Büdcə rəqəmləri və real borc yükü: Ermənistan iqtisadi modelinin ikiüzlü mənzərəsi

2026/04/1777269700.jpg
Oxunub: 326     13:59     01 May 2026    
“Son illərdə büdcənin vergi gəlirlərini xeyli artırdıqları ilə öyünürlər. Bu yaxınlarda parlamentdə hökumətin beşillik fəaliyyət proqramının ötənilki hesabatının təqdimatı zamanı Nikol Paşinyan da özündən razı şəkildə bəyan edirdi ki, 2025-ci ildə dövlət büdcəsinin vergi gəlirləri 2017-ci ilin göstəricisindən 2,3 dəfə çoxdur: 1 trilyon 648 milyard dram və ya 4,3 milyard dollar daha çox vergi toplamışıq”.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “168.am” nəşri “Vergilərin inanılmaz artımından danışırlar, amma 1 gündə yarım milyard dollardan çox kredit götürürlər” başlıqlı məqaləsində yazıb.

“Çox yaxşı, əgər belədirsə, bəs bu pullar hara gedir ki, hökumət 1 gün ərzində yarım milyard dollardan çox kredit götürür?

4,3 milyard Ermənistan üçün böyük məbləğdir. Amma bir çox hallarda bu pulların hara getdiyi, nəyə xərcləndiyi və xüsusilə vətəndaşa nə verdiyi belə məlum olmur.

Əgər büdcə gəlirləri bu qədər artıbsa, niyə kreditlərlə həyata keçirdikləri və ölkəni bu qədər qeyri-mütənasib yüksək maliyyə yükü altına saldıqları proqramları həmin vəsaitlər hesabına həyata keçirmirlər? Demək olar ki, 4 dəfə daha qısa müddətdə dövlət borcunu iki dəfədən çox artırıblar. Təxminən 8 milyard dollar artırıblar, amma bununla da kifayətlənmirlər. Böyük sürətlə və böyük həcmdə kredit götürməyə davam edirlər”, - deyə nəşr bildirib.

Məqalədə qeyd edilib ki, bu günlərdə hökumət 1 gündə cəmi 2 kredit sazişi ilə növbəti iri kredit vəsaitlərini cəlb etməyə qərar verib.

“Sazişlərdən biri Asiya İnkişaf Bankı, digəri isə Beynəlxalq Yenidənqurma və İnkişaf Bankı ilədir. Asiya İnkişaf Bankından 293 milyon dollar, Beynəlxalq Yenidənqurma və İnkişaf Bankından isə 264,4 milyon dollar kredit götürməyə hazırlaşırlar. Ümumilikdə söhbət 557 milyon dollardan çox məbləğdən gedir. Təkcə bu 2 sazişlə yarım milyard dollardan çox kredit götürürlər.

Asiya İnkişaf Bankının 293 milyon dolları ilə guya seysmik dayanıqlı məktəblər tikməyi planlaşdırırlar. Söhbət 50 məktəbdən gedir”, - deyə müəllif yazıb.

Nəşrə görə, bu, bir daha göstərir ki, bu qədər istismar etdikləri məktəb tikintisi proqramını da kreditlərlə həyata keçirirlər.

“Nikol Paşinyan vergiləri 4,3 milyard dollar artırmaqdan danışır, amma məktəb tikmək üçün 293 milyon dollar kredit götürürlər. Diqqətçəkən məqam odur ki, bəzən həmin kreditlər kommersiya kreditlərindən heç nə ilə fərqlənmir.

Beynəlxalq Yenidənqurma və İnkişaf Bankının 264,4 milyon dolları isə köç etmiş şəxslərin mənzil təminatı probleminin həlli üçün götürülüb. Sazişin əsaslandırmasında yazıblar ki, vəsait çərçivəsində təxminən 109 min (könüllü-red.) köç etmiş şəxs üçün uzunmüddətli mənzil həlləri təmin etmək nəzərdə tutulur.

