, yalnız inflyasiyanın təsirini bağlayacaq, təbii ki, bağlaya bilsə. Sadə desək, söhbət inflyasiya həcmində kompensasiya verilməsindən gedir. Bu, pensiyaçıya heç bir əlavə alıcılıq qabiliyyəti vermir. Bununla pensiyaçı əlavə alış-veriş etmək imkanı qazanmır. Ən yaxşı halda öz sosial vəziyyətini qoruyub saxlaya biləcək”, - deyə məqalədə qeyd edilib.
Nəşrin yazdığına görə, hesab edirlər ki, pensiyaları artıq o qədər artırıblar ki, pensiyaçı bundan sonra yalnız pensiyaların indeksasiyası ilə kifayətlənə bilər.
“Biz əvvəllər minimum pensiyanı minimum ərzaq səbətinə uyğunlaşdırdıq, bu isə o demək idi ki, pensiyaçı həmin məbləğlə bir ay üçün minimum zəruri kalorisini təmin edə bilməlidir. İndi isə, bir neçə ildən sonra, o cümlədən pensiyaların geri ödəmə sistemi ilə birlikdə, biz orta pensiyanı minimum istehlak səbətindən yüksək saxlayırıq.
Əlbəttə, inflyasiya halları olacaq, bu qaçılmazdır. Əvvəlki dövrün inflyasiya hesablamalarının tam olması üçün 2028-ci ildən etibarən biz pensiyaları elə indeksasiya edəcəyik ki, Ermənistanda pensiyalar artıq minimum istehlak səbətindən aşağı olmasın. Əlbəttə, imkan daxilində pensiyaları daha da artırmağa çalışacağıq”, - deyə Nikol Paşinyan “Vətəndaş Müqaviləsi” partiyasının seçkiqabağı proqramını təqdim edərkən bildirib.
Müəllif yazıb ki, onun iddialarına baxmayaraq, hazırda Ermənistanda orta pensiyanın minimum istehlak səbətini nə dərəcədə üstələdiyi hələ sual altındadır.
“İstehlak səbətinin qiymətləndirilmiş müxtəlif dəyərləri var və onlara görə minimum istehlak səbətinin dəyəri 62-82 min dram arasında dəyişir. Amma “Vətəndaş Müqaviləsi” partiyası onların içindən ən aşağısını seçib və hesab edir ki, pensiyaçı artıq pensiya ilə öz istehlak problemlərini həll edə bilər.
Seçiləcəkləri halda, imkan daxilində pensiyaları inflyasiyadan daha çox artıracaqları barədə deyilənlər isə sadəcə demək və pensiyaçılara ümid vermək üçündür. “Vətəndaş Müqaviləsi” partiyasının seçkiqabağı proqramında belə ümidlər yoxdur, çünki “Vətəndaş Müqaviləsi” partiyasının seçkiqabağı proqramında pensiyaların real artırılması barədə söz yoxdur. Söhbət yalnız pensiyaların indeksasiyasından gedir.
“Pensiyaların indeksasiyası elə olsun ki, orta faktiki pensiya minimum istehlak səbətindən aşağı olmasın”, - “Vətəndaş Müqaviləsi” partiyası pensiyaçılar üçün öz seçkiqabağı proqramında bunu təsbit edib.
İndeksasiya, təbii ki, orta inflyasiya həcmində olacaq, halbuki digər bütün vətəndaşlar kimi pensiyaçılar da bahalaşmanın təsirini öz üzərlərində orta inflyasiya həcmində hiss etmirlər”, - deyə nəşr qeyd edib.
Müəllif bildirib ki, bahalaşmanın real təsiri orta inflyasiyadan müqayisəolunmaz dərəcədə böyükdür.
“Amma indeksasiya yalnız orta inflyasiya həcmində kompensasiyanı nəzərdə tutur. İndeksasiya da inflyasiyanın necə olmasından asılı olmayaraq bütün illərdə olmayacaq.
“Vətəndaş Müqaviləsi” partiyasının seçkiqabağı proqramının təqdimatı zamanı Nikol Paşinyanın ağzından qaçırdığı kimi, yenidən seçiləcəkləri halda pensiyaların indeksasiyasını 2028-ci ildən başlayaraq edəcəklər.
Niyə 2028-ci ildən və 2027-ci ildən yox, məlum deyil. Elə deyil ki, bu il inflyasiya olmayacaq və buna uyğun olaraq gələn il pensiyalar indeksasiya ediləcək.
“Vətəndaş Müqaviləsi” partiyası gələn il üçün indeksasiya nəzərdə tutmur. Yəni pensiyaçılara kompensasiya verməyə hazırlaşmır. Halbuki gördüyümüz kimi, bu il inflyasiya kifayət qədər aktivdir və aktivləşməyə davam edir. Martda 4,5 faizə çatdı və söhbət hələ yalnız orta inflyasiyadan gedir. Pensiyaçıların pensiyalarının əsas hissəsini xərclədikləri ərzaq məhsulları müqayisəolunmaz dərəcədə daha çox bahalaşıb. Ərzaq inflyasiyası 8 faizə yaxınlaşır”, - deyə məqalədə vurğulanıb.
Müəllif qeyd edib ki, bir çox ilkin tələbat malları, təbii ki, daha çox bahalaşıb.
“Buna baxmayaraq, “Vətəndaş Müqaviləsi” partiyası gələn il pensiyaların indeksasiyasını nəzərdə tutmur. Görünür, düşünürlər ki, pensiyaları artıq o qədər artırıblar ki, bu, həm bu ilin, həm də gələn ilin inflyasiyasını bağlayacaq, üstəlik bir az da artıq qalacaq. Nikol Paşinyan da həmin artıqlıqla pensiyaçıları lüks yerlərdə istirahət etməyə çağırır. Elə bil öz milyonluq mükafat pullarını pensiyaçıların altına qoyublar və onlar artıq onlar kimi dəbdəbələrə imkan verə bilərlər. Cəmi 10 min dram pensiya artırıblar, 100 minlərə çatan səs-küy salırlar”, - deyə nəşr bildirib.
Alpər Mövludoğlu
Ordu.az