Ordu.az xəbər verir ki, bu barədə Rusiyanın “Kp.ru” nəşri “İrəvan artıq Ermənistan-Avropa İttifaqı sammitinə ev sahibliyi edəcək” başlıqlı məqaləsində yazıb.
Nəşrə görə, mayın 3-4-də Ermənistan paytaxtında Avropa Siyasi Birliyinin səkkizinci sammiti keçiriləcək, bundan dərhal sonra isə, mayın 4-5-də ilk Ermənistan-Avropa İttifaqı sammiti olacaq.
“Bundan əlavə, mayın 3-də Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İrəvana gələcək. Elə hiss yaranır ki, hamı qarşıdakı seçkilərdə Nikol Paşinyanı xilas etməyə tələsir. Ya da əgər o və onun partiyası məğlub olarsa, onu məhz indi atılmalı olan müəyyən addımlar atmağa məcbur etməyə çalışırlar. Elə addımlar ki, geri addım atmağı qeyri-mümkün etsin. Paşinyan üçün belə bir müdaxilə arzuolunan inkişafdır: Moskvaya etdiyi fəlakətli səfərdən sonra, orada dəstək təmin edə bilmədiyi halda, hər bir xarici qonaq onun əhəmiyyətini sübut edir.
Avropa İttifaqı səfirlərinin məqsədləri aydındır. Onlar Paşinyanın Ermənistanın Avropa İttifaqına üzvlüyü məsələsində öhdəliyini möhkəmləndirmək, ölkəni nə sağa, nə də sola yayınması mümkün olmayan bir yola qoymaq və İrəvanı konkret anti-Rusiya addımları atmağa təşviq etmək niyyətindədirlər. Brüssel məmnuniyyətlə Ermənistanı Ukrayna tərəfində Rusiya ilə qarşıdurmaya cəlb etməyə çalışardı, lakin belə bir “şərəfdən” imtina etmiş Gürcüstandan fərqli olaraq, Ermənistanın Rusiya ilə sərhədi yoxdur. Beləliklə, yalnız “humanitar müdaxilə” və Rusiyanın təsirinə qarşı mübarizə qalır”, - deyə məqalədə qeyd edilib.
Nəşrin yazdığına görə, Avropa İttifaqının xarici işlər naziri Kaya Kallas bəyan edib ki, Avropa İttifaqı artıq “hibrid təhdidlərlə mübarizədə kömək etmək” üçün Ermənistana göndəriləcək ekspertlər qrupundan ibarət yeni mülki missiya hazırlayır.
“Həmin təhdidlər hansılardır? Əlbəttə, Rusiyadan gələnlər. Kaya Kallas və Ursula fon der Lyayen üçün başqa təhdidlər sadəcə yoxdur. Ah, gözləyin, bu yaxınlarda Avropa Komissiyasının rəhbəri Avropanın Rusiya, Çin və Türkiyənin təsirinə qarşı çıxmasının zəruriliyi barədə bəyanat vermişdi. Lakin söhbət Rusiyaya qarşı dayanmaqdan gedəndə, Avropa İttifaqı hətta Türkiyəni də müttəfiq hesab etməyə hazırdır.
“Hraparak” qəzetinin məlumatına görə, onun əlinə sammitdə qəbul ediləcək qərarların və tədbir zamanı Ermənistanın davranışının əks olunduğu bir sənəd keçib. Sənəddə Ermənistan nümayəndəsinin sammitdə nə etməli və nə deməli olduğu, hətta çıxışları zamanı hansı arqumentlərdən istifadə etməli olduğu dəqiq göstərilib. Birbaşa təlimatlar da var: “erməni nümayəndə bəyan edə bilər...”. Sonra isə detallar gəlir. Müzakirənin nəticəsinin iki əsas bəndi dəmir yoluna aiddir. Dəmir yolu Rusiya şirkətinin nəzarətindən çıxarılmalı, Orta Dəhliz kontekstində Türkiyə və Azərbaycanla sərhəd əməkdaşlığı qurulmalıdır. Sənəddə ağ üzərində qara ilə yazılıb: “Ermənistan Rusiya monopoliyasını aradan qaldırmağı öhdəsinə götürməlidir, dəmir yolu dövlət nəzarətində olmalıdır”. Bunun müqabilində onlar özəl investisiyaların tapılmasında yardım vəd edirlər. Lakin Avropa İttifaqı üçün vədlər vermək yeni bir şey deyil: o, əvvəllər də investisiyalar vəd etmişdi, amma gözlənildiyi kimi, aldadıb və yerinə yetirə bilməyib”, - deyə məqalədə bildirilib.
