Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” nəşri yazıb.
Nəşrə görə, onlar nə səfərdən, nə də gündəlikdən əvvəlcədən xəbərdar olmayıblar, yalnız səhər tezdən mətbuatın “Zvartnots” hava limanına Azərbaycan təyyarəsinin enməsi və nümayəndə heyətinin İrəvana gəlməsi barədə yazdıqdan sonra məlumat alıblar.
“Daha sonra KİV-lər yazıb ki, nümayəndə heyətinə Baş nazirin müavini Şahin Mustafayev rəhbərlik edir. O, Mher Qriqoryanla birlikdə Azərbaycan və Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə dövlət komissiyasının həmsədridir.
Lakin sonradan siyasi kulislərdə bildirilib ki, səfər delimitasiya məsələləri ilə deyil, 300 min azərbaycanlının Ermənistanda məskunlaşdırılması ilə bağlıdır”, - deyə müəllif bildirib.
Nəşrin məlumatına görə, Şahin Mustafayevlə birlikdə azərbaycanlı iş adamları da Ermənistana gəlib və Ağörəndəki (Ağverən) “Apricot” restoranında erməni həmkarları ilə ikitərəfli iqtisadi məsələlər üzrə görüş keçirilib.
“Erməni tərəfdən əsasən yaxın vaxtlarda Paşinyanla səhər yeməyində iştirak edən iş adamları olub. Bu, daha çox yoxlama xarakterli səfərdir, başqa sözlə, gələcəkdə azərbaycanlılarla birgəyaşayış ideyasına uyğunlaşdırmaq məqsədi güdür.
Deyilir ki, proses, əgər Paşinyan yenidən seçilərsə, seçkilərdən sonra başlaya bilər”, - deyə nəşr bildirib.
Alpər Mövludoğlu
Ordu.az