Agentlik rəhbəri: "Erməni saxtakarlıqları və plagiatçılığının ifşası yönündə mühüm işlər görülüb"

2025/12/fdg45-1765264434.jpg
Oxunub: 286     12:25     22 Aprel 2026    
Erməni saxtakarlıqları və plagiatın ifşası yönündə mühüm işlər həyata keçirilib.

Ordu.az xəbər verir ki, bunu Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri Kamran İmanov "Ümumdünya Kitab və Müəlliflik Hüququ Günü" münasibətilə "Qədim mətnlər və klassik mənbələr erməni saxtakarlıqlarını və uydurmalarını ifşa edir və ya qədim Turan haqqında və Kiçik Asiya ərazilərində prototürk qəbilələri və onların Qafqaz ilə əlaqələri" mövzusunda keçirilən konfrans çərçivəsində jurnalistlərə açıqlamasında deyib.

O qeyd edib ki, bu çərçivədə Azərbaycanın Xalq artisti Elmira Rəhimovanın ifa etdiyi "İntizar" mahnısı (musiqisi bəstəkar Nüşabə Muradovaya, sözləri Südabə Şəfaya məxsusdur) erməni musiqi nümunəsi kimi Artaş Asatryanın ifasında "Ter Hisus Ari" adı altında "YouTube" platformasında yerləşdirilib. Erməni ifaçı özünü söz və musiqi müəllifi kimi təqdim edib.

Əlavə edib ki, Xalq artisti Brilliant Dadaşovanın ifa etdiyi musiqisi bəstəkar Gülər Həsənovaya, sözləri şair Baba Vəziroğluna məxsus olan "Yeni il mahnısı" digər erməni müğənnisi Tiqran Asatryanın ifasında "Qez Hamar" adı ilə "YouTube"da yerləşdirilib. Erməni qarmon ifaçısı Qagik Stepanyan "Bəs nə deyim", "Ay bəri bax", "Niyə yox deyirsən" və "Güman yeri var" Azərbaycan mahnılarının musiqisindən istifadə edərək popuri hazırlayıb "YouTube" yayımlasa da, mahnıların adlarını və müəlliflərini göstərməyib. Həmçinin erməni əsilli Kipr müğənnisi Ovik Dəmirçyan da musiqisi Ələkbər Tağıyevə, sözləri Mikayıl Müşfiqə məxsus olan "Qal, sənə qurban" mahnısını mənimsəyərək erməni mahnısı kimi yunan dilində "Hara gedir" adı altında oxuyub və "YouTube" platformasında yayıb.

K.İmanovun sözlərinə görə, Agentlik tərəfindən görülən tədbirlər nəticəsində növbəti erməni oğurluqlarının qarşısı alınıb, A.Asatrya, T.Asatryan, Q.Stepanyan və O.Dəmirçyanın erməni nümunələri kimi təqdim etdikləri yuxarıda göstərilən ifalar "YouTube" platformasından silinib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Kamran-İmanov   Azərbaycan  


Bizi "telegram"da izləyin