Nəşr qeyd edib ki, Avropa İttifaqının “axsaq ördəklərindən” fərqli olaraq, İrəvana gələcək Türkiyə prezidenti daha konkret yanaşmaya malikdir.
“Sirr deyil ki, Türkiyənin təşəbbüsü ilə yaradılmış Türk Dövlətləri Təşkilatı Ermənistanı öz tərkibinə daxil etmək barədə müzakirələri fəallaşdırıb. İlk baxışda bu, tamamilə absurd görünür: TDT türk xalqlarının etnik birliyi əsasında yaradılıb, ermənilər isə heç bir şəkildə həmin qrupun tərkib hissəsi ola bilməzlər. Lakin Zəngəzur dəhlizi, yaxud ötən ilin avqustundan etibarən adlandırıldığı kimi, TRIPP adlı bir nüans var. Bu, Ermənistanın cənub sərhədi boyunca təxminən 40 km uzunluğunda dar zolaqdır və Azərbaycanı onun Naxçıvan eksklavı ilə birləşdirir.
Ermənistan həmin ərazi üzərində nəzarəti sırf formal olaraq saxlayacaq, lakin real hüquqlara malik olmayacaq. İrəvan razılaşıb ki, həmin logistika marşrutunun idarə olunmasını ABŞ şirkəti həyata keçirməlidir. Əslində, TRIPP təkcə yükdaşımalar üçün yeni logistika marşrutu deyil, həm də İranın faktiki quru blokadası, eləcə də Rusiyanın Şimal-Cənub marşrutunu bağlamaq üçün nəzərdə tutulmuş layihədir. Ərdoğan İrəvana gələrək türk dünyasının gələcək yeni hissəsini nəzərdən keçirəcək və onun həyata keçirilməyə hazırlığını qiymətləndirəcək. Xoşbəxtlikdən, indi Tramp İran məsələsində ilişib qaldığı vaxt, Ankaranın layihə üzərində nəzarəti öz üzərinə götürmək və öz nəzarətini möhkəmləndirmək imkanı var. Avropa İttifaqı və NATO yəqin ki, buna etiraz etməyəcək, çünki Türkiyə NATO üzvü kimi bununla alyansın Xəzər dənizi vasitəsilə birbaşa nüfuz etməsini təmin edir”, - deyə müəllif yazıb.
Nəşrin məlumatına görə, üstəlik, Ərdoğan ona da ümid edə bilər ki, əgər Paşinyan əvvəlki görüşü zamanı Qarabağdan imtina etdisə, bu sammitdən sonra hansısa yeni başqa bir şeydən imtina edə bilər.
“Məsələn, Zəngəzur dəhlizindən imtina edə bilər. Bu məqsədlə Ermənistanın türk dünyasında “hüquqsuz əlavə” statusuna hələ bir müddət dözə bilərlər. Xüsusilə də Avropa İttifaqına bu qədər aludə olan Ermənistanın nə qədər ömrünün qaldığını nəzərə alaq. Axı hətta Avropa İttifaqı ilə Assosiasiya Sazişinin imzalanması ilə belə, İrəvan Avrasiya İqtisadi Birliyindən çıxmağa məcbur olacaq və bunun ardınca iqtisadi çöküşün zəncirvari reaksiyası gələcək. Bundan əlavə, Ermənistan Avropa İttifaqı standartlarına keçid məsələsində əlavə xərclərlə də üzləşəcək. Beləliklə, təəccüblü bir şey baş verir: Avropa İttifaqı ilə Ermənistan arasında sammitdir, amma Türkiyə qazanır”, - deyə məqalədə vurğulanıb.
Alpər Mövludoğlu
Ordu.az