Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Past” nəşri yazıb.
Nəşrə görə, səhər məlum olub ki, “Zvartnots” hava limanına Azərbaycan təyyarəsi eniş edib.
“Yalnız kifayət qədər vaxt keçdikdən sonra Ermənistan XİN-i Baş nazirin müavini Şahin Mustafayevin rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyətinin Ermənistana gəldiyini təsdiqlədi.
Rəsmi məlumata görə, Ağveranda iki ölkə arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə komissiyanın və dövlət sərhədinin delimitasiyası üzrə dövlət komissiyasının 13-cü görüşü keçirilib. Əvvəlki görüş də noyabrda Azərbaycan ərazisində keçirilmişdi və bu, mahiyyət etibarilə cavab səfəri idi. Qeyd olunur ki, tərəflər delimitasiya tədbirləri ilə bağlı təşkilati və texniki məsələlər ətrafında fikir mübadiləsi aparıblar. Hansı konkret razılaşmalara gəldikləri isə qeyd olunmur”, - deyə müəllif qeyd edib.
Nəşrin yazıdğına görə, diqqətçəkəndir ki, iş adamlarının görüşü də keçirilib.
“Azərbaycan tərəfindən bir neçə iş adamı gəlib, Ermənistan tərəfindən də tanınmış və tanınmayan müxtəlif iş adamları görüşdə iştirak ediblər, əməkdaşlığın inkişafı, tədarük məsələlərini müzakirə ediblər. Xatırladaq ki, uzun müddətdir Azərbaycandan Ermənistana gübrə, taxıl, neft məhsulları göndərilir. Ermənistan hakimiyyəti həmin tədarüklərin sayını artırmaq, həmçinin Ermənistandan da Azərbaycana mallar göndərmək istəyir və bunun üçün də azərbaycanlı iş adamları yerində başa düşmək üçün gəliblər ki, Ermənistandan nə ala bilərlər. Hərçənd tədarüklərin saldosu tamamilə Azərbaycanın xeyrinədir. Ermənistandan yeganə ixrac son illərdə 960 dollarlıq holland qızılgülləri idi, o da təkrar ixrac adı altında olurdu. Faktiki olaraq, Azərbaycan müxtəlif malları Ermənistana göndərməklə öz iqtisadi və siyasi maraqlarını irəli apararkən, Ermənistandan hələlik Bakıya müvafiq mallar təklif edə bilmirlər”, - deyə müəllif vurğulayıb.
Nəşr qeyd edib ki, Şahin Mustafayev görüş başa çatdıqdan dərhal sonra böyük karvanla çıxıb gedib və “Zvartnots”dan Azərbaycana yola düşüb.
“Bundan əvvəl də növbəti görüşün Azərbaycanda keçiriləcəyi barədə razılığa gəliblər. Yaxın vaxtlarda Azərbaycan KİV-lərindən əslində hansı razılaşmalara gəldiklərini öyrənəcəyik. Mənbələrimizin məlumatına görə, ilk növbədə Zəngəzurun cənub hissəsində delimitasiya həyata keçiriləcək. TRIPP (Zəngəzur dəhlizi-red.) layihəsi də oradan keçməlidir və bu görüş də, mahiyyət etibarilə, ABŞ tərəfinin fəal iştirakı ilə olub”, - deyə nəşr bildirib.
Alpər Mövludoğlu
Ordu.az