Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “168.am” nəşri “İnqilabi” etimaddan idarəetmə böhranına qədər: Dünya Bankının təhlili nə göstərir?” başlıqlı məqaləsində yazıb.
Nəşrə görə, üstəlik, bu hesabat o baxımdan da maraqlıdır ki, hələ ötən ilin dekabrında dövlət sistemində “mükafat” forması adı altında nazirlərin maaşlarının süni şəkildə artırıldığı məlum olanda, hakim “Vətəndaş Müqaviləsi” partiyası bunu effektiv iş amili ilə əsaslandırırdı.
“Halbuki reallıqda bunun əksi növbəti dəfə faktlarla sübut olunur. Söhbət Dünya Bankının “Dünya İdarəetmə Göstəriciləri”nin (Worldwide Governance Indicators - WGI) təhlilindən gedir. Bu təhlil vahid indeks hesablamasa da, 30-dan çox mənbəni təhlil edərək hər il üçün (sonuncusu 2024-cü il üçündür) dövlət idarəçiliyinin müxtəlif istiqamətləri barədə təbliğat xarakterli deyil, obyektiv və əhatəli mənzərə təqdim edir. Hakimiyyətin illər ərzində qurduğu “irəliləyiş” narrativi faktiki olaraq rəqəmlərin təkzibedilməz reallığı ilə toqquşur.
Hesabat aydın şəkildə göstərir ki, “postinqilabi nailiyyətlər” sistemli dəyişikliklərin nəticəsi yox, qısamüddətli eyforiyanın nəticəsi olub. 2018-2019-cu illərdə qeydə alınmış müəyyən müsbət dəyişikliklər nəinki möhkəmlənməyib, sonrakı illərdə mühüm istiqamətlər üzrə nəzərəçarpan geriləmə ilə əvəzlənib.
Ən narahatedici mənzərə “Siyasi sabitlik və zorakılığın olmaması” (Political Stability and Absence of Violence) göstəricisindədir: əgər 2019-cu ildə göstərici kifayət qədər yüksək idisə, 2024-cü ildə kəskin azalma qeydə alınıb. Üstəlik, 2024-cü ilin dəyərindən daha aşağı göstərici sonuncu dəfə 2000-ci ildə olub”, - deyə müəllif bildirib.
Nəşr xatırladıb ki, hakim siyasi qüvvənin bütün təbliğat diskursu “keçmişlər”, “əvvəlki qaydalara qayıdış olmayacaq” tezisi üzərində qurulub.
“Halbuki onlar “keçmişlər”lə müqayisədə idarəetmə effektivliyinin daha aşağı səviyyəsi ilə öz idarəetmə metodları vasitəsilə tədricən həmin keçmişə qayıdırlar.
“Hökumətin effektivliyi” (Government Effectiveness) göstəricisi halında mənzərə daha ifadəlidir: hazırkı hakimiyyətin hakimiyyətdə olduğu illərdə qeydə alınmış ən yüksək nəticə (2018-ci il) əvvəlki hakimiyyət illərinin dəyərlərindən yalnız 2008-ci ili üstələyir, 2024-cü il səviyyəsindən daha aşağı nəticə isə əvvəlki hakimiyyətin heç bir ilində olmayıb. Başqa sözlə, “Vətəndaş Müqaviləsi” hakimiyyəti illərinin ən yaxşı nəticəsi əvvəlki hakimiyyətin ən aşağı göstəricilərindən birini güclə üstələyir.
“Tənzimləmə keyfiyyəti” (Regulatory Quality) göstəricisi üzrə 2004-cü ildən bəri ciddi dəyişiklik qeydə alınmayıb, 2024-cü ilin dəyəri isə əvvəlki hakimiyyət illərindən yalnız 2014-cü ilin səviyyəsini üstələyir, o da cüzi şəkildə üstələyir. Yəni iki onillik ərzində demək olar dəyişməz qalan bu göstərici hazırkı hakimiyyət dövründə heç bir dönüş qeydə almayıb və bu, səsləndirilən vədlərdən asılı olmayaraq, sistemli islahatların olmadığını göstərir.
“Vətəndaşların səsi və hesabatlılıq” (Voice and Accountability) göstəricisinə gəlincə, o, 2018-ci ildə kəskin artıb və öz maksimum dəyərini alıb, lakin sonrakı illərdə azalıb”, - deyə müəllif qeyd edib.
Nəşr bildirib ki, göstəricinin 2024-cü il dəyəri hələ də 2017-ci il səviyyəsindən yüksək olsa da, son illərin dəyərləri də ilkin eyforiyanın uzun müddət qorunmadığını göstərir.
“Yəqin ki, bu, Nikol Paşinyanın idarəçiliyinin ən danışan siyasi qiymətləndirməsidir. Nəticədə bu gün artıq aydındır ki, vəd edilmiş demokratik keyfiyyət sıçrayışı geriləməyə çevrilib, ictimai etimad isə hakimiyyət tərəfindən tükədilən resursa dönüb.
Beləliklə, sadə, lakin siyasi baxımdan mühüm nəticə formalaşır: 2018-2019-cu illərdəki dəyişikliklərdən sonra vəd edilən sistemli dönüş baş tutmayıb”, - deyə məqalədə vurğulanıb.
Nəşr yazıb ki, hakimiyyətin elan etdiyi “yeni Ermənistan” bəyanatlar səviyyəsində qalıb, real idarəetmə göstəriciləri isə bunun əksini, yəni idarəetmənin deqradasiyasını, institusional zəifləməni və uzunmüddətli inkişaf gündəliyinin olmamasını göstərir.
“Üstəlik, “inqilabi” mandat idarəetmə boşluqlarına sonsuzadək bəraət kimi xidmət edə bilməz. Bu şəraitdə “firavanlıq” barədə vədlər səxavətlə vermək artıq optimizm deyil, reallıqdan qopmuş siyasi manipulyasiyadır. Və ən mühüm sual ortaya çıxır: bütün bu mənzərə, uğursuz vədlər və israf edilmiş ictimai etimad şəraitində xalq niyə bu eyni qüvvəyə yenidən hakimiyyəti etibar etməlidir?”, - deyə məqalədə bildirilib.
Alpər Mövludoğlu
Ordu.az