Ermənistanda bahalaşma böhranı: Pensiya artımı qiymət artımına uduzur

2026/04/1776842991.jpg
Oxunub: 494     15:56     22 Aprel 2026    
“2025-ci ilin sonunda benzinin ilk partiyası Ermənistana çatanda hakimiyyət elə səs-küy yaratdı ki, guya yaxın vaxtlarda iqtisadi möcüzə baş verəcək”.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Past” nəşri “Bir az pensiya artırırlar, amma qiymətlər biabırçı dərəcədə yüksəlir” başlıqlı məqaləsində yazıb.

Nəşrə görə, hətta yanvarın əvvəlində bir neçə şirkətin yanacaqdoldurma məntəqələrində benzinin qiymətinin həqiqətən bir qədər enməsi onlar üçün PR baxımından “əla fürsətə” çevrilib.

“Sonra daha bir partiya gələndə, hətta Azərbaycan benzini ilə əlaqəsi olmayan şirkətlər də qiymətləri bir qədər azaltdılar. Bu müddətdə Nikol Paşinyan hətta yanacaqdoldurma məntəqələrinin əməkdaşlarını da “inandırırdı” ki, benzinin qiyməti nəinki artmayıb, hətta azalıb. Amma artıq təxminən bir həftədir Ermənistanda benzinin qiymətləri elə yüksəlib ki, kəskin şəkildə ötən ilin hələ ucuzlaşmamış qiymətlərini belə geridə qoyub.

Amma məsələ təkcə benzin deyil. Onun bahalaşmasını hələ beynəlxalq qiymətlərlə “qablaşdırmaq” olar. Bütün məsələ ondadır ki, ərzaq məhsulları, o cümlədən Ermənistanda istehsal olunanlar kəskin bahalaşıb. Məsələn, ət və tərəvəzin qiyməti əhəmiyyətli dərəcədə artıb. Tərəvəzlə bağlı mövsümi bahalaşma bəhanəsi ciddi görünmür, çünki hətta qışda belə pomidor, xiyar, bibər və göyərti indiki qədər baha olmayıb. Çörək, yumurta və çoxsaylı digər məhsullar da bahalaşıb”, - deyə nəşr bildirib.

Müəllif qeyd edib ki, bir sözlə, hakimiyyət pensiyaların 10 min dram artırılmasını dünyanı silkələyən hadisə kimi təqdim etdiyi vaxt inflyasiya böyük həddə çataraq insanların həyat səviyyəsini daha da ağırlaşdırır.

“Əlbəttə, inflyasiya əvvəlki illərdə də kifayət qədər yüksək və davamlı olub, minimum səbətlə insanların gəlirləri arasındakı fərqi biabırçı həddə çatdırıb, lakin son dövrdə inflyasiyanın tempi sadəcə qorxuludur. Mütəxəssislərin fikrincə, inflyasiya məhz hakimiyyət üçün sərfəlidir, çünki bu, dövlət büdcəsinə əlavə daxilolmalar yaradır. Digər tərəfdən, bahalaşmanın onlara nə aidiyyəti var, məmurların həddindən artıq yüksək gəlirləri var və bahalaşma onlara heç cür təsir etmir”, - deyə müəllif vurğulayıb.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Pensiya  


Bizi "telegram"da izləyin