Alban memarlığının yadigarı Tovuzqala təhlükədə: Tarixi abidə dağılır

2026/04/1776842374.jpg
Oxunub: 440     14:40     22 Aprel 2026    
“Aprelin 19-da “Berdin Mədəniyyət Mərkəzi” təşkilatı internetdə “Tovuzqala məhvin astanasındadır” başlıqlı paylaşım edib”.

Ordu.az xəbər verir ki, bu barədə erməni ictimai xadim Voskan Sarkisyan yazıb.

O qeyd edib ki, paylaşımda deyilib: “Bu gün abidələrin və görməli yerlərin beynəlxalq günüdür. Lakin bu günü təbrik etmək əvəzinə, qəbuledilməz bir reallığı səsləndirməyə məcburuq. İllər əvvəl qala ərazisində aparılmış qazıntılar nəticəsində əsrlər boyu qalanın sabitliyini təmin edən torpaq qatı tamamilə götürüldü. Lakin bundan sonra heç bir ciddi möhkəmləndirmə işi aparılmadı. Nəticə bu gün hamıya görünür: yağışlar, küləklər və iqlim təsirləri qalanın qalıqlarını amansızcasına dağıdır, gözümüzün qarşısında tarixi dəyəri məhv edir. Bu, artıq sadəcə diqqətsizlik deyil. Bu, məsuliyyətsizlikdir. Tovuzqala tariximizin simvollarından biridir və bütün vilayət onun adı ilə adlanır. Bu gün isə həmin simvol taleyin ümidinə buraxılıb. Səlahiyyətli qurumlara sual aydındır: bu fəaliyyətsizlik nə qədər davam edəcək və bu itkiyə görə kim məsuliyyət daşıyacaq?”.

Sarkisyan bildirib ki, həmin paylaşımda Berd bələdiyyəsi, Tavus vilayət bələdiyyəsi, Təhsil, Elm, Mədəniyyət və İdman Nazirliyi, “Tarix-Mədəniyyət Qoruq-Muzeyləri və Tarixi Mühitin Mühafizəsi Xidməti” və başqa qurumlar işarələnib.

“2023-cü ildə Tiqran Aleksanyanın rəhbərliyi ilə Tovuzqalada arxeoloji qazıntılar aparılıb, qiymətli tapıntılar aşkarlanıb, onların bir hissəsi Berd şəhərinin diyarşünaslıq muzeyində yerləşdirilib. Aparılan arxeoloji qazıntılar Tovuzqalanın və qala yamacında yerləşən kiçik Müqəddəs Məryəm kilsəsinin möhkəmləndirilməsi və bərpası layihəsinin hazırlanmasına imkan verib. Layihə üzrə işlərin dəyəri 186 milyon dram müəyyən edilib. 2025-ci il noyabrın 20-də Təhsil, Elm, Mədəniyyət və İdman naziri Janna Andreasyana informasiya sorğusu göndərmişəm: “Nazirlik yaxın vaxtlarda tikinti şirkətləri ilə əməkdaşlıq edərək bu işlər üzrə yeni tender elan etməyi planlaşdırırmı? Tovuzqala və kilsənin bərpası üçün hansı illərdə, neçə dəfə tender elan olunub, bu işlər üçün nəzərdə tutulan 186 milyon dram çətin və yüksək dağlıq ərazidə aparılacaq iri həcmli peşəkar işlər üçün kifayət deyilmi, tenderlərin baş tutmaması bununlamı bağlıdır?”.

Nazirliyin baş katibinin vəzifələrini icra edən Vahram Qasparyanın imzası ilə göndərilən cavabda qeyd olunub: “Ermənistanın Tavuş vilayətinin Berd icmasının Tovuzqalanın qala divarlarının, bitişik tikililərin, kilsənin möhkəmləndirilməsi, bərpası və ərazinin qismən abadlaşdırılması tikinti işləri üçün 2024-cü ildə 4 dəfə, 2025-ci ildə isə daha 4 dəfə tender elan olunub. Həmin tenderlərdə təqdim olunan məbləğ layihə-smeta sənədlərinə uyğun müəyyən edilib. Tenderlərə müraciət daxil olmadığını nəzərə alaraq, nazirlik smetanı yenidən nəzərdən keçirməyi planlaşdırır”.

Layihə və smetanı hazırlayanlar başa düşməyiblərmi ki, bərpa və tikinti işləri elektrik xətti olmayan, su, sement, qum və digər tikinti materiallarının qalaya çatdırılması üçün yüksəkliklərə yol çəkilməsini tələb edən çətin və əlçatmaz dağlıq ərazidə aparılacaq?”, - deyə o qeyd edib.

Sarkisyan vurğulayıb ki, qalanın və kilsənin bərpası adi obyekt tikintisi deyil, peşəkar işdir, buna görə də tarixi və mədəni abidələrin bərpası üzrə ixtisaslaşmış təşkilatlarla məsləhətləşmək lazım idi.

“3 il əvvəl qazıntılar aparılıb, bundan sonra isə qala tikililərinin uçmaması üçün möhkəmləndirmə işləri görülməli idi. Nazirlikdəki mənbədən öyrəndim ki, qurum proqramın smetasını artırmağı planlaşdırır: Tovuzqalanın və qala yamacında yerləşən kiçik Müqəddəs Məryəm kilsəsinin möhkəmləndirilməsi və bərpası üçün əvvəlcədən nəzərdə tutulan 186 milyon dram üzərinə əlavə 70-80 milyon dram artırılacaq və yeni tender elan ediləcək. Lakin qala gözləmir, zaman keçdikcə dağılır.

Nazirlikdən bildiriblər ki, Tavusun Berd qalasının bərpası işlərinin həyata keçirilməsi məqsədilə yeni tenderin aprelin sonu-mayın əvvəli dövründə elan olunması planlaşdırılır. Layihənin smeta dəyəri təxminən 287,7 milyon dram təşkil edir”, - deyə o qeyd edib.

Xatırladaq ki, Tovuzqala sıldırım qayalı təpənin üzərində yerləşən orta əsr istehkamıdır. Qala həm memarlıq quruluşu, həm də strateji mövqeyi ilə bölgənin ən əhəmiyyətli müdafiə nöqtələrindən biri hesab olunur. Qalanın adı yazılı mənbələrdə ilk dəfə X əsrin əvvəllərində çəkilir. Lakin bəzi tədqiqatçılar onun daha qədim, hətta III əsrə (albanlar və hunlar dövrünə) aid kökləri olduğunu ehtimal edirlər. "Alban tarixi" əsərində də 827-ci ilə aid hadisələrlə bağlı qalanın adı xatırlanır.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Tovuzqala   Sarkisyan  


Bizi "telegram"da izləyin