Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “168.am” nəşri “Kreml praktiki xəbərdarlıqlara keçirmi? Rusiyada erməni biznesini nə gözləyir?” başlıqlı məqaləsində yazıb.
Nəşrə görə, bu günlərdə məlum olub ki, markalanmanın “Çestnıy znak” dövlət sistemi Ermənistanın “Cermuk” mineral suyunun partiyasının oflayn və onlayn mağazalarda satışını dayandırıb.
“Perspektiv Texnologiyaların İnkişafı Mərkəzinin baş direktorunun müavini Revaz Yusupovun RBK-ya bildirdiyi kimi, dövriyyədə 338 min şüşə olub və onlar hazırda yoxlamanın başa çatmasınadək bloklanıb.
Dövriyyənin dayandırılmasına səbəb “Rospotrebnadzor”un məktubu olub. Həmin məktubda qurum “Rusiya vətəndaşlarının həyatına və sağlamlığına mümkün zərər vurulmasının qarşısını almaq istiqamətində təxirəsalınmaz tədbirlər görmək” zərurətini göstərib. Bloklanmanın səbəbi kimi “məcburi tələblərin pozulması” göstərilib. Qadağa altına istehsal tarixi 2026-cı il fevralın 17-si və 2026-cı il martın 5-i olan məhsul düşüb”, - deyə müəllif qeyd edib.
Nəşrin yazdığına görə, Qida Təhlükəsizliyi üzrə Yoxlama Orqanı bu məlumatlara toxunaraq bildirib ki, yoxlama orqanı Rusiya Federasiyasının müvafiq səlahiyyətli qurumlarından, yəni “Rospotrebnadzor”dan və ya “Rosselxoznadzor”dan hələlik məsələ ilə bağlı heç bir rəsmi məlumat, yazı almayıb.
“Qurumdan bildirmişdilər ki, vəziyyətin aydınlaşdırılması və müvafiq addımların atılması istiqamətində tədbirlər görülür, nəticələr dərc olunacaq. Bu məsələ ilə bağlı heç bir dəqiqlik yoxdur: məhsulda pozuntular varmı, yoxsa Rusiyada sadəcə siyasi qərar qəbul edilərək bu yolla Ermənistan hakimiyyətinə növbəti siqnal göndərilib?
Sirr deyil ki, Ermənistan hakimiyyətinin qəbul etdiyi avrointeqrasiya gündəmi Rusiya hakimiyyətini ciddi narahat edir. Aprelin 1-də Kremldə Nikol Paşinyanla görüşdə Vladimir Putin bəyan etdi ki, Ermənistanda Avropa İttifaqı ilə münasibətlərin inkişaf etdirilməsi ilə bağlı müzakirələrin getdiyini görürlər.
“Biz buna tamamilə sakit yanaşırıq, anlayırıq ki, istənilən ölkə üçüncü ölkələrlə əməkdaşlıqdan maksimum fayda əldə etməyə çalışır. Lakin açıq-aydın olmalıdır, dürüst şəkildə, əvvəlcədən, necə deyərlər, lap başlanğıcdan deyilməlidir ki, Avropa İttifaqı ilə gömrük birliyində olmaq və Avrasiya İqtisadi Birliyində qalmaq mümkün deyil. Bu, sadəcə mümkün deyil”, - deyə Putin bildirmişdi.
O qeyd etmişdi ki, məsələ hətta siyasi deyil, sırf iqtisadi xarakter daşıyır: “Çünki bəzi məsələlər illərlə aparılmalı olan böyük birgə iş tələb edir. Bu, ayrı-ayrı mal qruplarının qiymətləndirilməsindəki fərqdir, həmin qrupların bazara girişi məsələsidir. Bu, bütün mallar üçün fitosanitar nəzarətdir. Rusiyada və Avropa İttifaqı ölkələrində fitosanitar tələblər tamamilə fərqlidir, əhəmiyyətli dərəcədə fərqlənir”, - deyə məqalədə vurğulanıb.
Nəşr qeyd edib ki, Kremldə Paşinyan-Putin görüşündən sonra Rusiya baş nazirinin müavini Aleksey Overçukun müsahibəsi də olub.
“Yeri gəlmişkən, Overçuk Ermənistanın Avropa İttifaqı ilə inteqrasiya qərarına görə Rusiya biznesinin Ermənistana marağının azalması, müəyyən mərhələdə Avrasiya İqtisadi Birliyi-Avropa İttifaqı standartlarının uyğunsuzluğu və biznesin problemləri barədə daim danışan şəxsdir.
Overçuk həmin müsahibəsində qeyd etmişdi ki, Paşinyan respublikada Rusiya biznesinin təhlükə altında olmadığını açıq şəkildə bəyan edib, lakin faktlar bunun əksini göstərir. “Ötən yay biz Ermənistan baş nazirinə Ermənistanda Rusiya investorlarının perspektivləri ilə bağlı birbaşa sual verdik. Birbaşa sualımıza birbaşa cavab verildi: Ermənistanda Rusiya biznesini heç nə təhdid etmir. Faktlar isə bunun əksini göstərir. Görürük ki, bizə bir şey deyirlər, reallıqda isə tamamilə başqa şey baş verir.
Əvvəlcə elektrik enerjisinin alınması və pərakəndə ticarət sahəsində maraqları olan rusiyalı iş adamının mülkiyyət hüquqları pozulub, indi isə Rusiya dövlət şirkətinə konsessiyanı satmaq təklifi edilib”, - deyə o, iş adamı Samvel Karapetyan ətrafında yaranmış vəziyyətə, həmçinin Cənubi Qafqaz Dəmir Yolunun Rusiya konsessiyasını üçüncü tərəfə vermək barədə Paşinyanın təklifinə toxunaraq bildirmişdi.
