Ordu.az xəbər verir ki, bu barədə “Karnegi” Fondunun baş elmi işçisi Tomas de Vaal yazıb.
Onun sözlərinə görə, ehtimal olunur ki, viza liberallaşdırılması prosesi davam edəcək və yeni maliyyə yardımı elan olunacaq.
“Vaxtın seçimi, əlbəttə, təsadüfi deyil. 2025-ci ildə Moldovada olduğu kimi, Avropa Siyasi Birliyi sammiti Avropaya dost hökumətə dəstəyi nümayiş etdirməyi hədəfləyir, həmin hökuməti isə yenidən seçkilər gözləyir və o, Rusiyanın təzyiqi altındadır. Bu dəfə bu, baş nazir Nikol Paşinyan və onun “Vətəndaş Müqaviləsi” partiyasıdır.
Lakin Avropa liderləri İrəvanda çox ehtiyatla hərəkət etməli olacaqlar. Görünür, Paşinyanın xeyrinə seçkiqabağı kampaniya apararkən, onlar eyni zamanda daha güclü və daha az qütbləşmiş Ermənistan qurulması ilə bağlı daha geniş məsələni də müzakirə etməlidirlər”, - deyə Vaal qeyd edib.
Vaal bildirib ki, ölkə özü Avropanın hərtərəfli diqqətinə layiqdir.
“O, Bakı ilə ağrılı, lakin transformativ sülh müqaviləsinin astanasındadır ki, bu da 1990-cı illərdən bağlı olan Azərbaycan və Türkiyə ilə iki uzun sərhədin açılmasına gətirib çıxaracaq. Ölkənin həmçinin Moskva ilə həddindən artıq asılılığı azaltmaq üçün tarixi imkanı var, çünki Ukrayna müharibəsi Rusiyanı yayındırmağa və zəiflətməyə davam edir.
Cəlbedici alternativin olmaması o deməkdir ki, Paşinyanın “Vətəndaş Müqaviləsi” partiyası böyük ehtimalla seçicilərin kütləvi coşğusu hesabına yox, daha çox alternativin olmaması səbəbindən qalib gələcək. Lakin ona sadəcə qələbə kifayət etmir: yeni konstitusiyanın qəbulu üçün referendum keçirmək məqsədilə parlamentdə səslərin üçdə ikisi lazımdır, bu isə Azərbaycanın münasibətlərin normallaşdırılması üzrə tarixi sazişi imzalaması üçün son şərtdir.
2000-ci illərdə Gürcüstanın tarixi ibrətamiz nümunədir. Onun Qərbdəki tərəfdarları, xüsusilə Corc Buşun administrasiyası ölkəni qərbyönümlü layihə və laboratoriya kimi qiymətləndirirdilər. Onlar onu problemli regionda “demokratiya mayakı” adlandırır və konkret problemləri olan real ölkə kimi qəbul etmirdilər.
Həmin dövrdə keçmiş prezident Mixeil Saakaşviliyə həddindən artıq şəxsi diqqət yetirilirdi. Nəticədə onun hakimiyyətinin ilk illərindəki təsirli uğurlar daimi daxili və xarici böhranlar, fərqli fikirlərə qarşı dözümsüzlük və Rusiya ilə müharibə ilə əvəz olundu. Bu isə mənfi reaksiyaya səbəb oldu və hakimiyyətə Avropadan üz döndərən, seçiciləri Qərbin vədlərinə ehtiyatla yanaşmağa çağıran “Gürcü arzusu” hökumətini gətirdi”, - deyə o bildirib.
Vaal qeyd edib ki, gürcü sələfi kimi, Paşinyan da öz ölkəsi üçün həm qısamüddətli həll, həm də uzunmüddətli problemə çevrilə bilər.
“Paşinyan Ermənistan cəmiyyətində getdikcə daha ziddiyyətli fiqura çevrilir. O, sülh istəyini qara və ağ çalarlarla təqdim edir, dəfələrlə xəbərdarlıq edir ki, əgər onun partiyası yenidən seçilməsə, “fəlakətli müharibə” başlayacaq. Bu isə 2020 və 2023-cü illərdə Azərbaycandan aldıqları iki hərbi məğlubiyyətin travmasını hələ də yaşayan seçiciləri ruhlandırmır və onlar sülhün üstünlükləri barədə əlavə arqumentlərə ehtiyac duyurlar.
