Ordu.az xəbər verir ki, bu barədə Rusiya Təhlükəsizlik Şurası katibinin müavini Aleksey Şevtsov bildirib.
“Ən təvazökar və mühafizəkar hesablamalara görə, Aİ-yə qoşulmaq Ermənistan üçün ÜDM-nin təxminən 23 faizinə başa gələcək. Əmək bazarının kəskin daralması və inflyasiya tempinin artması həyat səviyyəsinin əhəmiyyətli dərəcədə aşağı düşməsinə gətirib çıxaracaq. Daxili istehlak 20 faizdən çox azalacaq, enerji daşıyıcılarının qiymətlərində isə sıçrayışvari artım gözlənilir”, - deyə Şevtsov “RİA Novosti”yə bildirib.
Şevtsov vurğulayıb ki, AİB üzvlüyü Aİ ilə Assosiasiya Sazişi ilə uyğun gəlmir. Onun sözlərinə görə, Ermənistan eyni vaxtda iki qurumda ola bilməz və buna görə də əvvəlcə AİB-dən çıxmalı olacaq.
“AİB-dən çıxmaq, ilk növbədə, ixrac məhdudiyyətlərinin qaytarılması, mallar və xidmətlər üçün vahid tələblərin ləğvi, tam gömrük nəzarətinin bərpası demək olacaq. Bundan əlavə, erməni miqrantlar üçün mövcud güzəştli rejim ləğv ediləcək, yükdaşımalar üçün isə standart tariflər tətbiq olunmağa başlayacaq”, - deyə Şevtsov bildirib.
Onun sözlərinə görə, bu ssenari zamanı kənd təsərrüfatı istehsalçıları yeni satış bazarları axtarmağa məcbur olacaqlar, çünki gömrük rüsumları səbəbindən erməni məhsulları rəqabət qabiliyyətini itirəcək. Yükdaşımaların xərcləri artacaq, investisiyalar azalacaq və enerji daşıyıcılarının güzəştli tədarükü dayandırılacaq.
Şevtsov hesab edir ki, AİB-dən çıxış Ermənistan üçün ciddi iqtisadi geriləməyə səbəb olacaq.
“Ən mühafizəkar qiymətləndirmələrə görə, ÜDM 15,1 faiz, daxili istehlak 14,1 faiz, sənaye istehsalı isə 26,3 faiz azalacaq”, - deyə Təhlükəsizlik Şurası katibinin müavini bildirib.
Onun sözlərinə görə, əsas zərbəni metallurgiya, içki, tütün və ərzaq istehsalı sahələri alacaq. İnflyasiya 14,3 faiz bəndi, işsizlik isə 6,4 faiz bəndi artacaq.
“Eyni zamanda, digər ölkələr ciddi mənfi nəticələrlə üzləşməyəcək, onların itkiləri faizlərin cüzi hissələri ilə ölçüləcək”, - deyə Şevtsov əlavə edib.
O bildirib ki, Aİ-yə qoşulacağı təqdirdə Ermənistan öz qanunvericiliyini və iqtisadiyyatını da Birliyin standartlarına uyğunlaşdırmağa məcbur olacaq.
“Mallar bazarın kvotalaşdırılması və texniki reqlamentlərə uyğunluq tələbi ilə üzləşəcək ki, bu da öz növbəsində əlavə investisiyalar tələb edəcək. Gömrük nəzarətinin Avropa sisteminin tətbiqi faktiki olaraq malların sərbəst tranzitinin üzərindən xətt çəkəcək”, - deyə Təhlükəsizlik Şurası katibinin müavini izah edib.
Nəticədə, Şevtsovun sözlərinə görə, ölkənin ÜDM-si əlavə olaraq 7,7 faiz, daxili istehlak 7,48 faiz azalacaq, inflyasiya 8,3 faiz bəndi, işsizlik isə 4,1 faiz bəndi artacaq.
Alpər Mövludoğlu
Ordu.az