Ordu.az xəbər verir ki, bunu Ermənistanın keçmiş Baş naziri Hrant Baqratyan deyib.
Onun sözlərinə görə, bu seçkilərdə böyük boz kardinal hələ qərar verməmiş 50 faiz seçici kütləsidir.
“Paşinyan qorxur ki, son günlərdə bunların hamısı ona qarşı çevriləcək, gedib səs verəcəklər. O, yüksək iştirakdan qorxur. Siyasi qüvvələr baxışlarını ifadə etmək üçün mübarizə aparmırlar. Bir qüvvə çalışır ki, az adam seçkiyə getsin və yalnız onun tərəfdarları səs versin, digər qüvvələr isə çox adamın seçkiyə getməsi üçün çalışırlar.
İştirak göstəricisi bu seçkilərin əsas mövzusu olacaq. Bütün qanunları pozaraq Paşinyan bu gün yenidən hakimiyyətdə qalmağa çalışır. Müxalifətin vəzifəsi izah etmək olmalıdır ki, əgər o, yenidən hakimiyyətə gəlsə, bundan sonra Ermənistan olmayacaq, amma Paşinyan şəxsi olaraq xilas olacaq. Çünki seçildikdən sonra o, əlbəttə ki, Ermənistanı tamamilə Azərbaycana və Türkiyəyə təhvil verəcək”, - deyə erməni siyasi xadim bildirib.
Baqratyan qeyd edib ki, Paşinyan Ermənistan parlamentinin sədri Alen Simonyanın Azərbaycana qarşı olan açıqlamasından sonra zəng edib sərt sözlər deyib.
“Əminliklə demək olar ki, Paşinyan bundan sonra ona zəng edib sərt sözlər deyib ki, niyə belə şeylər danışırsan, ümid ver ki, hər şey yaxşıdır. Heç nə yaxşı deyil. Sülh sözünü yazıb, ürək şəkli çəkib, amma müqavilə yoxdur. Əgər hansısa möcüzə ilə imzalansa belə, orada Ermənistanın ərazi bütövlüyü baxımından heç bir təminat yoxdur”, - deyə Baqratyan vurğulayıb.
Erməni müxalif siyasətçinin fikrincə, hazırda açıq müxalifətdə olan, yəni Paşinyanı hakimiyyətdən uzaqlaşdırmaq və hakimiyyətə gəldikdən sonra onu cəzalandırmaqdan danışan iki qüvvə var.
“Bunlar Samvel Karapetyanın “Güclü Ermənistan”ı və Robert Köçəryanın “Hayastan” blokudur. Digər qüvvələr bundan danışmırlar.
Məsələn, bir qüvvə deyir ki, elə edəcəyik ki, hamımıza yaxşı olsun. Amma bu siyasi yanaşma deyil. Siyasi qüvvə seçkiyə qatılıb deyə bilərmi ki, elə edəcəyik ki, hamımıza pis olsun? Bəlkə də “Vətəndaş Müqaviləsi” partiyasına təşəkkür etmək lazımdır ki, yalan vədlər yoxdur və nə deyirlərsə, edəcəklər. Bu şəraitdə, ölkəni təhlükəsizlik sistemindən çıxardıqları, rəqibimizin isə təhlükəsizlik sistemində olduğu vaxt hansı sülhdən söhbət gedə bilər? Dünyada sülh olmur.
Əgər iki qonşu ölkədən biri zəif, digəri güclüdürsə, səni kim qoruyacaq? Makron yaxınlarda bəyan etdi ki, Ermənistan üçün heç nə etməyəcəklər. Ona təşəkkür etməliyik, çünki o, yüz il əvvəl Kilikiyanın ermənilərinə dövlət vədləri verən Klemansodan fərqli olaraq açıq deyir ki, aldanmayın. Onun Türkiyə ilə elə problemləri var ki, heç vaxt Ermənistan barədə layiqli bəyanat verməyə belə imkan tapmayacaq”, - deyə Baqratyan bildirib.
Alpər Mövludoğlu
Ordu.az