Paşinyan həmçinin demokratiyanı möhkəmləndirəcək və hökumətlə konstruktiv rəy təmin edəcək institutların yaradılması məsələsində narahatedici laqeydlik nümayiş etdirir. Digər postsovet demokratiyalarında olduğu kimi, məhkəmə sistemi ən zəif halqadır, indiyədək islah olunmayıb və hakimiyyət tərəfindən siyasi alət kimi istifadə olunur. “Freedom House” təşkilatı Ermənistan üzrə 2025-ci il hesabatında bildirib: “Məhkəmələr sistemli siyasi təsirlə üzləşir, məhkəmə institutları isə korrupsiya səbəbindən zədələnir”.
Hakimiyyət bu alətdən podkast aparıcılarını parlament sədrini təhqir etdiklərinə görə həbs etmək və əsas rəqib partiya olan “Güclü Ermənistan”ın üzvlərini saxlamaq üçün istifadə edib. Baş nazir və onun yaxın çevrəsi tərəfindən hökumətin həddindən artıq şəxsiləşdirilməsi Ermənistanı irəli aparmaq üçün zəruri olan institusional sabitliyin formalaşmasına mane olur və Avropa İttifaqının təklif etdiyi “Global Gateway” proqramının vəsaitlərindən istifadə imkanlarını məhdudlaşdırır”, - deyə o yazıb.
Ekspert vurğulayıb ki, Ermənistanın Rusiya ilə münasibətlərinə dair Avropanın mesajı da ehtiyatlı yanaşma tələb edir.
“Hamıya məlumdur ki, Moskva problemdir. Sirr deyil ki, zəifləyən regional hegemon Paşinyan hökumətinin hakimiyyətini məhdudlaşdırmaq və ya aradan qaldırmaq istəyir. Paşinyan ilə prezident Vladimir Putin arasında kameralar qarşısında baş verən fikir ayrılıqları Rusiyanın narazılığını açıq şəkildə göstərdi.
Hazırda Moskva seçkiləri gözdən salmaq cəhdləri ilə məşğuldur, Ermənistanın sosial şəbəkələrindən dezinformasiya və təxribat xarakterli mesajlar yaymaq üçün istifadə edir. Məhz buna görə Brüssel Ermənistanda kiçik Avropa İttifaqı tərəfdaşlıq missiyası yaradır ki, hakimiyyətə dezinformasiya, kibermüdaxilələr və qanunsuz maliyyə axınları ilə mübarizədə kömək etsin.
Lakin ermənilərin böyük hissəsi, o cümlədən hazırkı rəhbərlik Rusiya ilə münasibətlərin qırılmasını deyil, diversifikasiyanı istəyir. 2026-cı il fevral ayında keçirilmiş ictimai rəy sorğusuna görə, ermənilərin 56 faizi həm Qərb, həm də Rusiya ilə yaxşı münasibətləri təmin edən xarici siyasət yürütmək istədiyini bildirib. Ermənistanın iqtisadiyyatı əvvəlki kimi Moskvadan ciddi şəkildə asılıdır, yüz minlərlə iş yeri Rusiya ilə bağlıdır və Ermənistan ən azı yaxın bir neçə il ərzində Avrasiya İqtisadi Birliyinin üzvü olaraq qalacaq.
Bu səbəblərə görə Paşinyan hökuməti Ermənistan üzərində Rusiyanın iqtisadi və müdafiə nəzarətini tədricən və addım-addım zəiflədir. Avropalılar bunu nəzərə almalı və səbir nümayiş etdirməlidirlər. Həm daxili, həm də xarici siyasətdə Ermənistana qısamüddətli və parlaq seçkiqabağı həmrəylik nümayişindən daha çox, mərhələli və davamlı dəstək lazımdır”, - deyə Vaal bildirib.
Alpər Mövludoğlu
Ordu.az