Overçukun qeyd etdiyi kimi, Moskva başa düşür ki, qərbpərəstlərdən başqa, Ermənistanda Rusiya ilə münasibətləri azaltmaq və Rusiya biznesini respublikadan çıxarmaq istəyən insanlar var. Buna görə də, onun sözlərinə görə, Rusiya şirkətlərinin Ermənistanda mövcudluğunun arzuolunmaz olması barədə söhbətlər Rusiyada erməni biznesinin fəaliyyəti məsələsini gündəmə gətirəcək.
“Reallıq ondan ibarətdir ki, Ermənistan dəmir yolu, əgər saxlanılarsa, öz iqtisadiyyatının ehtiyaclarına xidmət edən yol kimi qalmalıdır və onun real perspektivləri Avrasiya İqtisadi Birliyi ilə bağlıdır. Bizim marağımız Ermənistanla, eləcə də regionun bütün dövlətləri ilə ticarətin artırılmasıdır, amma əgər bizə deyirlərsə ki, Rusiya şirkətlərinin Ermənistanda mövcudluğu Ermənistanın maraqlarına uyğun deyil, onda qarşılıqlılıq prinsipindən çıxış edərək soruşmaq ədalətli olar: əgər Rusiya şirkətləri və iş adamları Ermənistanda mövcud ola və qazana bilmirlərsə, onda niyə Ermənistan şirkətləri və iş adamları Rusiyada mövcud ola və qazana bilərlər?”, - deyə o qeyd etmişdi.
Paşinyan-Putin görüşündən sonra, aprelin 13-də Paşinyanın erməni iri iş adamları ilə görüşü baş tutdu”, - deyə müəllif yazıb.
Nəşr bildirib ki, həmin görüşdə, bir sıra digər məsələlərlə yanaşı, məlumatlara görə, Paşinyan erməni iş adamlarının Rusiyada biznesin mümkün problemləri ilə bağlı narahatlıqlarını aradan qaldırmağa çalışmışdı.
“O qeyd etmişdi ki, bunlar müvəqqətidir, çünki artıq formalaşmış sülh yaxın gələcəkdə xaricdə erməni biznesi üçün yeni imkanlar açacaq.
Yəqin ki, çoxları anlayır ki, Azərbaycan və Türkiyə ilə blokadanın aradan qaldırılması perspektivi erməni biznesi üçün, yumşaq desək, dumanlı perspektiv vəd edir. Xüsusilə də İrəvan-Bakı sülhü sənədləşdirilməyib. Buna görə də Rusiya bazarı hələ uzun müddət erməni biznesi üçün əsas bazar olacaq.
Lakin başa düşmək vacibdir ki, əgər əvvəllər Rusiyanın narazılığı yalnız diplomatik bəyanatlar səviyyəsində ifadə olunurdusa, “Cermuk” mineral suyunun böyük partiyasının bloklanması Kremlin artıq praktiki xəbərdarlıqlar mərhələsinə keçdiyini göstərir. Rusiyanın federal orqanları tərəfindən keyfiyyətə nəzarət bəhanəsi ilə erməni məhsulunun bloklanması “ticarət müharibəsi” elementidir və Moskva bundan bir sıra başqa ölkələrin halında dəfələrlə istifadə edib”, - deyə məqalədə vurğulanıb.
Nəşrə görə, “Cermuk”un hədəfə alınması sanki təsadüfi deyil, çünki o, Ermənistan ixracının ən tanınmış brendlərindən biridir.
“Buna görə də bu marka üçün problem yaradaraq Rusiya bütün erməni biznes icmasına mesaj göndərir və göstərir ki, kütləvi istehlakın istənilən sahəsi zərbə altında qala bilər.
Rusiya tərəfinin Avropa İttifaqına üzvlüyün Avrasiya İqtisadi Birliyi ilə uyğun olmadığı barədə rəsmi iddialarının həm hüquqi, həm də siyasi alt mənası var. Avrasiya İqtisadi Birliyinin vahid gömrük zonası ümumi xarici tarifləri nəzərdə tutur və Avropa İttifaqı ilə istənilən yaxınlaşma mövcud güzəştli rejimlərin ləğvinə gətirib çıxara bilər. Moskva açıq şəkildə eyham vurur ki, əgər Ermənistan Avropa standartlarını qəbul etsə, erməni malları texniki uyğunsuzluq səbəbindən dərhal Rusiya bazarında etimadı itirəcək.
“Cermuk” partiyasının dayandırılması aydın siqnal kimi nəzərdən keçirilməlidir: Rusiya bazarı artıq zəmanətli deyil. Yaxın gələcəkdə erməni biznesi yeni sanitar qadağalarla, “Rosselxoznadzor” tərəfindən kənd təsərrüfatı məhsullarının keyfiyyətinin “qəfil” pisləşməsinin aşkarlanması və digər problemlərlə üzləşə bilər. Bütün bunlar göstərir ki, erməni biznesi yeni reallıq qarşısındadır. Əgər Ermənistan Avropa İttifaqı ilə yaxınlaşma siyasətini davam etdirirsə, bu isə böyük ehtimalla davam edəcək, o zaman “Cermuk” hadisəsi presedentə çevrilə bilər. Buna görə də Ermənistanın özəl sektoru Rusiyada gözlənilməzliklərə hazır olmalıdır”, - deyə müəllif bildirib.
Alpər Mövludoğlu
Ordu.az