ABŞ-də hərbi baza ziyarəti zamanı təyyarələri fotoşəkilə çəkən çinli tələbə saxlanılıb

2026/04/1776796346.jpg
Oxunub: 536     22:23     21 Aprel 2026    
ABŞ-də çinli bir tələbənin həyata keçirdiyi təyyarə müşahidəsi səfəri təhlükəsizlik həssaslığı səbəbindən hüquqi prosesə çevrilib.

Ordu.az xəbər verir ki, Şotlandiyadakı Qlazqo Universitetində aviasiya mühəndisliyi təhsili alan 21 yaşlı Tianrui Lianq Nebraska ştatındakı “Offutt” Hava Bazasına səfərindən sonra Nyu-Yorkdakı JFK hava limanında FBI tərəfindən saxlanılıb.

Lianqın ABŞ Hərbi Hava Qüvvələrinə məxsus E-4B “Nightwatch” və müxtəlif RC-135 kəşfiyyat təyyarələrini görüntüləmək məqsədilə baza ətrafında foto çəkdiyi bildirilib. Bundan başqa, onun daha əvvəl Cənubi Dakota ştatındakı “Ellsworth” Hava Bazasına gedərək B-1B “Lancer” bombardmançılarını müşahidə etməyə çalışdığı qeyd olunub.

Rəsmilər açıqlayıblar ki, Liang barəsində ABŞ qanunlarına əsasən hərbi obyektlərin icazəsiz şəkildə görüntülənməsini qadağan edən tənzimləməni pozduğu üçün tədbir görülüb. Sözügedən qanun hərbi bazaların və kritik avadanlıqların fotoşəkilə çəkilməsini komandanlığın icazəsinə bağlamağı nəzərdə tutur.

Hadisənin arxa planında tələbənin təyyarə müşahidəçiliyi fəaliyyəti üçün internet saytlarından məkan məlumatları əldə etdiyi və ABŞ-yə Kanada üzərindən daxil olaraq müxtəlif ştatlarda səyahət etdiyi məlumatı yer alıb.

Mütəxəssislər bildirirlər ki, təyyarə müşahidəçiliyi bütün dünyada geniş yayılmış hobbi olsa da, xüsusilə hərbi obyektlərdən söhbət gedəndə təhlükəsizlik həssaslığı artır. “Offutt” Hava Bazasının eyni zamanda ABŞ Strateji Komandanlığına (STRATCOM) ev sahibliyi etməsi hadisənin ciddiliyini artıran amillər arasında göstərilir.

Məhkəmə prosesində ilkin mərhələdə girov qarşılığında azadlığa buraxılan Lianq “qaçma riski” əsas gətirilərək yenidən saxlanılıb. Hadisənin xüsusilə İranla davam edən gərginlik və artan təhlükəsizlik tədbirləri kontekstində qiymətləndirildiyi bildirilir.

Son dövrdə ABŞ-də xarici təyyarə müşahidəçilərinə qarşı daha sərt tədbirlərin tətbiq olunduğu, bəzi ziyarətçilərin sorğu-sual edildiyi və ya səyahət icazələrinin ləğv edildiyi də qeyd olunur.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Çinli-tələbə  


Bizi "telegram"da izləyin