Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Joğovurd” nəşri yazıb.
Nəşrə görə, daha sonra erməni tərəfi Azərbaycan nümayəndə heyətinin Ermənistanda olduğunu təsdiqləyib, bir qədər sonra isə məlum olub ki, Ağörəndə (Ağverən) Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası üzrə komissiyaların növbəti, 13-cü iclası keçirilib.
“Rəsmi məlumatda qeyd olunur ki, 2026-cı il aprelin 29-da Ağörəndə Ermənistan və Azərbaycan arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi üzrə komissiyaların iclası Ermənistanın Baş nazirinin müavini Mher Qriqoryan və Azərbaycanın Baş nazirinin müavini Şahin Mustafayevin həmsədrliyi ilə keçirilib. Tərəflər delimitasiya işlərinin təşkilati və texniki məsələlərini müzakirə edib, delimitasiya üzrə ekspert qruplarının işi, delimitasiya xəritəsinin hazırlanması, həmçinin delimitasiya sənədlərinin rəsmiləşdirilməsi və dərc olunması qaydalarının layihələrini razılaşdırıb və mübadilə ediblər.
Rəsmi məlumatda həmçinin qeyd olunur ki, Mher Qriqoryan və Şahin Mustafayev qarşılıqlı maraq doğuran məsələlər üzrə ayrıca görüş keçiriblər. Bundan əlavə, tərəflər işgüzar dairələrin nümayəndələrinin iştirakı ilə ticarət-iqtisadi əməkdaşlıq, malların və xidmətlərin qarşılıqlı təchizatı, həmçinin tranzit yükdaşımaları ilə bağlı məsələləri müzakirə ediblər.
Lakin əsas sual məhz burada yaranır: Azərbaycan nümayəndələri Ermənistanda iş adamları ilə kimlərlə, hansı formatda, hansı gündəliklə və hansı razılaşmalar çərçivəsində görüşüblər? Rəsmi məlumatlarda bu suallara cavab yoxdur”, - deyə nəşr bildirib.
Müəllif qeyd edib ki, hazırda Ermənistan cəmiyyəti bu görüşdə kimlərin iştirak etdiyini, hansı sahələrin müzakirə olunduğunu, söhbətin yalnız iqtisadi əlaqələrdən getdiyini, yoxsa həm də tranzit marşrutlar, infrastruktur, logistika və digər həssas məsələlərin müzakirə edilib-edilmədiyini bilmir.
“Həmçinin Ermənistan üçün həyati əhəmiyyət daşıyan məsələlər barədə də heç bir məlumat yoxdur. Daha problemli olan isə Ermənistan hakimiyyətinin sülh prosesi adı altında cəmiyyətə danışıqların tam siyasi kontekstini təqdim etməməsidir. Əgər söhbət delimitasiya komissiyasının texniki işindən gedirsə, cəmiyyət bilməlidir ki, bu proses hansı prinsiplərlə həyata keçirilir, hansı xəritələrdən istifadə olunur, işlər hansı mərhələdədir və bu proses sərhədyanı yaşayış məntəqələri üçün yeni təhlükəsizlik riskləri yaradırmı?
Sülh cəmiyyətin etimadı olmadan, qapalı qapılar arxasında qurula bilməz. Nəhayət, dövlət səviyyəsində şəffaflıq xüsusilə o halda vacibdir ki, söhbət əvvəllər müharibə etmiş və təxminən 30 il düşmən münasibətlərdə olmuş ölkənin rəsmi şəxslərinin səfərindən gedir. Cəmiyyətin bilmək hüququ var: onlar Ermənistana hansı gündəliklə gəliblər, kimlərlə görüşüblər, hansı məsələlər müzakirə olunub və bu müzakirələrdə Ermənistanın dövlət, təhlükəsizlik və humanitar maraqları lazımi şəkildə təqdim edilibmi?”, - deyə nəşr bildirib.
Alpər Mövludoğlu
Ordu.az