Erməni siyasi analitik: “Qarabağ Ermənistandır, vəssalam” ifadəsi “Qarabağ Azərbaycandır, vəssalam”a çevrildi”

2026/05/1777621657.jpg
Oxunub: 290     14:14     01 May 2026    
“Vətəndaş Müqaviləsi” vəd vermək baxımından yaxşıdır, amma biz həm də çoxdan öyrənməli idik ki, Nikol Paşinyan nə deyirsə, adətən əksi olur”.

Ordu.az xəbər verir ki, bunu erməni söhbətində siyasi analitik Ruben Marqaryan Ermənistanın “Past” nəşrinə açıqlamasında deyib.

Onun sözlərinə görə, Paşinyan verdiyi heç bir böyük vədi həyata keçirə bilməyib, ya əksi olub, ya da heç nə olmayıb.

“Ən parlaq nümunə “Qarabağ Ermənistandır, vəssalam” ifadəsidir, bu, “Qarabağ Azərbaycandır, vəssalam”a çevrildi. Bu, klassik nümunədir, lakin qalan bütün sahələrdə də eyni vəziyyətlə qarşılaşa bilərik”, - deyə Marqaryan bildirib.

“Past” nəşri yenidən müzakirə müstəvisinə qayıdan Ermənistanın Avropa inteqrasiyası və Avropa İttifaqı vizalarının liberallaşdırılması mövzusuna toxunub.

Marqaryan məhkəmə sisteminin nümunəsini gətirib.

“O, məhkəmə sistemində islahat aparmaq, sistemi islah etmək, onu ədalətli etmək istəyirdi. İndi qarışıq, xaotik, hansısa rüsvayçı vəziyyət görürük, ümumiyyətlə nə baş verdiyini anlamırsan. İnsanları tuturlar, ertəsi gün buraxırlar, sonra yenidən tuturlar, sonra yenidən buraxırlar, hansısa tamamilə əlaqəsiz ittihamlarla tuturlar. Heç bir beynəlxalq struktur da demir ki, Ermənistanın məhkəmə sistemi yaxşılaşıb. Bütün sahələrdə eyni reallıqdır. Məsələn, məktəb tikintisi prosesi… Məktəbləri təmir edirlər, amma sentyabrın 1-dən 250 məktəbi bağlayacaqlar. Ümumi vəziyyət budur, sözlə əməl tamamilə əksdir. Avropaya qoşulmaq, Avropaya getmək, vizanın liberallaşdırılması proseslərinə gəlincə, bu ya olmayacaq, ya da Ermənistanla region ölkələri arasında münasibətləri daha çox pisləşdirəcək. Ermənistan hətta bu yolla getsə belə, digər oyunçularla münasibətlər pisləşəcək, həm də vizanın liberallaşdırılması olmayacaq. Xatırladığım qədər, Avropadan həmin prosesin az qala həyata keçəcəyi barədə ciddi bir siqnal olmayıb. Əksinə, bu yaxınlarda Ermənistana səfər etmiş Avropa İttifaqı nümayəndələrindən biri bunun mürəkkəb proses olduğunu, uzun yol keçməli olduğunu deyib. Gürcüstan nümunəsində də bunun nə qədər uzun çəkdiyini və ölkənin qarşısına çoxsaylı şərtlər qoyulduğunu görürük. Düşünürəm ki, bu, həyata keçməyəcək növbəti vəd olacaq”, - deyə o qeyd edib.

Marqaryan bildirib ki, Avropa İttifaqı Ermənistana maliyyə dəstəyi də vəd edirdi.

“Ermənistanda Qərb qrantları ilə qidalanan çox sayda təşkilat var. Tramp administrasiyası gələndə həmin qrantların bir hissəsi kəsildi. İndi bəzi təşkilatlar həmin maliyyələşməni Avropa İttifaqının müxtəlif proqramları vasitəsilə alırlar. Buna əlavə olaraq, Ermənistan hökumətinə hibrid müharibəyə qarşı mübarizə məsələsində kömək etməli olan “Avropa missiyası” gəlib. Müəyyən vəsaitlər, başa düşdüyüm qədər, gəlir, buna görə aktivlik görürük, buna görə bəziləri siyasi proseslərin içindədir, seçkilərdə iştirak üçün müraciət təqdim edirlər. Amma məsələnin digər tərəfi də var: Avropa İttifaqı və ümumiyyətlə regionda real təsirə malik bütün oyunçular gərgin vəziyyət olduğunu görürlər və seçkilərdən sonra Ermənistanın hara gedəcəyini demək çətindir. Bir tərəfdən Ermənistana kömək etmək istəyirlər, digər tərəfdən düşünürəm ki, müxalifət düzgün siyasət götürdü. Bir müddət deyirdilər ki, Avropa Paşinyanı müdafiə edir, indi bununla məhdudlaşmırlar. Nə qədər müdafiə etsə də, faktlarla danışmağa və göstərməyə çalışırlar ki, həm demokratiya normal vəziyyətdə deyil, həm insan hüquqları pozulur, həm də kilsəyə qarşı mübarizə aparılır. Həmin faktların təzyiqi altında Avropa strukturları dilemma qarşısında qalıb. Bir tərəfdən Paşinyana dəstək olmaq istəyirlər, amma həm də, məsələn, insan hüquqlarının pozulması və sairənin öz adları ilə əlaqələndirilməsini istəmirlər”, - deyə erməni siyasi analitik vurğulayıb.

O qeyd edib ki, əgər Paşinyan yenidən seçilsə, öz xəttini davam etdirəcək.

“Sərhədlərin delimitasiyası-demarkasiyası… Proses dayanıb, halbuki Tavusda əraziləri Azərbaycana verməyimizdən iki il keçib. Niyə həmin proses davam etmir? Ona görə davam etmir ki, Azərbaycanın istədiyi yerdə davam etməlidir, buna görə indi etmirlər ki, Paşinyan seçilsin, özlərinə sərf edən yerdə delimitasiya aparsınlar. Üzən proses olacaq, hansısa yerdə, məsələn, anklavların olduğu yerdə yenə ərazilər güzəştə gedəcəyik. Orada bir az güzəştə gedəcəklər, Azərbaycan-Naxçıvan əlaqəsi olacaq, bunun necə adlandırılacağı vacib deyil, orada həm də təhlükəsizlik məsələsi ortaya çıxacaq. Azərbaycan deyəcək ki, qoy bizim qaçqınlarımız qayıtsınlar. Əvvəl deyəcək ki, yox, amma sonra hansısa proses başlaya bilər, gələ bilərlər və sairə”, - deyə Marqaryan bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Marqaryan   Ermənistan  


Bizi "telegram"da izləyin