Söhbət kreditdən gedir, amma elə təqdim edirlər ki, sanki qrantla işimiz var. Düzdür, həmin kreditdə qrant komponenti var, lakin bu, məbləğin yalnız kiçik bir hissəsidir.

264,4 milyon dollardan 240 milyonu kreditdir, cəmi 24,4 milyonu isə qrantdır. Hökumət bu vəsaiti köç etmiş şəxslərin mənzil təminatı proqramını həyata keçirmək üçün götürür. Yenə eyni sual yaranır: büdcə gəlirlərini 4,3 milyard dollar artırıblarsa, niyə kreditlə? Axı həmin 4,3 milyarddan 264,4 milyon dollar ayırıb köç etmiş şəxslərin mənzil təminatı problemini həll edə bilərdilər.

Xüsusilə də bu proqramı birdən-birə, bir il ərzində deyil, illər ərzində həyata keçirməyi nəzərdə tuturlar.

Dövlət büdcəsinin vergi gəlirləri hələ Nikol Paşinyanın dediyi kimi 4,3 milyard dollar artmamış və “Qarabağ”ı (ləğv edilmiş qondarma qurum-red.) hələ məhv etməmişdilərsə də, Ermənistan hər il “Qarabağ”a faizsiz kredit şəklində 130-140 milyard drama qədər yardım ayırırdı. Artıq çoxdan belə yardıma ehtiyac yoxdur, çünki “Qarabağ” da yoxdur və həmin vəsaitlər büdcədə qalır.

Niyə hökumət vaxtilə “Qarabağ”a ayrılan həmin vəsaitlər hesabına köç etmiş şəxslərin mənzil təminatı proqramını həyata keçirmir ki, bunun üçün hələ üstəlik 264,4 milyon dollar kredit də götürür?”, - deyə nəşr bildirib.

Müəllif qeyd edib ki, həmin məbləğ çərçivəsində rahatlıqla yerləşə bilərdilər və heç bir kreditə də ehtiyac olmazdı.

“Nəhayət, söhbət həmin 264,4 milyon dollarlıq kreditdən daha böyük məbləğdən gedir. Əgər vaxtilə faizsiz kredit şəklində “Qarabağ”a ayrılan maliyyə yardımını xarici valyutaya çevirsək, ildə ən azı 350 milyon dollar alınar. Bu, cəlb edilən kreditdən müqayisəolunmaz dərəcədə böyük məbləğdir.

Amma bunun əvəzində hökumət qərara alıb ki, köç etmiş şəxslərin mənzil təminatı problemini kreditlərlə həll etməlidir. Beləliklə, dövləti borclar içində basdırmaqla bağlı öz zərərli siyasətlərini əsaslandırmaq üçün daha bir fürsət əldə edəcəklər. Son vaxtlar milyardlarla yığılan dövlət borclarını silah-sursat alınmasına “yazmağa” necə çalışdıqlarını görürük.

Bundan başqa, bununla köç etmiş şəxsləri də “borc altında” qoyacaqlar. Məhz bu məqsədlə də bu kredit sazişi barədə indi elan edirlər ki, seçkilər ərəfəsində onları razı salsınlar.

Bundan əvvəl də, məlum olduğu kimi, bəzi kateqoriyalar üçün mənzil təminatı proqramının kompensasiyalarını artırmağa qərar verdilər. İki ildir insanlar etiraz edirdilər ki, hökumətin təklif etdiyi məbləğlərlə nə İrəvanda, nə də İrəvandan kənarda mənzil almaq mümkündür, mənzillər ayrılan vəsaitdən müqayisəolunmaz dərəcədə bahadır, amma eşidən yox idi. O vaxt seçkilərin nəfəsi hələ hiss olunmurdu, köç etmiş şəxsləri razı salmaq problemi yox idi.

Seçkilər yaxınlaşdı, köç etmiş şəxsləri də xatırladılar”, - deyə məqalədə bildirilib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Vergi  


Bizi "telegram"da izləyin